Rus səfirdən erməni nazirə güllə kimi sözlər: “Bizim hesabımıza...”
Tarix: 10-02-2023, 09:17
Baxılıb: 504
Google+ Paylaş
Tumblr Paylaş

Rus səfirdən erməni nazirə güllə kimi sözlər: “Bizim hesabımıza...”

10-02-2023, 09:17

Rusiyanın İrəvandakı səfiri XİN rəhbəri Mirzoyana xatırladıb ki, Ermənistan dövlət olmasına görə kimə borcludur; daha öncə Kremlin baş diplomatı erməniləri işğalçı adlandırmışdı - Moskvanın sıxma-boğmada məqsədi nədir?
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin arasında görüş olub. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, bu görüş həm də Stalinqradın azad olunmasının 80 illiyinə təsadüf edib.
Kopırkin Mirzoyanla görüşündə deyib ki, Stalinqrad azad olunmasaydı, Almaniya qalib gəlsəydi, o vaxt Türkiyə Ermənistanı işğal edərdi. Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya 24" telekanalına müsahibəsində Ermənistanın uzun illər Azərbaycan torpaqlarını işğal altında saxladığını vurğulayıb: ”Rusiya əraziləri saxlamaq istəyən Ermənistanın əvvəlki rəhbərliyinin o qədər də yaxşı dərk etmədiyi çoxsaylı variantları təklif etdi. Azərbaycan ona məxsus olan torpaqları qaytardı".
Bir sözlə, Lavrov Ermənistanın işğalçı tərəf olduğunu ermənilərin başına vurdu. Eləcə də Lavrovdan sonra səfir Kopırkinin məlum fikirləri Ermənistana yönəlik növbəti mesajdır. Görünən odur ki, bu mesajlar artır. Ermənilərə sanki açıq deyirlər ki, Ermənistan Rusiyanın hesabına dövlət olub. Yəni o vaxt Almaniya qalib gəlsəydi, Ermənistan Türkiyənin təsiri altına düşmüş olardı. Düzdür, o vaxt Türkiyə bitərəf mövqedən çıxış edirdi, amma Birinci Dünya müharibəsində Almaniya ilə müttəfiq olduğu üçün proseslərin gedişindən asılı olaraq Ankara Berlinin tərəfində ola bilərdi. Almaniya təşəbbüsü ələ alsaydı, belə bir ehtimal yüksək idi. Görünür ki, Rusiya getdikcə Ermənistana qarşı tənqidlərin və təhdidlərin dozasını artırır, bunu hətta aşağılayıcı həddə edir. 
Maraqlıdır ki, Lavrovun mövqeyinə Paşinyan hökuməti heç bir reaksiya bildirməyə cəsarət etmədi. Doğrudur, Rusiya XİN başçısının açıqlamasını başqa cür də oxumaq olardı: 7 rayonun işğal edildiyini desə də, yuxarı Qarabağı sanki ayırmış oldu. Amma hər halda ermənilərə solaxay bir zərbə idi ki, siz bir xalqın torpağını 30 il işğalda saxlamısınız. Mirzoyan isə xorvatiyalı  nazirlə keçirdiyi mətbuat konfransında deyib ki, “bəzi məsələlər, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyəti və siyasi qiymətləndirmələrlə bağlı Rusiya ilə fikir ayrılıqlarımız var”. O bildirib ki, bunu böhran adlandırmaq şişirtmə olar: “İrəvanla Moskva arasında münasibətlərdə böhran yoxdur. Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətləri var, həmçinin çoxlu ikitərəfli və çoxtərəfli sazişlər mövcuddur”.
Göründüyü kimi, Rusiya ilə onun vassalı, təbəəsi olan Ermənistan arasında gərginliyin tempi getdikcə yüksəlir. Rusiya bu ölkəyə arxa bağçası kimi baxır, onu itirmək də istəmir, amma Paşinyan hakimiyyəti ilə Ermənistan arasında fərq qoyur, rusların İrəvandakı bu komandaya nifrəti var. Moskvanın bu mesajlarının da şifrələri yuxarıda sadaladığımız amillərlə bağlıdır. Sadəcə, sual oluna bilər ki, Kreml İrəvanın xirtdəyindən yapışıb sıxmağa davam etdikcə onu özünə çəkməyə, yenidən peykinə qaytarmağa nail ola biləcəkmi? Avroatlantik məkana inteqrasiya xətti tutduğu görünən Paşinyan komandasının Rusiya ilə münasibətləri hara qədər belə gərgin tonda davam edəcək?
Azərbaycan Milli İstiqlal Partiyasının Sədri – Azərbaycan Milli İstiqlal  Partiyası
Arzuxan Əlizadə
“Yeni Müsavat”a Rusiya-Ermənistan münasibətlərini şərh edən AMİP sədri Arzuxan Əlizadə qeyd etdi ki, İrəvan Moskvadan asılıdır. Partiya sədrinin sözlərinə görə, Rusiyanın bu ölkədə siyasi-iqtisadi və hərbi təsirləri mövcuddur. A.Əlizadənin fikrincə, Paşinyanın 2018-ci ildən antirus siyasəti öz yerində, amma son addımları Kremli daha da qıcıqlandırıb. “Xüsusən də Avropa İttifaqının mülki missiyasını iki illik sərhədə gətirməsi rusların xoşuna gəlmir. Gedişat belə deməyə əsas verir ki, Ermənistanın addımlarının davamı gələ bilər, bu halda Rusiyanın Paşinyan iqtidarı ilə bağlı qərarları olacaq. Rusiyanı qəzəbləndirən ikinci məsələ Paşinyanın son ifadəsidir. Erməni baş nazir söylədi ki, mülki missiyanın rolu Rusiya və Ermənistanın Azərbaycana qarşı addımlar atıb-atmayacağını dəqiqləşdirməkdir. Erməni müxalifəti də buna reaksiya verib. Məncə, Nikol ciddi siyasi səhv edib. Yəni belə çıxır ki, missiya Rusiyanın özünü necə aparmasına nəzarət edəcək. Bu ifadəni səsləndirməsi Moskvanı hiddətləndirib”, - deyə AMİP sədri vurğuladı.
A.Əlizadənin fikrincə, ümumilikdə Rusiya bölgənin nəzarətdən çıxmasına imkan vermək istəmir: “Qarşıdakı dövrdə Qərbin hər hansı təyinatla regionda mövcudluğu vəziyyəti gərginləşdirəcək. Biz Rusiyanın Ermənistana ciddi təzyiqlərinə şahidlik edəcəyik. Bu sıxışdırmanın Ermənistanda hakimiyyət dəyişikliyinə gətirib çıxarmasını gözləmirəm. Buna əvvəl cəhd oldu, alınmadı. Çünki Paşinyanın tərəfdarları var və xalq ona alternativ hələ ki görmür. Vardanyanı göndərmişdilər ki, onun əli ilə nəsə eləsinlər. Amma bu fiqur da planları yerinə yetirə bilmədi. Paşinyan onsuz da lazım gələndə Rusiyanın tələblərini yerinə yetirir. Hətta ötən ilin sonunda Soçi görüşündən qabaq bəyan etmişdi ki, rus hərbçilərinin Qarabağda 20 - 25 illik qalmasını təmin edəcək sənədə qol çəkməyə hazıram. Ona görə Ermənistanda iqtidar bir neçə stulda əyləşən siyasət yürütməkdədir”.
Avropadakı türk dəstəkçisi ölkə - Macarıstanla münasibətlərdə yeni mərhələ
Fuad Əliyev 
ALDP sədri Fuad Əliyev isə Rusiyadan Lavrov və səfir səviyyəsində ismarışları təsadüfi saymır: “Rus ekspertləri də tez-tez ermənilərin yadına salırlar ki, varlığınız üçün bizə borclusunuz. Sizə dövləti də biz yaratmışıq, sizin bölgədə yaşamağınıza da dəstək vermişik, ordunuzu silahlandırmışıq, dəmiryollarınız əlimizdədir, indi nə üzümüzə ağ olursunuz?! Yəni mesajları mən belə qiymətləndirirəm. Rusiya Ermənistanın təzə ağa axtarmasını, yeni qucaq tapmasını qəbul etməyəcək. Məncə, Putin Paşinyanı hələ lazımı qədər sıxmayıb. Rusiya Ermənistana təzyiq göstərmək üçün böyük resurslara malikdir, onun cüzi hissəsini göstərib. Ermənistanın Avropa İttifaqını sərhədə çağırması, Gümrü qarşısında aksiyalar təşkil etməsi bağışlanmayacaq. Paşinyan strateji seçim etdiyini göstərir və Rusiya bu ölkəni əldən verməyəcək. Əslində ermənilər ruslara minnətdar olmalıdırlar, onların Rusiyaya daha çox ehtiyacı var. Əgər Paşinyan Avropa ilə əlaqələri inkişaf etdirmək istəyirsə, bunu Rusiyanı qıcıqlandırmadan, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdıraraq etməlidir”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ