“Qorxulu Tehran” – İranda “elçiyə zaval yoxdur” prinsipi işləmir
Tarix: 27-01-2023, 13:05
Baxılıb: 465
Google+ Paylaş
Tumblr Paylaş

“Qorxulu Tehran” – İranda “elçiyə zaval yoxdur” prinsipi işləmir

27-01-2023, 13:05

Elə bir neçə gün əvvəlki yazımızda 205 il əvvəl İranda Rusiya imperiyasının səfiri olan yazıçı Aleksandr Qriboyedovun və onunla işəyən 33 nəfərin vəhşicəsinə qətlə yetirilməsi barədə bir abzas vardı.
O zamanlar bu hadisənin fonunda uzun müharibədən sonra sülh müqaviləsi imzalayan, amma aradakı gərginliyi sona qədər yumşalda bilməyən Rusiya və İranın soyuq münasibətləri olub. Qacar xanədanlığının üzvü Allahyar xan Qacarın fitvası, iki erməni qadının iştirakı, qızışdırılmış camaatın fanatizmi üzündən baş verən qətliama görə İran Rusiyaya ağır bədəl ödəyib. İrandan Rusiyaya göndərilən “qan pulu” arasında vaxtilə Nadir şah Əfşarın Hindistandan gətirdiyi nadir “Göy brilyant” da olub və hazırda bu almaz Moskvada Almaz Fondunda saxlanır.
Sonrakı əsrlərdə də İranda xarici ölkələrin səfirliklərinə münasibət heç də normal olmayıb. “Elçiyə zaval yoxdur” ideomatikası bu ölkədə işləmir. Bu gün Tehranda Azərbaycan səfirliyinə qarşı həyata keçirilmiş silahlı hücum və törədilmiş qətl göstərir ki, orta əsrlər padşahları hansısa ölkəylə müharibə etmək istəyəndə birinci onun elçisini, səfiirini öldürdükləri kimi, İranda bu məkrli qayda hələ də qüvvədədir. Belə görünür.
Ancaq bu mövzuda mülahizə yürüdərkən 1979-cu ildə İrandakı ABŞ səfirliyinin əməkdaşlarının 444 gün (ilyarım) boyunca girovluqda saxlanması hadisəsini də xatırlamaq lazım gəlir.
O zaman İranda hakimiyyətə gələn islamçılar bütün beynılxalq saziş və konvensiyaları pozaraq dünyanın ən qüdrətli iki dövlətindən birinə qarşı belə bir terror aktı həyata keçiriblər və dövrün siyasi konyukturası elə olub ki, ABŞ kimi superdövlət Tehran rejiminin qarşısından qaçmalı, ona güzəştə getməli olub. Ağ Ev prosesə sovet müdaxiləsi olacağından çəkinərək dünənki müttəfiqi ilə açıq qarşıdurmaya, müharibəyə getmək istəməyib.
Bundan sonra İran rəsmilərinin dişində şirə qalıb və onlar münasibətləri korlanmaq üzrə olan dövlətlərin səfirliklərini ciddi basqı altında saxlamağı üstün tutublar. Ona görə də bu gün Avropa ölkələrində İran diplomatik missiyaların fəaliyyəti üçün əlverişli ölkə hesab olunmur. Bu ölkədə səfirdən tutmuş səfirliyin xadiməsinə qədər hər bir əməkdaşa ölkə haqqında informasiya toplayan casus kimi baxırlar və onları hər dəqiqə həbs edə, ən yaxşı halda isə “arzuolunmaz şəxs” elan edərək ölkədən qova bilərlər.
Bunu bilən bir çox ölkələr İranda diplomatik missiya saxlamırlar, məcbur qaldıqda konsulluq işlərini başqa ölkələrin səfarətxanaları vasitəsilə həyata keçirirlər.
İranın beynəlxalq arenada “şər üçbucağı”nın bir küncü, “terror yuvası” elan edilməsinin bir neçə səbəbindən biri də budur (o birilərinə İranın qonşu ölkələrin daxili işlərinə müdaxiləsi, Avropada ayrı-ayrı şəxslərə qarşı terror aktı həyata keçirməsi, beynəlxalq terror təşkilatlarına maliyyə vəsaiti ayırması, öz ordusunun daxilində xüsusui diversiya qrupları formalaşdırması və s. aiddir).
Tehranda Azərbaycan səfirliyinə hücum da son 3-4 ayda sırf İran rejiminin fitvası, məkrli siyasəti üzündən daima dırmanmaqda olan İran-Azərbaycan gərginliyinin fonunda baş verib. Bəzən bu barədə İran mediasında çağırışlar (“təsirli tədbirlər görmək”) da səslənirdi. İndi Azərbaycan tərəfi İrandan məsələ ilə bağlı obyektiv araşdırma gözləyir, ancaq İran rəsmilərinin yaydığı bir-birinə zidd açıqlamalarda, təhrif dolu məlumatlarda daha çox hadisənin motivi və zəminini yanıltmaq meyli hiss olunur.
Hadisəni törədən şəxs Yasin Hüseynzadə İran vətəndaşıdır. Onun bu hadisəni törətməsi üçün ya çox ciddi şəxsi motivləri olmalıdır, ya da adamın İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olduğuna dair şübhələr yerini alacaq. İran elə ölkədir ki, orada bu kimi hadisələr təsadüfən baş vermir, hər bir silah gəzdirən şəxs mütləq nəzarət altında olur. Adi küçə iğtişaşlarında iştirak edən, üzünü bağlayıb polisə daş-kəsək atan 20 min adamın həbsə alındığı ölkədə kimsə əlini-qolunu yellədə-yellədə başqa bir dövlətin ərazisinə - səfirliyinə “Kalaşnikov” kimi əba altında gizlədilməsi mümkün olmayan silahla daxil ola bilməz.
Əgər bir terrorçu bir və ya bir neçə nəfərdən qisas almaq üçün bir məkana adi tapança ilə yox, “Kalaşnikov” kimi qırğın silahı ilə daxil olursa, demək, onun niyyəti daha çox adam öldürmək imiş. Hüseynzadənin qarşısına səfirliyin silahlı mühafizəçiləri çıxmasa, yəqin ki, o, səfirliyin əksər işçilərini qətlə yetirəcək, iki dövlət arasında müharibə başlaması üçün fitil odlayacaqdı.
Bütün hallarda məsuliyyət öz ərazisində başqa dövlətə məxsus anklav ərazini qoruya bilməyən İran dövlətinin üzərindədir. İranın başqa dövlətlərdə olan səfirlikləri bənzər hücuma məruz qalsalar, bu dövlət nə edər? Ən sərt tədbirlərin görülməsini, hadisəyə görə ən dürüst cavabların verilməsini tələb edər.
Hazırda bu durumda İran dövlətinin özü qalıb və o, təkcə Azərbaycanın yox, beynəlxalq birliyin qarşısında da cavab verməlidir. Çünki o biri dövlətlərin də İranda səfirlikləri var və demək olar ki, hamısı bu kimi hücumlara məruz qala bilər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ