Artıq dünya dövlətləri də görür ki, Azərbaycan baş verən iqtisadi proseslərin mərkəzində yer almalıdır - RƏY
Tarix: 22-02-2024, 11:15
Baxılıb: 49
Google+ Paylaş
Tumblr Paylaş

Artıq dünya dövlətləri də görür ki, Azərbaycan baş verən iqtisadi proseslərin mərkəzində yer almalıdır - RƏY

22-02-2024, 11:15

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır. Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin Azərbaycan Prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşləri ölkənin beynəlxalq nüfuzundan xəbər verir.
reportyor.org xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında iştirakı, keçirdiyi görüşlər bunu bir daha təsdiq edir.
V.İskəndərov bildirib ki, konfrans çərçivəsində Prezident İlham Əliyevlə görüşlər haqqında müraciətlərin və görüşlərin intensivliyi Azərbaycan Prezidentinin yüksək nüfuzunun, onun şəxsiyyətinə olan böyük hörmət və diqqətin göstəricisidir.
“Ümumiyyətlə, biz konfrans çərçivəsində Azərbaycan dövlət başçısının qrafikinə baxdıqda mövcud intensivliyi Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayının həddən artıq olması ilə izah edə bilərik. Buraya dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, özəl sektorun nümayəndələri daxildir”, - deyə deputat bildirib.
V.İskəndərovun sözlərinə görə, bu maraq və istək təbiidir.
“Əvvəla ona görə ki, Azərbaycan uğurlu və milli maraqlara əsaslanan xarici siyasəti ilə fərqlənir. Bizimlə kimsə şərt, yaxud güc dili ilə danşa bilməz. Amma Azərbaycan həm də etibarlı tərəfdaşdır. İqtisadi əməkdaşlıq, xüsusilə enerji sahəsində əməkdaşlıq zamanı heçvaxt siyasi məsələləri önə çəkmir. Bütün bunların fonunda xüsusilə qlobal səviyyədə iqtisadi mənzərənin yenidən formalaşmasını da diqqətdən qaçırmaq olmaz. Yəni artıq dünya dövlətləri də görür ki, Azərbaycan dünyada baş verən iqtisadi proseslərin müəyyən qədər mərkəzində yer almalıdır”.
Deputat vurğulayıb ki, digər tərəfdən, COP29 və Azərbaycanın ev sahibliyi etdiyi və edəcəyi digər qlobal tədbirlər ölkəmizin dünyada nüfuzunun artdığını göstərir:
“Prezident İlham Əliyevin də andiçmə mərasimində qeyd etdiyi kimi, Azərbaycan artıq lokal səviyyədə fəaliyyət göstərən dövlət deyil, dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, dünyada qlobal problemlərin həllində fəal iştirak edən və buna əməli töhfələr verən ölkə kimi qəbul olunur. Heç şübhəsiz, bu nüfuzun formalaşmasının əhəmiyyətli tarixçəsi də var. Azərbaycan Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə ölkəmiz dünyanın müxtəlif regionlarını bir araya gətirdi və konsensusu inkişaf etdirdi.
İndi isə Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşır. Diqqətə çatdırım ki, COP29 dünyanın gündəliyində dayanan, ən mühüm problemin həllinə həsr olunan qlobal tədbirdir. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsinin dünya ölkələri tərəfindən dəstəklənməsi Azərbaycanın effektiv, çoxtərəfli danışıqlar aparmaq, dünyanın ayrı-ayrı regionlarında fərqli baxışları bir araya gətirmək, konsensus əldə etmək, qlobal problemlərin həllinə töhfə vermək bacarığının və güclü potensialına olan inamın nəticəsidir. Azərbaycanın bu bacarığı, əzmi dünya ictimaiyyəti tərəfindən təqdir olunur”, - deyə o əlavə edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ