Bakıdan Türkiyəyə 88 TIR yardım göndərildi
Tarix: 10-02-2023, 18:50
Baxılıb: 224
Google+ Paylaş
Tumblr Paylaş

Bakıdan Türkiyəyə 88 TIR yardım göndərildi

10-02-2023, 18:50

Bakıda Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkənlərə yardım toplanması kampaniyası ilk gün olduğu kimi sürətlə davam edir.
reportyor.org xəbər verir ki, "Report"un əməkdaşı fevralın 10-da yardımın toplandığı ünvanlardan biri olan Heydər Əliyev adına İdman-Konsert Kompleksinə baş çəkib.
Məlum olub ki, bu gün də xeyli sayda insan aksiyaya qoşulub, zərərçəkənlərə yardım gətirib.
Universitet tələbələri, eyni zamanda orta məktəb şagirdlərindən ibarət könüllülər geyimləri çeşidləyərək hüquq mühafizə orqanlarının əməkdaşlarına təqdim edirlər. Həmin o yüklər xüsusi təlim keçmiş itlər vasitəsilə yoxlanılaraq daşınması üçün nəzərdə tutulan TIR-lara yüklənilir.
Azərbaycan-Türkiyə Yüzyılı Birlik və Dayanışma Platformasının üzvü Öndər Aksoy "Report"a açıqlamasında deyib ki, zəlzələ baş verəndən indiyədək Bakıdan Türkiyəyə 88 TIR yardım göndərilib.
Onun sözlərinə görə, artıq beşinci gündür zəlzələdən zərərçəkən vətəndaşlar üçün yardım toplama kampaniyası davam edir: "Toplanan yardımlar könüllülər tərəfindən çeşidləndikdən sonra TIR-lara yüklənir və qardaş ölkəyə yola salınır. Təkcə dünən 23 TIR yardım göndərmişik. Ümumilikdə indiyədək zəlzələ bölgəsinə 88 TIR yardım yola salmışıq. Bu gün isə 20-25 TIR-ın yola salınması nəzərdə tutulur".
O.Aksoy geyinilmiş (ikinci əl) geyimlərin qəbul edilib-edilməməsi məsələsinə də aydınlıq gətirib. O vurğulayıb ki, gətirilən geyimlər növünə görə çeşidlənir: "İkinci əl geyimlər ayrı, təzələri isə ayrı qutulara yığılır. İkinci əl geyimlərin nisbətən yaxşı vəziyyətdə olanları kimyəvi təmizləmədən sonra paketlənib, göndərilir. Gənclər və İdman Nazirliyi bizə çox böyük dəstək olur. Azərbaycanın digər qurumlarının da dəstəyini görürük. Azərbaycan universitetlərinin tələbələri, eyni zamanda orta məktəb şagirdləri bura könüllü olaraq gəlir və çeşidləmədə yardımçı olurlar".
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 18 991 nəfər ölüb, 75 523 nəfər isə yaralanıb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ