MTN generalı: “Prezidentə qarşı İranın sui-qəsdinin qarşısını aldıq...”
Tarix: 31-01-2023, 17:21
Baxılıb: 370
Google+ Paylaş
Tumblr Paylaş

MTN generalı: “Prezidentə qarşı İranın sui-qəsdinin qarşısını aldıq...”

31-01-2023, 17:21

General-mayor Mövlam Şıxəliyev məhkəmədə elə açıqlamalar verdi ki!

Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M.) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, sabiq rəislə bərabər müttəhimlər kürsüsünə 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Onlar məhkəmə salonunda şüşə qəfəsə salınmaqla prosesdə iştirak edirlər.
Yanvarın 30-da keçirilən prosesdə Mövlam Şıxəliyev çıxış edib. O, ittiham olunduğu epizodları sadalayaraq heç bir epizod üzrə günahının olmadığını iddia edib.
Mövlam Şıxəliyev orden və medallarının, general rütbəsinin alınmasından da danışıb. O bildirib ki, həmin mükafatlar bir sıra xidmətlərin müqabilində onlara verilmişdi: “Biz prezidentə sui-qəsdin qarşısını almışdıq. Heydər Əliyev Mərkəzinin qarşısında iranlı casus ev kirayələmişdi, yüksək dəqiqliklə vuran snayperlə prezidentə sui-qəsd hazırlanmışdı. Vüsal Ələkbərov və Sahib Ələkbərovun sayıqlığı nəticəsində onun qarşısı alındı. O, uzunmüddətli həbsə göndərildi. Hacı Məmmədovun dəstəsi Bakıya vəlvələ salmışdı, 12 qətl hadisəsi törətmişdi. Biz necə çətinliklə onun qarşısını aldıq. Elmar Hüseynovun qatillərini aşkarladıq. Tahir Xubanov, Teymuraz Əliyev, Serxio... Biz bu işlərə görə almışıq o rütbələri, orden və medalları. Bir cümlə ilə yazırlar ki, alınsın o rütbələr, orden və medallar...”
Fevralın 6-da keçiriləcək növbəti məhkəmə iclasında digər keçmiş MTN-çilər çıxış edəcək.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ