“Qadın kolonu”nun məhbuslarının taleyi “tükdən” asılıdır – Haqqını tələb edən məhkumlar  “şizo”ya, “kars”a salınır, şiddət və işgəncələrə məruz qalırlar
Tarix: 10-09-2021, 14:22
Baxılıb: 833
Google+ Paylaş
Tumblr Paylaş

“Qadın kolonu”nun məhbuslarının taleyi “tükdən” asılıdır – Haqqını tələb edən məhkumlar “şizo”ya, “kars”a salınır, şiddət və işgəncələrə məruz qalırlar

10-09-2021, 14:22

“Qadın kolonu” kimi tanınan 4 saylı Cəzaçəkmə Müəssisəsinin (CÇM) məhbuslarının həyatı təhlükədədir. Bayırdakı maraqlı şəxslər sifariş verib onların başına müəssisə rəhbərliyinin əli ilə istənilən oyunu aça, məsələn, ən azı rəis və əlaltılarına şərlətdirib cəza müddətlərinin artırılmasına nail ola bilərlər.

RealMedia.az-a danışan mənbə iddia edir ki, CÇM-nin Bənövşə Süleymanova adlı məhbusun həyatına biganə yanaşılır və hər an onun cəza müddətinin artırılması ilə nəticələnəcək provakisiyaya çəkilmək ehtimalı yaranır. Belə ki, Bənövşə Süleymanova həbsə düşəndən sonra əri və qaynanası onun məhkəmə yolu ilə valideynlik hüququndan məhrum olmasına nail olublar. Qəribədir ki, Bənövşənin məhkəmədə iştirakı təmin olunmayıb. Onu guya məhkəməyə gəlməkdən imtina etmiş kimi göstərib, məhkəmənin onun iştirak olmadan keçirilməsini məqbul və ədalətli (?) sayıblar.
Faktiki olaraq Bənövşə Süleymanova ilə qaynanası arasında intriqa mövcuddur. Qayınanası onunla görüşə gələndə olmazın sözlər, təhqirlər işlətdiyinə görə Bənövşə görüşməkdən imtina edirmiş (Əlbəttə, belə görüşdən imtina nəhayət etibarilə Bənövşənin uşaqlarının aqibəti ilə bağlı məhkəmədə iştirakdan imtinası kimi dəyərləndirilə bilməz). Buna baxmayaraq, CÇM rəhbərliyi onu qayınanası ilə görüşə çıxmağa məcbur edir. Bənövşənin və onun yaxınlarının fikrincə, CÇM rəhbərliyinin məqsədi onu aqressiv hala gətirərək provakasiyaya çəkmək, qayınanasına xəsarət yetirməsinə və ya xəsarət yetirməyə cəhd etməsinə nail olmaqdır. Bunun üçün münbit şərait də yaradılır. Məsələn, görüş möhkəm şəffaf plastik arakəsməsi olan otaqda deyil, görüş iştirakçılarının bir-birinə istədikləri vaxt əl qata biləcəkləri, yəni, təcrid olunmadıqları məkanda təşkil olunur. Masaya yumşaq plastik materialdan olan deyil, şüşə stəkanda su gətirilir. Qayınananın istəyi kimi təqdim olunsa da, Bənövşənin qarşısına, əlinin altına qoyulur.
Təbii ki, Bənövşə hələlik təmkinini qoruyub saxlayıb. Amma bunun nə vaxta kimi davam edəcəyi bilinmir. Heç kəs zəmanət verə bilməz ki, qayınanasının növbəti təhqiramiz sözündən sonra Bənövşə özündən çıxmayacaq, masanın üstündən stəkanı götürüb onun başında sındırmayacaq.
Ümumiyyətlə, “qadın kolonu”nda heç kəsə haqqını tələb etməsinə, ələlxüsus da yazılı formada yuxarı instansiyalara şikayət etmək hüququndan istifadə etməsinə imkan verilmir. Belə cəhddə bulunanlar “şizo”ya, “kars”a salınır, şiddət və işgəncələrə məruz qalırlar. Bir sözlə, cəza üstündən cəza verilir.
İnanmırıq ki, Penitensiar Xidmət rəisi cənab Ceyhun Həsənov cəzaçəkmə müəssisələrində rəhbər vəzifəli şəxslərin bu cür siyasətinə dəstək versin, sistemdən edilən şikayətlərin adresatlara çatdırılmasına, həmin şikayətlərdə ehtiva olunan məsələlərin ictimailəşməsinə mane olmaq barədə təlimat versin. Ona görə də ümid edirik ki, Penitensiar Xidmət rəisi tezliklə 4 saylı CÇM – də hökm sürən dözülməz vəziyyətin dəyişilməsi üçün bütün zəruri addımların atılmasını təmin edəcəkdir.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
RealMedia.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ