Hakim olmaq üçün 30 yaş tələbi götürülür - hüquqşünasların fikirləri haçalanır
Tarix: 22-02-2024, 11:17
Baxılıb: 56
Google+ Paylaş
Tumblr Paylaş

Hakim olmaq üçün 30 yaş tələbi götürülür - hüquqşünasların fikirləri haçalanır

22-02-2024, 11:17

Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanuna təklif edilən dəyişiklikdə yaş senzi aradan qaldırılır. 
Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola biləcəklər.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.
Ancaq hüquqşünasların bununla bağlı fikirləri birmənalı deyil. Dövlət adından hökm, qərar, qətnamə çıxaran şəxsin kifayət qədər böyük təcrübəyə malik olmasının vacibliyi vurğulanır, önə çəkilir. 
Xatırladaq ki, 2023-cü il iyulun 25-də Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsinin hakimlərinə aid yaş senzi ilə bağlı məhdudiyyət aradan qaldırılıb. Dəyişikliklər mövcud normaların qanunvericilik sisteminə uyğunlaşdırılması və təkmilləşdirməsi məqsədilə hazırlanıb.
Qanunun 11.1-ci maddəsindən yaşı 30-dan aşağı olmayan sözləri çıxarılıb.
32-ci və 34-cü maddələrdəki dəyişikliklər Konstitusiya Məhkəməsi tərəfindən sorğu və şikayətlərə baxılması şərtlərinin dəqiqləşdirilməsini, 35-ci maddəyə edilən dəyişiklik isə Konstitusiya Məhkəməsinə verilən sorğu, müraciət və ya şikayətlərə qoşulan sənədlərin siyahısına sorğu və müraciətlərlə əlaqədar şərh edilməsi xahiş olunan normativ hüquqi aktın surətinin əlavə edilməsini nəzərdə tutur.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) sorğusuna Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına barəsində sorğu verilən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına uyğun olmayan normativ hüquqi akta əsaslandığı hallarda yol verilir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair şikayətə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına barəsində şikayət edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına uyğun olmayan normativ hüquqi akta əsaslandığı hallarda yol verilir.
Qeyd edək ki, qanunun bundan əvvəlki variantına əsasən Konstitusiyanın 126-cı maddəsinin I hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan vətəndaşı Konstitusiya Məhkəməsinin hakimi ola bilərdi.
Konstitusiyanın 126-cı maddəsinin II hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinin hakimləri heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, əmək haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.
Qeyd edək ki, Gürcüstanda hakim olmaq üçün minimal yaş limiti 30, Rusiyada isə 25 yaşdır. Qardaş ölkə Türkiyədə hakim olmazdan əvvəl 3 illik hakim köməkçiliyi müddəti keçmək lazımdır ki, köməkçi olmaq üçün yaş limiti 35 yaşdan aşağıdır. Hakimlik dərəcələri isə 2 ildən bir artırılır.
Əkrəm Həsənov: “Kommersiya məhkəmələri çox xeyirli olacaq”
Əkrəm Həsənov: “18 yaşından etibarən hər kəs dövlət başçısı, deputat ola bilərsə, nəyə görə 25 yaşında hakim olmasın?”
Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a şərhində sözügedən dəyişikliyin lehinə olduğunu bildirdi: “Azərbaycanda 2016-cı ildə konstitusiyaya dəyişiklik edəndə əksər vəzifələr üçün yaş senzini götürdülər, yalnız hakimlər qalmışdı. Ardıcıllıq nöqteyi-nəzərdən bu lazımlı addımdır. Staj məsələsini nəzərə almaq lazımdır. Hakim vəzifəsinə ali hüquqi təhsili olan şəxs təyin oluna bilər. Bu da o deməkdir ki, insan ən tezi 20 yaşında ali hüquq təhsili əldə etməyə başlayır, bundan sonra 5 il də stajı olmalıdır. Belə çıxır ki, əgər 25 yaşından tez mümkün deyilsə, 30 yaşa qədər 5 yaş fərq var. Buna görə də mən yaş məsələsində elə də problem görmürəm. Qanunvericiliyə görə, 18 yaşından etibarən hər kəs dövlət başçısı, deputat ola bilərsə, nəyə görə 25 yaşında hakim olmasın? Düşünürəm ki, sırf yaş məsələsində heç bir problem yoxdur”.
Ə.Həsənovun fikrincə, əsas problemlərdən biri bəzi hüquqşünasların hələ tələbə dövründə işləməyə başlamasıdır: “Hesab edirəm ki, tələbə dövründə qazanılan stajı tanımaq olmaz. Axı o, hələ tələbədir. Heç olmasa, 5 illik hüquq stajı dedikdə diplomu əldə etdikdən sonrakı dövr nəzərə alınmalıdır. Buna baxmayaraq, əmək kitabçasında hüquqşünas yazılanlar var. Bu kimi halların qarşısını almaq şərtilə yaş senzinin əleyhinə deyiləm. O ki qaldı hakimlərin daha təcrübəli olması məsələsinə, təbii ki, gənc insanlar daha çılğın, emosionaldır. Ən müasir elmi tədqiqatlar göstərir ki, faktiki yetkinlik yaşı elə 25 yaşdır. Qanunda 18 yaş yazılsa da, bioloji baxımdan yeniyetməlik dövrü məhz 25 yaşında bitir. Əvvəlki kimi tez bitmir. Bunun xeyli səbəbi var: fizioloji, psixoloji və s. Əslində bu aydın görünür. Təxminən 20-30 il əvvəl 20 yaşında gənc kifayət qədər yetkin idi.  Hazırda isə 22 yaşında gənclərin hələ də böyümədiyini görürük. Bu reallıq bütün dünyada nəzərə çarpır. Azərbaycan nümunəsində 25, ya 30 yaş arasında elə də çox fərq yoxdur. Dünya təcrübəsində gənc yaşında kifayət qədər bilikli, savadlı hakimlər olub. Yaşlı hakimlər arasında da fəaliyyəti uğurlu olmayanlar var”. 
Xəyal Bəşirova İMZA-da vəzifə verildi
Xəyal Bəşirov: “Taleyüklü qərarlar vermək üçün hakimlər kifayət qədər təcrübəyə sahib olmalıdır”
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov isə “Yeni Müsavat”a açıqlamasında 30 yaş senzinin aradan qaldırılmasının o qədər də uğurlu qərar olmadığını qeyd etdi: “Dünya təcrübəsində hakimlər üçün 30 yaş senzi tətbiq olunur. Hüquqşünas ixtisasına malik olub müxtəlif istiqamətlərdə- polis, prokurorluq və s. sahədə  fəaliyyət göstərən şəxslər var. Amma hakimlik elə sahədir ki, insanın, onun mülkiyyətinin taleyi həll olunur, yəni taleyüklü qərarlar verməlidir. Bu cür qərarlar vermək üçün hakimlər kifayət qədər təcrübəyə, düşüncəyə və bir sıra digər göstəricilərə sahib olmalıdırlar. Dəyişikliyə əsasən, 5 ildən artıq işləyən şəxslər hakim ola biləcəklər. Axı ali hüquq təhsilinə malik olan kimi təcrübə yığmağa başlamaq olar. Elə hüquqşünas var ki, 4 il təcrübə ilə hakimlik imtahanına qəbul edilir. İmtahan mərhələlərini keçənə qədər 5 il tamam olur. Belə olan halda 25 yaşında hakim təyin oluna bilər. Bu isə insanların müqəddəratını həll etmək üçün kifayət qədər yaş deyil. Hesab edirəm ki, 30 yaş tələbinin ləğv olunması özünü doğrultmayacaq”.
X.Bəşirov düşünür ki, hakimlərin şəxsi keyfiyyətləri də yoxlanmalıdır: “Bəzən hakimlərin adları müxtəlif cinayətlərin törədilməsi, qanuna və hüquqazidd əməllər, xoşagəlməz hallarda hallanır. Bu da birbaşa şəxsi keyfiyyətlərlə bağlı problemlərdən irəli gəlir. Təəssüf ki, Azərbaycanda hakimlərin şəxsi keyfiyyətləri yoxlanılmır. Bir çox halda hakimlərin əksəriyyətinin ailə məsələlərində problemlər yaşadığını görürük. Bu o demək deyil ki, ailə quran şəxs müdrikdir, təcrübəlidir. Amma ailə qurmayan, yaxud bir neçə dəfə boşanmış şəxslərin hakim təyin olunmasına yol verilir. Bu da ondan irəli gəlir ki, araşdırma aparılmır. Dünyada hakimlərin şəxsi keyfiyyətlərinin ciddi şəkildə yoxlandığı ölkələr var. Fikrimcə, hakimliyə namizədlər üçün nəzərdə tutulan imtahan mərhələlərindən, yaxud yoxlamalardan biri şəxsi keyfiyyətlərlə bağlı olmalıdır. Hakim statusu cəmiyyətdə ən önəmli statuslardan biri olduğu üçün bu dəyişikliklərin olması daha məqsədəuyğun olar”


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ