Xankəndindən böyük qaçış başlayıb - Tək qurtuluş yolu isə Bakıya aparır
Tarix: 8-04-2023, 10:48
Baxılıb: 733
Google+ Paylaş
Tumblr Paylaş

Xankəndindən böyük qaçış başlayıb - Tək qurtuluş yolu isə Bakıya aparır

8-04-2023, 10:48

Ermənistanın “can dostu” İranın anti-Azərbaycan təhdidləri də separatçıları və revanşistləri xilas etməyəcək...

Azərbaycanın “qamçı və kökə” taktikası öz bəhrəsini verməkdədir. Bir yandan, separatçı elementlərə qarşı haqlı olaraq, çox sərt davranan Bakı o biri yandan, Qarabağın dinc erməni sakinləri ilə düşmənçiliyinin olmadığını dünyaya əyani nümayiş etdirir, onlara dialoq təklif edir, barış əli uzadır, lazım gələndə xəstə ermənilər Təcili Yardım maşınlarımızda Xankəndiyə çatdırılır.      
Əlbəttə, proseslərin bu cür inkişafı bölgədə ədalətli sülh, əmin-amanlıq və əməkdaşlıq istəməyən qüvvələrin heç birinə əl vermir. Söhbət erməni radikal-revanşistlərlə yanaşı, Rusiya və İrandan gedir. Son vaxtlar xüsusən də cənub qonşumuz Ermənistanla səs-səs verərək, aranı əməllicə qarışdırmağa və “bulanıq suda” balıq tutmağa çalışır.
Nə yazıq ki, İrəvan da Tehranın ələlxüsus Bakıya qarşı artan avantüralarında özü üçün “miatsum” şansı axtarır. Belə bir şans, fürsət isə gözlənilmir. Çünki “qatar” artıq gedib. Üstəlik, Azərbaycanın mövqeyi haqlı və güclüdür, özü isə yalqız deyil. Bundan savayı, Bakının müttəfiqləri İrəvanın dost-müttəfiqləri ilə müqayisədə qat-qat etibarlı və güclüdür. Demək, Azərbaycanı doğru bildiyi yoldan çəkindirmək mümkün olmayacaq. Son vaxtlar kapitulyant ölkədə artan müharibə çağırışları da ən birinci elə Ermənistanın öz başında çatlayacaq.  
*****
“Müharibədə məğlub olmuş bir dövlətin müharibə çağırışları erməni politoloqlarının absurd, məntiqsiz fikirləridir. Onların başı işləmir. Başları işləsə idi, belə danışmazdılar”.
Zərdüşt Əlizadə: “Əcdadlarım türk olub, amma...” - MÜSAHİBƏ
Zərdüşt Əlizadə
“Yeni Müsavat”ın məlumatına görə, bunu politoloq Zərdüşt Əlizadə Teleqraf.com-a açıqlamasında deyib.
“Heç bir müharibə elementindən danışmaq olmaz. Çünki Ermənistanın müharibəyə başlamaq gücü yoxdur. Ordusu da tam zəif durumdadır. Azərbaycana isə yeni müharibə lazım deyil. Sözsüz ki, Azərbaycan tərəfi onlara yerlərini göstərmək üçün bir sıra hərbi əməliyyatları həyata keçirə bilər”, - deyə o qeyd edib.
Politoloq Ermənistanın “can dostu” İranın son vaxtlar Azərbaycana artan təhdidləri və hücum ehtimalından da danışıb: “İran Azərbaycana qarşı hərbi əməliyyatlara başlasa, İran İslam Respublikasına son qoyulacaq. İranın Azərbaycana qarşı hərbi əməliyyatlara başlaması onlar üçün faciəli bitəcək. Bu baş verərsə ilk növbədə İsrail İrana zərbə endirəcək. İsrailin ardınca ABŞ İranı vuracaq. Azərbaycanın müqaviməti ilə paralel Türkiyə İranı darmadağın edəcək. İranın özündə isə Cənubi Azərbaycanda olan azərbaycanlılar ayağa qalxacaq. İran tərəf bunu istəyirsə, edə bilər. Ona görə də İrana Azərbaycanla müharibə qətiyyən lazım deyil”.
Z.Əlizadə həmçinin bildirib ki, Azərbaycan Qarabağ məsələsində tədricən diplomatik əsaslarla öz istəyinə nail olur. “Sözsüz ki, 2025-ci ildə Azərbaycan istəmədikdən sonra rus sülhməramlıları bölgədə qala bilməyəcək. Ona görə də indiki Rusiya çalışır ki, Azərbaycanı razı salsın ki, biz həmin vaxt onların burada qalmasına icazə verək”, - deyə o əlavə edib.
***** 

Aydındır ki, Rusiyadan sonra Bakı daha 5 il müddətinə hansısa digər ölkənin hərbi qüvvəsinin, yaxud beynəlmiləl kontingentin Qarabağda yerləşməsinə izin verməyəcək, erməni əsilli vətəndaşları ilə özü dil tapacaq. Anklavdakı qanunsuz dəstələrin, radikal separatçı ünsürlərin dərsini də yenə özü verəcək. Çünki zaman ötdükcə yerdə qalan ərazilərimizi Azərbaycanın suverenliyinə qaytarmaq çətinləşə bilər. Bakı artıq prosesə start verib və inamla, səbirlə əsas hədəfə-Xankəndinə doğru irəliləyir. Rusiyanın Ruben Vardanyan “projesi” ilə bağlı Bakının göstərdiyi prinsipiallıq bunun bariz sübutu və anonsu idi.     
Yeri gəlmişkən, Kremlin “desantı” Vardanyan Qarabağdan qaçıb. Bu barədə erməni bloger Roman Baqdasaryan məlumat verib. Erməni oliqarx-fırıldaqçı guya səhhətinə görə getməli olduğunu bildirib.  
“Bu, həmin Ruben Vardanyandır ki, son aylar Qarabağ uğrunda ölməyə belə hazır olduğunu daim təkrarlayırdı. Və göz qabağındadır ki, Vardanyanın səhhətində yaranan problemə görə getməsinin səbəbləri sadəcə, hiylədir. O, hansısa yolla özünə haqq qazandırmağa çalışmalı idi”, - bloqqer öz Facebook səhifəsində yazıb.
Əlbəttə, gözlənilən idi. Bunu böyük qaçışın başlanğıcı da saymaq olar. Çünki Azərbaycan Ordusu separatçıların nəfəsliklərini və təchizat yollarını bir-bir bağladıqca, ətrafdakı strateji yüksəklikləri nəzarətə götürdükcə Qarabağda vardanyanların meydanı da sürətlə daralır. İndi yeganə yol yalnız barışıq və inteqrasiya tərəfdarlarına saxlanılıb. Ağılları olsa, yaranan şansı vaxtında və düzgün dəyərləndirərlər. 
*****
Vardanyanın Xankəndi “BLOKADASI”: “Ermənilər bu səbəbdən Qarabağdan qaçır…”  – ŞƏRH – Yeni Çağ Media
Bu arada “Hraparak” erməni qəzeti “Xankəndinin Azərbaycana təhvil verilməsi prosesinin başladığını” yazıb. Nəşr Azərbaycanın təcili tibbi yardım maşınının Xankəndiyə daxil olması, erməni xəstələrin azərbaycanlı həkimlər tərəfindən şəhərə aparılması hadisəsini məhz belə qiymətləndirib.
“Artıq Xankəndində şəhərin Azərbaycana təhvil verilməsi haqda danışırlar. Qarabağdakı ermənilər şəhərin küçələrində Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycanın təcili yardım maşınını görür və bu, onun psixoloji olaraq vəziyyəti qəbul etməsi ilə nəticələnir. Onlar düşünürlər ki, hətta ruslar da onları müdafiə etmir, Ermənistan müdafiə etmir, Qərb ölkələri də onlara əhəmiyyət vermir. Buna görə də Azərbaycanın qarşısında heç nə edə bilməyəcəklər. Bu o deməkdir ki, inteqrasiya prosesi başlayıb və Rusiya da bu prosesdə Azərbaycandan yanadır”, - qəzet qeyd edib.
Məqalədə həmçinin bildirilir ki, Qarabağdakı ermənilər Xankəndi küçələrində Azərbaycan nömrəli avtomobilləri görməyə “öyrəşdirilir”: “İstisna deyil ki, bu, inteqrasiya prosesinin bir hissəsidir: mərhələ-mərhələ, addım-addım irəliləyirlər”.
Və irəliləyəcəyik. Həm də get-gedə daha sürətli və böyük addımlarla...


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ