Dünyanın yeni hökmdarı ABŞ-ı devirib, tacını taxıb, taxtına oturub...
Tarix: 19-04-2020, 13:00
Baxılıb: 1 504
Google+ Paylaş
Tumblr Paylaş

Dünyanın yeni hökmdarı ABŞ-ı devirib, tacını taxıb, taxtına oturub...

19-04-2020, 13:00

Epidemiyanın ilk dalğasının hələ nə qədər davam edəcəyi bilinməsə də, ikinci və üçüncü dalğanın da ola biləcəyi ehtimalı, bu "xəmirin hələ çox su aparacağı"nı göstərir...

Bu ehtimal reallığa çevrilərsə, deməli, insanlar bu virusun mövcud olduğu şəraitdə yaşamağı da öyrənməli olacaqlar...

Nəhəng dünyamızın olduğunu düşünürdük. Ta ki, gözlə görünməyəcək qədər kiçik bir "varlıq" - koronavirus peyda olanadək, hətta buna çox əmin idik.
Ancaq bu kiçik "varlıq" peyda oldu və dünyanın real ölçülərini özü müəyyən etdi. Həm də çox amansızcasına...
Əsrlərboyu nəhəngliyi ilə lovğalandığımız dünyamızı kiçiltdi. Hətta o qədər kiçiltdi ki, az qala öz varlıq ölçülərinə yaxınlaşdırdı.
Bəs, bundan sonra necə olacaq? Dünya yenidən böyüyüb, nəhəngləşəcəkmi? İnsanlar yenidən əvvəlki həyat tərzinə, yaşam vərdişlərinə dönə biləcəklərmi?
İndi hər kəsi - dövlətləri də, fərdi qaydada insanları da bu və ya buna bənzər suallar düşündürür. Cavablar da axtarırlar. Ancaq kimsənin cavabı qəti və inandırıcı deyil.
1504871982maxresdefault_2.jpg (49 KB)
Eyni qənaətdən də uzaqdır, cavablar... Bir qisim əmindir ki, mövcud situasiya müvəqqətidir. Tezliklə hər şey öz əvvəlki axarına qayıdacaq. Hər şey əvvəlkindən də gözəl olacaq.
Digər bir qisim isə eyni düşüncədən çox-çox uzaqdır. Əksinə, optimist olanları reallığa uyğun olmayan ümidlərə yelkən açmaqda qınayırlar.
Onların fikrincə, insanlar əvvəlki dünyanı nə qədər tez unutsalar, bir o qədər reallığa yaxınlaşmış olarlar. Çünki daha heç bir şey əvvəlki kimi olmayacaq. Dünya düzəni dəyişəcək, insanların həyat tərzi fərqli məzmun daşıyacaq, planetdə mövcudluq şərtləri yenidən yüklənəcək və s...
Bunlardan hansı daha inandırıcı ehtimaldır? Qərar vermək hələ çox tezdir. Çünki bəşər övladı hələlik öz önünü görə, gələcəyini tam aydınlığı ilə təsəvvür edə bilmir.
Hələlik aydın olan və hamının da artıq qavradığı tək bir şey var. Hazırda heç bir şey əvvəlki kimi deyil. Bəşəriyyət vərdiş etdiyi nəhəng dünyadan alışılması asan olmayan mikro dünyaya transformasiya edilib.
bezi-mallara-gore-gomruk-nezareti-guclendirilecek-8043.jpg (337 KB)
Dövlətlərarası münasibətlər dəyişib, məhdudlaşıb, sərhədlər qapadılıb. İnsanlar arasındakı ünsiyyət də yeni format qazanıb.
Artıq qohumlar bir-birinə qonaq getmir, gedənlər də narahatlıqla qarşılanır. Dostlar bir-birilərinin əlindən tutmaz olub. Ənənəvi salamlaşma yolverilməz sayılır. İndi hər kəs dostunu, tanışını gördükdə əlini sinəsinə vurur, lap qədim dövrlərdə olduğu kimi... Sanki hər tərəf "Kuruluş Osmanlı" serialındakı kimi kayı obasına çevrilib.
Təbii ki, bu anlamsız həyat tərzi bir gün yeniləcək. Necə olacağı bilinməsə də, hər halda, bu durum əbədi sürməyəcək. Halbuki bunun üçün insani səbr əsas şərtlərin başında gəlir. Və bu, indi ən çox vacib olan şeydir.
Ancaq bu dövr bir çox önəmli məqamları da ortaya çıxartdı. Məlum oldu ki, bütün situasiyalardan maksimum faydalanmağı bacaran şəxslər üçün bu durum da ən gözəl fürsətlərdəndir.
Məsələn, bəziləri bütün dövrlərdə olduğu kimi öz süni təbliğatlarını qurmaqda çətinlik çəkmədilər. İnternet resurslarından oxuduqları alayarımçıq məlumatları mütləq həqiqət kimi sırıyaraq, özlərini virusla mübarizənin önəmli mütəxəssisləri obrazında təqdim etməyə çalışdılar və buna müəyyən qədər nail də oldular.
Bəzi tibb alimləri virusun dərmanını tapdıqlarını iddia etdilər. Özlərini bəşəriyyətin xilaskarı obrazına yüklədilər. Başlanğıcda ümidə ehtiyac duyan insanlar onlara inandılar. Ancaq ümidin qarşılığı boş çıxdı. Belə "umid dəllallığı" ABŞ, Fransa, Rusiya, Almaniya, İran və s. ölkələrdə müşahidə edildi.
Nəticədə bu istiqamətdə iddialar o qədər adiləşdi ki, artıq inandırıcılığını da tamamilə itirdi. Hətta doğru ola biləcək iddialar da şübhə doğurmağa başladı.
Ekran Alıntısı.JPG (48 KB)
Məsələn, bir neçə gün öncə daha bir analoji iddia Türkiyədə səsləndirildi. Türkiyədə məşhur olan professor Ercüment Ovalı koronavirusun qarşısını alacaq dərmanı tapdığını özünün sosial media hesabından bəyanladı. O, həmin dərmanın dərhal klinik tətbiqini tələb etdi.
Ancaq deyəsən, onu da ciddiyə almadılar. Çünki professor həmkarları tərəfindən əsassız ümid dağıtmaqda suçlandı. Hətta Türkiyənin səhiyyə naziri Faxreddin Qoca professora "Dərman hazırlamaq strateji işdir. Sosial media üzərindən yapılmaz" qarşılığını verdi.
Yəni professorun iddiası müəyyən mənada, süngü ilə qarşılandı.
Halbuki onun iddiasına daha dözümlü də yanaşmaq olardı. Çünki professor özündən o qədər əmin idi ki, bəlkə də ciddiyə almaq yersiz olmazdı.
Məsələ ondadır ki, professor ilk bəyanatını aprelin əvvəllərində səsləndirmişdi və dərman üzərində gərgin iş getdiyini, ayın 23-də bütün dünyanı sevindirəcəklərini demişdi.
Son açıqlamasında isə nəticəyə nail olunduğunu, insanların həyatını xilas etmək üçün vəd etdiyi tarixi gözləməyi yolverilməz hesab etdiyini vurğulamışdı. Hətta sonda dərman üzərində gecə-gündüz laboratoriyada onunla birlikdə çalışan həmkarlarını qəhrəman adlandıraraq, onlara təşəkkür də etmişdi.
Ancaq bütün bunlara baxmayaraq, professor Ercüment Ovalının iddiası hazırda kimsənin umurunda belə, deyil. Bəlkə bu da bir eqo savaşıdır? Ola bilsin ki, Ercüment doktoru xilaskar obrazına layiq bilmirlər. Yəqin ki, bu, tezliklə aydınlaşar.
1.jpg (49 KB)
Yeri gəlmişkən, bu laboratoriya mövzusu son günlər olduqca aktuallaşmağa başlayıb. Belə ki, virusun nə vaxt gedəcəyini aydınlaşdıra bilməsələr də, onun haradan gəldiyini "müəyyənləşdirmək" uğrunda da yarış başlayıb.
Əvvəlcə hər kəs virusun Çindəki heyvan məhsulları bazarından dünyaya yayıldığını düşünürdü. Halbuki həmin dövrlərdə biz dünyanın laboratoriyada hazırlanmış bioloji silahla üz-üzə qaldığını yazmışdıq. Bunu mövcud situasiyaya, hadisələrin inkişaf istiqamətlərinə, hədəfə alınmış dövlətlərin təsnifatına və s. önəmli faktorlara dayanaraq, ehtimal etmişdik. Və bəziləri bunu təxəyyülün məhsulu hesab etmişdilər.
Ancaq indi dünya liderləri də bioloji silah variantını ön planda tuturlar. Hətta ABŞ-da bu virusu rəsmi olaraq, "Çinin bioloji silahı" adlandırırlar.
Bir müddət öncə isə ABŞ-da bu virusu laboratoriyada hazırlayıb, Çinə satdığı iddia edilən virusoloq həbs edilmişdi. Əgər, bir virus laboratoriyada hazırlanıbsa, deməli, birmənalı şəkildə bioloji silahdır. Virusoloqun həbsi əslində, məhz bu reallığın hüquqi etirafı idi.
Maraqlıdır ki, son günlər bu etirafın yeni versiyası dövriyyəyə buraxılıb. ABŞ-ın əsas müttəfiqi olan Böyük Britaniya rəsmiləri iddia edirlər ki, virus Çindəki ABŞ-ın maliyyələşdirdiyi bir laboratoriyadan sızıbmış...
mobile_image-f00d3963cf228b8225ab47165fa6633a.jpg (55 KB)
Deyəsən, əsas məqsəd kimi şübhələri və beynəlxalq məsuliyyəti ABŞ-dan yayındırmağın mümkün variantları sınaqdan çıxarılır. Yəni nə olubsa, ABŞ-ın deyil, Çinin günahı ucbatından olduğunu demək istəyirlər. Eyni zamanda ABŞ-dakı və Çini öz maliyyə-iqtisadi yatırımları ilə dünya nəhənginə çevirməyə nail olmuş "dərin güclər"dən birini hədəf taxtasına çıxartmağa çalışırlar.
Bütün bunlarsa, ötən yazılarımızdan birində vurğuladığız kimi, hazırda dünyada baş verənlərin ABŞ-da "dərin güclər" arasında gedən amansız savaşın inikası olduğunu təsdiqləyir. Və bu savaş tərəflərdən birinin mütləq qələbəsi ilə bitmədən virusun yox olma ehtimalı o qədər də inandırıcı görünmür.
Yeri gəlmişkən, ABŞ-da prezident Donald Trampa müxalif olan bəzi media qurumları Ağ Evin virusla mübarizədən daha çox, əhalinin mütləq əksəriyyətinin yoluxmasına üstünlük verdiyini iddia edirlər. Və bu iddialarında Ağ Evdəki məxfi mənbələrə istinad etdiklərini vurğulayırlar.
Əslində, prezident D.Trampın bir müddət öncə iş yerlərinin fəaliyyətinin bərpasına yönəlik qərar qəbul etməsi də bu iddialara inandırıcı görüntülər verir. Ştatların qubernatorlarının həmin qərarın reallaşdırılmasının yolverilməz olduğunu bəyanlamasından sonra Ağ Ev sahibi həvəssiz də olsa, geri çəkilmək məcburiyyətində qaldı. Yəni Ağ Ev sahibinin bu məsələdə sözü keçərli olmadı.
unnamed.jpg (50 KB)
Maraqlıdır ki, Avropada da analoji mövqedə olan dövlətlər var. Məsələn, Almaniya, Belçika, Hollandiya, Danimarka, Çexiya və daha bir neçə ölkə iş yerlərinin fəaliyyətinin bərpasına meylli mövqedən çıxış edir. Sadəcə, daxili ictimai qınaq həmin ölkələri bu mövzuda daha ehtiyatlı davranmaq məcburiyyətində qoyur. Və həm ölkələrin siyasi elitası bu mövzuda daha astadan danışmağa üstünlük verirlər.
Göründüyü kimi, bir çox məsələlər hələ də müəmmalı olaraq, qalmaqdadır. Ona görə də, virusun hələ uzun müddət planetdə qalıcı olma ehtimalı da istisna deyil.
Yəni insanlar uzun müddət bu virus ilə yanaşı yaşamaq məcburiyyətində qala bilərlər. Bu, reallığa çevrilərsə, deməli, insanlar bu virusun mövcud olduğu şəraitdə yaşamağı da öyrənməli olacaqlar.
Bu baxımdan, epidemiyanın birinci dalğasının hələ nə qədər davam edəcəyi məlum olmasa da, ikinci və üçüncü dalğanın da ola biləcəyinin gündəmə gətirilməkdə olması, bu "xəmirin hələ çox su aparacağı"nı göstərir. Çünki dünyanın ABŞ-ı belə, devirən yeni hökmdarı (koronavirus) tacını taxıb, taxtına oturub...
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)
 


Elçin XALİDBƏYLİ


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ