Media nümayəndələri prezidentin fəaliyyətindən danışdı
Tarix: 23-04-2020, 21:16
Baxılıb: 613
Google+ Paylaş
Tumblr Paylaş

Media nümayəndələri prezidentin fəaliyyətindən danışdı

23-04-2020, 21:16

Aynur Camal: “Xalq təşəkkürünü, sevgi və saygısını sözlə, məktubla dövlət başçısına çatdırmağa çalışır”
Elşad Məmmədli: “Prezidentinin xalqa necə qayğı göstərdiyini hər kəs gördü”
Jalə Mütəllibova:” Bu mövqeyinə görə hər birimiz, dövlət və Prezidentin yanında olmalıyıq”
Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı addımlara, sosial yardımlara görə, ölkənin bütün guşələrindən prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Bundan başqa, Azadlıq Partiyasının sədri Əhməd Orucun ailəsi adından oğlu Prezidentə təşəkkür edib. Əhməd Orucun səhhətindəki problemlərlə ailənin düşdüyü vəziyyətdə dövlət başçısı onlara yardım əli uzadıb və Oruclular ailəsi media vasitəsilə təşəkkür məktubu göndəriblər.
Bəs media cameəsi dövlət başçısının koronavirus dövründəki fəaliyyətini, xalqın həm sağlamlığı, həm də sosial rifahı üçün atılan addımları necə dəyərləndirirlər?
Aynur.jpg (72 KB)
“Gündəlik Teleqraf” Media Holdinqinin rəhbəri Aynur Camalqızı Musavat.com -a açıqlamasında bildirdi ki, xalqın dövlət rəhbərinə təşəkkür məktubları olduqca qürurverici mənzərədir: “Ölkəmizin müxtəlif bölgələrindən, ictimai-siyasi xadimlərdən Prezidentə ünvanlanan məktubların məzmunu ilə mediadan tanışam. Kifayət qədər maraqlı və qürurverici mənzərədir. Bu, Azərbaycan xalqının böyüklüyünün, xarakterinin göstəricisidir. Bu xalq, bu toplum zərrə boyda da olsa, xeyirxahlığı, yaxşılığı unutmaz. Ortada isə dövlət rəhbərliyi səviyyəsində təqdirəlayiq, dövlətə və xalqa sadəcə, səlahiyyətlərdən irəli gələn bir fəaliyyət yox, bir övlad məhəbbəti, ürəkdən gələn yanğı, səmimiyyət, sevgi var. O məktubları görülən işlərə, dövlət rəhbərliyi səviyyəsində ortada olan fəaliyyətə göstərilən münasibət kimi qiymətləndirirəm.
Cənab Prezident son müşavirələrdən birində dedi ki, qarşımızda 2 yol vardı: ya iqtisadi durumu diqqətdə saxlamaq, ya da insanların sağlamlığını. Biz ikincini seçdik. Məncə, bu 2 cümlədə hər şey deyilir. Prezidentin xalqın sağlamlığını qorumaq, insanlarımızın koronavirusa yoluxmasının qarşısını almaq üçün bütün çətinlikləri öz üzərinə götürməsi böyük fədakarlıq nümunəsidir. Koronavirus pandemiyasının əhaliyə və iqtisadiyyata vurduğu zərərlərin minimallaşdırılması ilə bağlı ayrılan vəsaitin həcminə fikir verin. Olduqca böyük rəqəmdir – 2.5 milyard manat. Dövlətlərin pandemiyaya qarşı ayırdığı vəsait adətən onun ümumdaxili məhsulu ilə müqayisə edilir. Bunu bir daha qeyd etmək istərdim ki, Azərbaycan dövləti birbaşa Prezidentin tapşırığı ilə bu istiqamətə ümumi daxili məhsulun 3 faizindən çox vəsait ayırıb. Müqayisə üçün yada salaq ki, Rusiyanın bu istiqamətdə ayırdığı vəsait ümumi daxili məhsulunun 0,4 faizindən daha azdır”.
A.Camal vurğuladı ki, son proseslərə baxsaq, görərik ki, əslində Prezident 2,5 milyard manat vəsaitlə kifayətlənməyib: “Bütövlükdə dövlətin bütün imkanları bu istiqamətdə səfərbər edilib. Təkcə tibbi avadanlıqların alınmasına Prezidentin ehtiyat fondundan 97 milyon ayrılıb. Daha sonra əlavə olaraq tibbi avadanlıqların alınması üçün yenidən 150 milyon manat da ayrılıb. Nəticədə görülən bütün işlərə, ayrılan vəsaitə nəzər salanda aydın olur ki, koronavirusla mübarizəyə ayrılan maliyyə əslində 3- 3.5 milyard manat civarındadır və bu rəqəm də get-gedə artır. Bundan əlavə, prezident İlham Əliyev bu il üçün nəzərdə tutulan sosial proqramların təxirə salınmaması ilə bağlı da göstəriş verib və hazırda bütün sosial proqramlar, o cümlədən şəhid ailələri üçün mənzillərin alınması və tikintisi davam etdirilir. Və bütün bunlar ölkənin maliyyə gəlirlərinin azaldığı bir vaxtda həyata keçirilir. Bütün dünya iqtisadiyyatın zəifləməsindən, neft qiymətlərinin fantastik səviyyədə aşağı enməsindən əziyyət çəkir. İdxal-ixrac əməliyyatları azalıb. Dövlətlər təbii olaraq pandemiyaya görə öz sərhədləri daxilinə çəkilib. Karantin rejimi ilə bağlı bir çox qurumlar fəaliyyətini dayandırıb. Amma dövlətimiz gəlirinin bu qədər azalmasına rəğmən 300 mindən çox muzdlu işçinin aylıq yükünü, sahibkarlıq subyektlərinin ziyanının qarşılanması üçün onlara yardımları öz üzərinə götürüb. Əlavə olaraq, ardıcıl vergi güzəştləri nəzərdə tutulub. İşsiz kimi qeydə alınan 200 min insandan başqa daha 400 min nəfərin 190 manat minimal ödənişlə iki aylıq təmin edilməsi qərarı olduqca böyük humanizm, Prezidentin xalqı qoruması, onun həm səhhəti, həm də dolanışığı üçün bütün yükü üstlənməsinin nümunələrindən biridir. Düşünürəm ki, Azərbaycan xalqı minnətdarlıq və təşəkkürünü, sevgi və saygısını sözlə, məktubla dövlət başçısına çatdırmağa çalışır”.
el.jpg (14 KB)
“Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədlinin sözlərinə görə, xarici media da etiraf etdi ki, Azərbaycanın pandemiya dövründə gördüyü işlər davranışları bir nümunədir: “Koronavirusla mübarizədə, habelə, bu pandemiyanın yaratdığı iqtisadi-sosial problemlərin həllində, vətəndaşların ehtiyaclarının ödənməsində Azərbaycan dövləti gerçəkdən bir nümunə göstərdi. Əlbəttə ki, bütün bu işlər birbaşa prezident İlham Əliyevin nəzarətinin, göstərişlərinin və sərəncamlarının nəticəsidir. Davamlı olaraq Operativ Qərargaha, hökumətə vətəndaşların qayğıları, iqtisadi-sosial vəziyyətlə əlaqədar optimal variantların həyata keçirilməsi barədə tapşırıqlar verdiyini də bilirik, bunlar sirr deyil. Bütün ölkə şahidi oldu ki, mövcud durumda insanlarımızın əziyyət çəkməməsi üçün Prezident 3,5 milyard manat vəsait ayırdı. Hansı ki, hətta inkişaf etmiş, büdcəsi, gəlirləri bizdən qat-qat artıq olan bir çox ölkələrin rəhbərləri xalqa münasibətdə bu səxavəti nümayiş etdirə bilmədilər. Azərbaycanın pandemiya dövründə davranışlarının bir nümunə olması haqda Ukrayna, Rusiya, Moldova və digər ölkələrin nüfuzlu nəşrləri, yazarları da məqalələr yazıblar. Və təbii ki, Azərbaycan vətəndaşları da Prezidentin vətəndaşlarımıza, xalqımıza qayğısının əyani şahidləridir. Əlbəttə, bizim insanlarımız daim təşəkkür mədəniyyətini özündə ehtiva edən xalqdır və bu davranışı dövlət başçısına səmimi olaraq sərgiləyirlər. Şəxsən mənim özümün tanıdığım sadə insanlar var ki, onlar da Prezidentə təşəkkür məktubları ünvanlayıblar və bu onların ürəyindən gələn istəkdir. Çünki Azərbaycan Prezidentinin xalqa necə qayğı göstərdiyini hər kəs gördü. Demək olar ki, kimsə unudulmadı, diqqətdən kənarda qalmadı, xüsusi ilə aztəminatlı ailələrlə bağlı ən müxtəlif proqramlar dərhal icraya yönəldildi. Bu baxımdan Prezident təşəkkürlərə haqq edir və bu, dövlət-xalq münasibətlərinin səmimiyyətinin göstəricisidir”.
jj.jpg (58 KB)

Jurnalist Jalə Mütəllibova da açıqlamasında bildirdi ki, dövlət başçısı bu prosesdə Azərbaycanı ailə kimi yetişdirdiyi formatını ortaya qoydu: “Dünya bu gün COVİD-19 virusu ilə ciddi mücadilədədir. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan bu qorxunc, bəzən bioloji savaş adlandırdığımız, bəzən üçüncü dünya savaşı dediyimiz prosesdən kənarda qala bilmədi. Ancaq bu mücadilədə Azərbaycanın və onun ali rəhbərliyinin prezident İlham Əliyevin və birinci-vitse prezident Mehriban Əliyevanın əvəzsiz xidmətləri olması da diqqətdən yayınmır. Zatən İlham Əliyevin təkcə dövlət başçısı deyil, həm də insan olaraq humanist xarakterli biri olması bu prosesdə özünü son dərəcə aydın göstərdi. Eyni zamanda, vətəndaşlara “evdə qal” kampaniyası çərçivəsində müraciətində xanım Əliyevanın özünü “sizin Mehriban” imzası ilə təqdim etməsi də çox məramdan və diqqətdən, vətəndaşın yanına enə bilmək bacarığından, üstünlüyündən xəbər verir. Üç yüz minə qədər insan dövlətin karantin müddətində dəstəyini aldı. Cənab Prezident bu rəqəmi altı yüz minə çatdırdı. Fərdi təşəbbüsləri ilə insanlara dəstək edən imkanlı şəxslərə, siyasi xadimlərə, deputatlara efirdən minnətdarlığını bildirdi. Bu prosesdə hər kəsə yardım təşəbbüslü insanlara şərait yaradılması tapşırığını verdi. Düşünürəm ki, dövlət başçısı bu prosesdə Azərbaycanı ailə kimi yetişdirdiyi formatını ortaya qoydu. Təbii ki, bizim ailəmizin, Azərbaycanın, kaprizli, sözə baxmayan və sair mənfi keyfiyyətli insanları da olur. Amma biz onları da millət və dövlət olaraq başa sala bildik. Bundan başqa dövlət başçısının pandemiya müddətində imzaladığı əfv fərmanı da diqqəti çəkdi ki, bunu xüsusi qeyd etməkdə fayda var. Daha sonra, pandemiya müddətində tibb sahəsini ilə bağlı bir fabrik qısa müddət ərzində istifadəyə verildi, 500 yerlik xəstəxana açıldı. Hər birinin açılışında, dövlət başçısı və xanımı epidemiya riskini gözə alaraq şəxsən iştirak etdilər. Mən sadaladığım və hələ sadalamadığım xeyli işlərə görə dövlət başçısına da, birinci xanıma da yazar olaraq təşəkkürümü bildirirəm. Və təbii ki, bu prosesdə qanunu pozmaq istəyən, vətəndaşı dövlətdən və Prezidentdən narazı salmağa çalışan güclər də yox deyil. Bu prosesdə bəzi KİV-lərin, yerli radikal güclərin, hətta hakim siyasi komanda daxilindəki bəzi “güclərin”, eyni zamanda məmurların da özbaşınalıqları, qanun pozmaq cəhdləri mövcuddur. Çünki diqqətlə baxanda anlaşılır ki, bu gün Azərbaycan Prezidenti sadaladığım məsələlərin hər birinin fərqindədir. Buna rəğmən vətəndaşının yanındadır. Eyni zamanda, karantin müddətini başa çatdıqdan sonra ölkə başçısının yeni bir islahat dalğası reallaşdıracağından əminəm. Bu mövqeyinə görə hər birimiz, dövlət və Prezidentin yanında olmalıyıq”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ