“Azadlıq radiosu”nun Bakıdakı “erməni xidməti” - FAKTLAR
Tarix: 3-02-2024, 15:49
Baxılıb: 41
Google+ Paylaş
Tumblr Paylaş

“Azadlıq radiosu”nun Bakıdakı “erməni xidməti” - FAKTLAR

3-02-2024, 15:49

“Azadlıq radiosu”nun əsas “iş prinsipi”ndə “qərəzsizlik, vicdanlılıq, şəxsi maraqlara xidmət etməmək və hansısa şəxsə, yaxud quruma qarşı ayrıseçkiliyə yol verməmək” kimi bəzəkli cümlələr yazılsa da, ABŞ hökuməti tərəfindən rəsmi şəkildə maliyyələşən bu media orqanının bəhs etdikləri prinsiplərinin yalnız kağız üzərində olduğu və el dili ilə desək, “hansı məzhəbə qulluq etdiyi” sirr deyil, xüsusilə Azərbaycan cəmiyyəti bu sirdən çoxdan agahdır. Çünki dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən “Azadlıq radiosu” ən çox Azərbaycana münasibətdə özünü “ələ verir”.

Radionun Azərbaycan xidmətinin informasiya siyasətinə nəzər yetirmək “iş prinsipləri” adlandırdıqları bütün nəsnələri bir kənara atdıqlarını görməyə kifayət edir: qərəz var, təkcə şəxsi yox, qrup, hətta ikinci, üçüncü ölkələrin maraqlarına xidmət edirlər, həmçinin, hədəf seçdikləri şəxsə, yaxud quruma deyil, həm də bütün ölkəyə qarşı ayrı-seçkilik siyasəti aparılır. Çox uzağa getmədən, son 10 gün ərzində “Azadlıq radiosu”nun yerli xidmətinin Azərbaycanla bağlı əhəmiyyətli prosesləri necə təqdim etdiyinə, hansı qüvvələrin və ölkələrin maraqlarını ictimai rəyə “həqiqət” kimi sırımağa çalışdığına bir neçə nümunə əsasında baxaq.

Birinci nümunə: “Niyə indi? – AŞPA-da Azərbaycana sanksiya Qarabağa görə tətbiq edilib?”.

Azadlıq radiosu AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsinin Ermənistanın maraqlarının müdafiəsi məqsədilə edilmədiyini “ispatlamaq” naminə müxtəlif versiyalar irəli sürür, bütün günahı rəsmi Bakının üzərinə yıxır. Halbuki, AŞPA-nın Azərbaycanla bağlı qərarında irəli sürdüyü əsaslardan biri “Erməni əhalisinin Qarabağdan zorla çıxarılması”, “təşkilatın nümayəndələrinin Laçın yoluna buraxılmaması” idi. Bu ittihamların Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü “etnik təmizləmə”, “erməni əhalisinin blokadaya alınması” kimi iddialara əsaslandığı bəllidir. 44 günlük müharibədən sonra Ermənistan və AŞPA da daxil olmaqla Avropa strukturlarında şəbəkələşmiş erməni lobbisi Qarabağda separatçı rejimi qorumaq məqsədilə bu kartdan Bakıya qarşı təzyiq məqsədilə istifadə edib. Ərazilərimizdə erməni separatizmin məhv edilməsindən sonra bunu açıq müstəviyə keçirdilər və AŞPA-nın anti-Azərbaycan mövqeyinin mərkəzində də məhz Qarabağda suverenliyimizin bərpa edilməsi dayanır. Təşkilatın özü bunu rəsmi şəkildə açıqlayır. Buna rəğmən, “Azadlıq radiosu” AŞPA-nı qorumaq, AŞPA-da şəbəkələşmiş erməni lobbisinin planlarını gizlətmək məqsədilə Azərbaycan ictimai rəyinə yalan informasiyalar ötürməkdən çəkinmir.

İkinci nümunə: “Azərbaycan adambaşına düşən büdcə xərclərinə görə Cənubi Qafqazda sonuncudur”(?).

Azadlıq radiosu bu iddiasını infoqrafik məlumatlarla təqdim edir, rəqəmləri ard-arda düzərək, sübut etməyə çalışır ki, “Ermənistan və Gürcüstan Azərbaycandan öndədir”. Belə bir iddianın indi ortaya atılması o qədər də təəccüblü deyil.

Azərbaycanda ictimai-siyasi əhəmiyyətli hadisələrin baş verdiyi dövrlər “Azadlıq radiosu”nun da daxil olduğu şəbəkənin ictimai rəyi infotəxribatlarla yönləndirmək cəhdləri ənənəvi xarakter daşıyır. Prezident seçkiləri öncəsi Azərbaycanın iqtisadi göstəricilərinə görə regionun digər iki ölkəsindən geri qaldığı haqda manipulyativ informasiyalar da seçicilərin rəyinə təsir etmək məqsədi daşıyır. Çünki seçkilərin favoriti olan İlham Əliyevin reytinqinə mənfi təsir edə biləcəkləri “fakt” tapa dilmirlər:

- Əliyev seçkilərə suverenliyimizi tam bərpa edən lider olaraq gedir;
- Ölkə iqtisadiyyatı nəinki regionda, ümumilikdə post-sovet məkanında stabilliyi və davamlılığı ilə ilk sıralardadır;
- Seçici üçün vacib olan sabitlik və rifah şəraiti tam təmin olunub və Azərbaycan vətəndaşları ilk dəfə seçkilərə qələbə əhval-ruhiyyəsi ilə qatılacaq;


ABŞ-ın “Oracle Advisory Group” təşkilatının keçirdiyi rəy sorğusunun nəticələrinə görə, İlham Əliyevin reytinqi 97 faizdir.

Və bu reallıq qarşısında qalan “Azadlıq radiosu”nun da daxil olduğu anti-Azərbaycan şəbəkəsi seçkiyə bu və ya digər formada təsir etmək, eləcə də seçkinin gözlənilən nəticələri haqqında əvvəlcədən mənfi rəy yaratmaq məqsədilə cəmiyyətə yalan informasiyalar ötürməyə çalışır. Bunun üçün faktları və rəqəmləri də təhrif edirlər. Adambaşına düşən büdcə xərclərinə görə Azərbaycanın Ermənistan və Gürcüstandan geridə olduğuna dair “fakenyus” bu nümunələrdən biridir.

Faktlar nə deyir?

2024-cü ildə Ermənistanın dövlət büdcəsinin gəlirləri 6,7 milyard dollar, xərcləri isə 7,8 milyard dollar proqnozlaşdırılıb. Bu, bir nəfərə düşən gəlirlərin (3 milyon nəfər əhali üzrə) 2,2 min, xərclərin 2,6 min dollara yaxın olması deməkdir. Bu o deməkdir ki, Ermənistanda büdcədə adambaşına düşən gəlir və xərclər arasındakı fərq 400 dollardır və bu vəsait yerli milli məhsul deyil, xarici ianə və yardım, borcdur. Gürcüstanda isə 2024-cü il üzrə proqnozlaşdırılan büdcənin gəlir və xərcləri 24,5 milyard laridir. Bir gürcü larisinin 0,36-0,37 dollara bərabər olduğunu nəzərə alsaq, bu dollar ilə ekvivalentində təxminən 8,5 milyard dollar deməkdir. “Azadlıq radiosu” isə bunun 9,1 milyard dollar olduğunu iddia edir. 4 milyona yaxın əhalinin yaşadığı Gürcüstanda adambaşına düşən büdcə xərci 2160-2170 dollar təşkil edir. “Azadlıq radiosu”nun iddia etdiyi “2435 dollar” rəqəmi yalandır.

Azərbaycanda 2024-cü ilin dövlət büdcəsinin xərcləri 36,8 milyard manata və ya 21,7 milyard dollara bərabərdir. Adambaşına düşən büdcə xərcləri isə 2165-2170 dollar təşkil edir. Hər nəfərə düşən büdcə xərcləri Gürcüstandandan az deyil. 2024-cü il üzrə Cənubi Qafqaz ölkələrinin birlikdə büdcə xərcləri 38 milyard dollar təşkil edir ki, onun 22 milyard dolları və ya 60 faizi Azərbaycanın, qalan 40 faizi digər 2 ölkənin payına düşür. Bu, bölgədəki iqtisadi-fiskal mənbələrin əsas mərkəzi kimi Azərbaycanın xüsusi üstün paya malik olduğunu göstərir (faktyoxla.az).

İqtisadi hesablamar “Azadlıq radiosu”nun məlum “araşdırmasının” “feyk” olduğunu göstərir.

Üçüncü nümunə: “Əliyev deyir ki, ermənilər də göydən düşüb” – Bakı və İrəvanın qarşılıqlı konstitusiya tələbi.

“Azadlıq radiosu”nun bu materialının təkcə sərlövhəsi media orqanının Bakı-İrəvan xəttində müzakirə edilən məsələləri ermənilərin nöqteyi-nəzərindən təqdim etdiyini deməyə əsas verir. Söhbət Ermənistanın mövcud konstitusiyasının sülh sazişinin imzalanmasına mane yaratmasından gedir. 1995-ci ildə qəbul edilən Ermənistan konstitusiyasında bu ölkənin müstəqillik bəyannaməsinə istinadlar var və bəyannamədəki tələblərinin həyata keçirilməsi vəzifə olaraq qeyd olunur. Bəyannamədə isə Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları irəli sürülür: “qondarma “dağlıq qarabağ şurasının” 1989-cu ildə qəbul etdiyi qondarma “birləşmə” – “miatsum” qərarı yerinə yetirilməlidir”.

Prezident İlham Əliyev sülh naminə Ermənistan konstitusiyasının və müstəqillik bəyannaməsinin dəyişdirilməsinin vacib olduğunu bildirib. Eyni mövqeyi Ermənistanın baş naziri Nikol Paşinyan da səsləndirib. Bildirib ki, qonşularla normal münasibətlər qurmaq, sülh əldə etmək üçün yeni konstitusiya qəbul olunmalıdır. Bununla yanaşı, İrəvanda Azərbaycan konstitisiyasında da dəyişikliklər edilməli olduğu iddia edilir, hərçənd, bizim ana qanunumuzda nə hansısa ölkəyə qarşı ərazi iddiası irəli sürülür, nə də erməniləri narahat edə biləcək müddəalar var. “Azadlıq radiosu” isə məsələni Azərbaycanın Ermənistanın mövcudluğuna təhlükə yaratdığı fonunda təqdim etməyə çalışır. Hətta bununla bağlı erməni ekspertlərin rəyini də tirajlayırlar.

“Azadlıq radiosu”nun Azərbaycan xidmətinin informasiyaları Ermənistanın maraqları kontekstində təqdim etməsi ilk hadisə deyil. Və adətən radio rəhbərliyi bunu “jurnalistika prinsipləri” ilə əsaslandırmağa çalışır, məsələlərə “tərəfsizlik” prizmasından baxdıqlarını iddia edir və qeyd edirlər ki, “bu, baş ofisin onların qarşısında qoyduğu tələbdir”. Hərçənd, bütün məsələlərə məhz erməni prizmasından baxmaları bu əsaslandırmanı çürüdür.

“Azadlıq radiosu”nun Azərbaycan xidməti ilə erməni xidmətinin fəaliyyətini müqayisə edəndə isə bu media orqanının Cənubi Qafqazda iki “erməni xidmətinin” olduğu mənzərəsi ortaya çıxır: biri Ermənistan xidməti və eyni fəaliyyəti göstərən Bakıdakı “erməni xidməti”;

Birincisi, “Azadlıq radiosu”nun erməni xidmətində (azatutyun) Azərbaycan xidmətinin istinad etdiyi “tərəfsizlik prinsipi”nə heç vaxt əməl edilmir: “azatutyun” təkcə Ermənistan-Azərbaycan münasibətlərində İrəvanın mövqeyini müdafiə etmir, həm də Qarabağda separatçı rejim mövcud olduğu dövrdə daim onları dəstəkləyib, hətta separatçı rejim tam ləğv ediləndən sonra da bu dəstəyi davam etdirib; sual yaranır, “tərəfsizlik prinsipi” yalnız Azərbaycan xidməti üçün keçərlidir?

İkincisi, Azərbaycan xidmətinin fəaliyyətində erməni maraqlarının müdafiəsi xüsusi xətlə seçilir: rəsmi Bakıya qarşı anti-Azərbaycan şəbəkəsinin bütün kampaniyaları bu radio vasitəsilə ictimai rəyə ötürülür; Azərbaycan-Ermənistan məsələlərində erməni mövqeyi ön planda təqdim edilir;


Misal üçün, “Azadlıq radiosu”nun Azərbaycan xidmətində Ermənistanın əleyhinə heç bir ciddi informasiya tapmaq mümkün deyil, əksinə, Qarabağın işğalı dövründə də, sonrasında da əsas informasiya xətti nəinki rəsmi İrəvanın, hətta Xankəndidə mövcud olmuş separatçı rejimin mövqeyinə uyğun olub. Və erməni siyasətçilər-ekspertlər üçün mikrafonlarını daim açıq saxlayıblar. Radionun erməni xidməti isə heç vaxt Ermənistan hökumətinə qarşı sərt mövqe sərgiləməyib, əksinə, əsas informasiya xətti Azərbaycana qarşı beynəlxalq səviyyədə aparılan kampaniyaların tirajlanması, torpaqlarımızdakı işğal faktının qorunması olub. Və heç bir azərbaycanlı siyasətçiyə-ekspertə platforma verməyiblər, hətta anti-Azərbaycan şəbəkəsinin iştirakçılarına belə.

44 günlük Vətən müharibəsində bunu əyani şəkildə gördük: “azatutyun” bütün informasiya imkanlarını Azərbaycan ordusuna qarşı yönəltmişdi; “Azadlığın” Bakı ofisi də eyni xətlə arxa cəbhədə informasiya manipulyasiyasını həyata keçirirdi, hətta məcburi köçkünlər arasından özlərinə lazım olan müəyyən adamları taparaq, orduya və dövlətə qarşı danışdırırdılar. Rizvan Bədəlov adlı şəxsin efirə çıxarılması, onun dilindən cəbhədə döyüşən orduya və torpaqların azad edilməsi iradəsini sərgiləyən dövlətə qarşı ittihamlar irəli sürülməsi uzaq keçmişin hadisəsi deyil. Müharibənin davam etdiyi 44 gün ərzində “Azadlıq radiosu”nun “tapdığı” Rizvan Bədəlov ermənilərin Aərbaycana qarşı təbliğatının ana xətlərindən biri oldu.

Hərçənd, “Azadlıq radiosu”nun Bakı ofisinin erməni maraqlarına xidmət etməsi faktı yaxın keçmişin də hadisəsi deyil. 2003-cü ilə qədər “Azadlıq radiosu”nun Azərbaycan xidmətinin rəhbəri olmuş mərhum Mirzə Xəzərin məşhur açıqlaması var. Ki, bu açıqlama “Azadlıq radiosu”nun gerçək simasını çılpaqlığı ilə ifşa edir.

2000-2003-cü illərdə “Azad Avropa və Azadlıq” radiolarının rəhbərliyi “Azadlıq” radiosunun Azərbaycan redaksiyasında bir sıra qadağalar tətbiq etmişdi. Bu qadağalara əsasən, şərh yazmaq olmaz, şəxsi fikir ifadə etmək olmaz, İran Azərbaycanından yazmaq olmaz, “Cənubi Azərbaycan” kəlməsindən istifadə etmək olmaz, erməni işğalçıları təbirini işlətmək olmazdı”, - Mirzə Xəzər bildirmişdi.

Təkcə bu fakt belə “Azadlıq radiosu”nun Azərbaycan redaksiyasının əslində “erməni xidməti” ilə eyni oldunu ispat edir. Radionun İrəvan və Bakı ofisinin Azərbaycana qarşı birlikdə fəaliyyəti bu gün də davam edir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ