“Küçələr doludur adamla, hamının əlində arayış…” – Göyçayda karantin hiss olunmur
Tarix: 21-04-2020, 08:00
Baxılıb: 856
Google+ Paylaş
Tumblr Paylaş

“Küçələr doludur adamla, hamının əlində arayış…” – Göyçayda karantin hiss olunmur

21-04-2020, 08:00

Koronavirus pandemiyası ilə bağlı ölkə rəhbərliyi səviyyəsində görülən bütün tədbirlərə, tətbiq olunan qadağalara rəğmən, təəssüf ki, istər paytaxtda, istərsə də bir çox rayonlarımızda nəqliyyat vasitələrinin və vətəndaşların hərəkət sıxlığı müşahidə olunmaqdadır. Və bu sıxlığın yaranmasının əsas səbəblərindən biri də bəzi şirkətlərin və sahibkarların öz “Asan imza”larından istifadə etməklə, onlara aidiyyatı və yaxud faktiki əmək fəaliyyəti olmayan çoxlu sayda vətəndaşa icazə vərəqəsi verməsidir.
Təəssüf ki, özəl şirkətlər və sahibkarlarla yanaşı, bəzi dövlət qurumlarının da heç bir ehtiyac və əsaslandırma olmadan kütləvi şəkildə icazə arayışları paylaması hallarına rast gəlinir. Məsələn, Göyçaydakı mənbələrimizdən “AzPolitika.info”-ya daxil olan məlumatda rayonda koronavirus pandemiyası ilə bağlı karantinin demək olar ki, hiss olunmadığı bildirilir. Küçələrin adamlarla, yolların şəxsi nəqliyyat vasitələrilə dolu olduğu qeyd edilir. Doğrudur, rayonun giriş-çıxışlarında və daxilində bütün rayonlarda olduğu kimi postlar qurulub və yoxlamalar aparılır. Lakin xüsusilə də rayon mərkəzindəki sıxlıq və hərəkətlilik pandemiyadan əvvəlki dövrdən demək olar ki, fərqlənmir.

Bunun insan sağlamlığına, rayondakı epidemioloji duruma yaratdığı təhlükəni və narahatlığı xüsusi izah etməyə yəqin ki, ehtiyac yoxdur. Ancaq narahatlıq doğuran məqam həm də rayon mərkəzində dolaşan sakinlərin çoxunun üzərində Göyçay Rayon İcra Hakimiyyətinin verdiyi icazə arayışının olmasıdır. Redaksiyamıza verilən məlumatda qeyd olunur ki, bu arayışlar kütləvi şəkildə paylanılıb və polisin yoxladığı şəxslərin çoxu hüquq-mühafizə orqanı əməkdaşlarına sözügedən arayışı təqdim edir. Bu səbəbdən polis orqanları həmin şəxslərin hərəkətinə məhdudiyyət qoymaqda aciz qalır.

Belə görünür ki, müvafiq qurumların bu məsələni araşdırmasına ehtiyac var.
reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ