“Bir dəqiqədə atamı, bir gecədə ailəmi itirdim, 1 görüşlə insanları xilas etdim” – 87 yaşlı Şamil dayının həyatından 12 dəqiqə (VİDEO)
Tarix: 28-04-2020, 00:21
Baxılıb: 1 473
Google+ Paylaş
Tumblr Paylaş

“Bir dəqiqədə atamı, bir gecədə ailəmi itirdim, 1 görüşlə insanları xilas etdim” – 87 yaşlı Şamil dayının həyatından 12 dəqiqə (VİDEO)

28-04-2020, 00:21

Onunla tamamilə təsadüf nəticəsində tanış olduq. Qonşularından biri zəng edərək mənə ondan bəhs etmişdi, yardıma ehtiyacı olduğunu demişdi. Beləcə bu günlərdə ərzaq yardımı payladığımız ünvanlardan biri də onun evi oldu. 
Həmin gün söhbət əsnasında mənə həyatından bir az bəhs etdi. Sovet dövrünün ən çətin günlərində böyüyən, uşaq yaşlarında ailəsiz qalan Şamil dayının taleyi heç cür üzünə gülməyib.
Şamil Cavadov Xətai sakinidir, onun 87 yaşı var. Bir müddətdir ki, tək yaşayır. Karantinə görə bayıra çıxa bilmir, gününü evdə keçirir. Şamil dayıya həyat sərt üzünü uşaqlıq illərindən göstərib.
Atasının bir anlıq qəzəbi nəticəsində əvvəlcə atasız, sonra isə anasız qalıb: “Bir inəyə görə yetim qaldım. Yayılan xəstəliyə yoluxan inəyi basdırmaq, yandırmaq yerinə kəsdirən anamla dalaşan atamın sonda əli dayımın qanına batdı. Onu tutdular. Bundan sonra qohumlar bizdən üz döndərdi, həyatımız bir az da çətinləşdi. Soyuq illər idi, evimizdə yanacaq yox, qarnımız günlərlə ac... Gecənin bir vaxtı yuxudan oyandım, yanımda yatan anam, qardaşım və bacım soyuqdan donmuşdu. Həmin gecə ailəmi tamamı ilə itirdim. Onları basdırmaq üçün qəsəbədə kişi belə yox idi, qadınlar dəfn etdilər. Həyat elə gətirdi ki, yetimxanaya düşdüm, orada böyüdüm”.
Ailəsinin donaraq öldüyü gecədən sonra balaca Şamilin də xoşbəxt olacağı illər donmuşdu sanki... Hər şey bir anda dəyişmişdi, Şamil nə edəcəyini bilmirdi, insanların yemək tapmaqda çətinlik çəkdiyi illərdə ona kim kömək edə bilərdi? Qohumları atasının səhvini onun üzərinə yıxmışdı, sahib çıxmırdı. Günlərlə ac qalan Şamilin yolu təsadüfi şəkildə uşaq evinə düşür.
Burada özü kimi valideynsiz qalan uşaqlarla böyüyür, artıq onun üçün yeni həyat başlayırdı. Oradan sonra təhsil alan Şamil dayı, neft buruqlarında işləyib. Bir müddət həmin dönəmdə fəaliyyət göstərən “Kirpi” jurnalına yazılar, şeirlər yazıb. O şeirlərdən birini də özünün çətin günlərinə həsr edib.
2014-cü ildə həyat yoldaşını da itirən Şamil dayı tək yaşamağa artıq alışıb. Aldığı təqaüdlə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və qonşularının dəstəyi ilə həyatına tək davam edən Şamil dayıya bu günlərdə xüsusi diqqət göstərilir.
Müsahibim “20 Yanvar” hadisələri zamanı təsadüfi görüş sayəsində onlarla insanın həyatını da xilas edib.
Ətraflı videoda:
 
Məhəmməd Türkmən
Musavat.com
 

 



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ