Azərbaycanın ən böyük ikinci şəhərində viran qalmış stadion: Dəhşətli faciə ola bilər - FOTOLAR
Tarix: 8-02-2023, 10:07
Baxılıb: 871
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanın ən böyük ikinci şəhərində viran qalmış stadion: Dəhşətli faciə ola bilər - FOTOLAR

8-02-2023, 10:07

Şənbə günü Azərbaycan Premyer Liqasının 21-ci turuna təsadüf edən “Kəpəz” – “Qarabağ” matçını izləmək üçün Gəncəyə yollanmışdım. Azərbaycanın ikinci böyük şəhərini görmək mənə hər zaman maraqlı gəlib. Qət edilən uzun yoldan sonra şəhərin girişində bizi qarşılayan mənzərə məni qürurlandırmaya bilməzdi. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanların fotoları fonunda Gəncəyə daxil olmaq fərqli hisslər yaşadırdı.

Vaxtımız az olduğundan Gəncəni gəzmək, görmək bu dəfə qismət olmadı. Bu səbəbdən birbaşa oyunun keçirildiyi şəhər stadiona yollandıq. Həmin əraziyə çatanda yaşadıqlarım məni dəhşətə gətirdi. Boşuna deməyiblər ki, min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Həmkarlarımın, futbol adamlarının, azarkeşlərin yazdıqlarından, danışdıqlarından vəziyyətin yaxşı olmadığını öyrənmişdim. Ancaq belə acınacaqlı durumla qarşılaşacağımı gözləmirdim.



Mənə elə gəldi ki, bura 50-60 il əvvəl tərk edilmiş hansısa yerdir. Hətta ilk baxışda oranı stadiona da bənzətmək mümkün deyil. Kənardan köhnə zavod binalarını xatırladır.


Sizi güclü toz iyi və boz divarlar qarşılayır. Ayaq basmağa normal yer tapmaq da olmur, insanın ürəyi ağrayır. Belə şəraitdə futbol oynamaq və ya oynayanlara baxmaq olar? Elə bilirsən ki, tribunaların divarları bu dəqiqə çökəcək. Arena (demək olarsa) elə vəziyyətdədir ki, ora gələn insanları da idarə etmək asan deyil. Oyuna 2 tribunadan baxmaq mümkündür. Oturacaqların vəziyyəti də heç də yaxşı deyil. Onlar nə vaxt dəyişdirilib, Allah bilir. Tribunaların divarlarının vəziyyəti elədir ki, elə bilirsən bu dəqiqə uçacaq.




İndi isə keçək başqa məsələyə. “Kəpəz”ə mövsümün əvvəlində Gəncə şəhər stadionunda oynamağa icazə verilməsə də, oktyabrın 5-də qərar dəyişdirilib. Yerli və qonaq komandanın azarkeşlərinin ümumi sayının 3 min nəfərdən artıq olmaması şərtiylə oyunların keçirilməsinə icazə verilib. Ancaq “Qarabağ”la oyunda stadionda olan tamaşaçı sayı 3000-dən çox idi. Bu da əvvəlcədən müəyyən edilmiş qaydalara ziddir. Eyni zamanda, oradakı insanların həyatı üçün əsl təhlükədir.




Nomral vaxtlarında tutumu, təqribən 25-26 min olan arenada 6-7 min, bəlkə də daha çox azarkeşin olduğunu hesablamaq olardı. Çəkdiyimiz fotolar da elə bunu deməyə imkan verir. Oyunun AFFA nümayəndəsi Bəhram Qurbanov protokolda tamaşaçı sayını 2500 nəfər kimi qeyd etsə də, əslində, reallıq tamam başqa idi.


Elə bilirsiz problemlər bununla bitir? Yox, hələ hər şey qabaqdadır. Komandalar normal soyunub-geyinmə otaqlarından deyil, konteynerlərdən istifadə edirdilər. Futbolçuların meydana daxil olduğu hissədə də vəziyyət heç də yaxşı deyil. Onların konteynerlərə gedən yolu azarkeşlərin meydana daxil olduğu giriş-çıxışla eyni olduğundan, hüquq-mühafizə orqanlarının və klubun mühafizə xidmətinin bu mənada işi heç də asan olmurdu. Çünki gəncəli azarkeşlər “Qarabağ”a və futbolçularına sevgilərini nümayiş etdirməyə, hətta onlarla foto çəkdirməyə də çalışırdılar.


Gəncə şəhər stadionun ot örtüyü də yaxşı vəziyyətdə deyil. Bu narazılıq uzun müddətdir ki, var. Ancaq bütün çətinliklərə rəğmən, Gəncədə futbol sevilir. Gəncəlilər, hətta soyuq daşın üstündə belə komandalarını dəstəkləyirlər. “Qarabağ”la oyunda komandanın inamlı çıxış etməsi və qazandığı 1 xal onlara edilən ən gözəl hədiyyə idi. Azərbaycanın ikinci böyük şəhəri, onun gözəl insanları və futbolumuzun tarixi olan “Kəpəz” daha yaxşı stadiona layiqdilər.


Bu, mənim Gəncəyə ilk səfərimin təsüratlarıdır. İnandırıcı deyil ki, yaxın vaxtlarda sizə yeni stadionun inşası barədə xəbər verək. “Kəpəz”in də, gəncəli azarkeşlərin də ümidi Alllaha qalıb. “Futbolumuzun Məkkəsi”ni itirməmək ümidiylə...


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ