“Cənubi Qafqaz Türkiyəyə tapşırılır” - Satanovski erməniləri qorxudur, yoxsa...
Tarix: 7-02-2023, 11:11
Baxılıb: 2 470
Google+ Paylaş
Tumblr Paylaş

“Cənubi Qafqaz Türkiyəyə tapşırılır” - Satanovski erməniləri qorxudur, yoxsa...

7-02-2023, 11:11

Arzu Nağıyev: “Ermənistan regionda iqtisadi inkişafa nail olmaq istəyirsə, bunun Türkiyə ilə əlaqəli olduğunu dərk etməlidir”

Rusiyalı şərqşünas, “Yaxın Şərq İnstitutu” elmi mərkəzinin prezidenti Yevgeni Satanovski Türkiyənin bütün Cənubi Qafqazı sülh və firavanlıq zonasına çevirmək planlarının Ermənistan üçün “nəticələri”ni dəyərləndirib.
“Yeni Müsavat”ın məlumatına görə, ekspert hesab edir ki, Qərb Türkiyəyə Cənubi Qafqazı idarə etmək “xeyir-dua” verməyə hazırdır. “Türklərə hər şeyi həyata keçirmək üçün təkcə Azərbaycan və Gürcüstan deyil, həm də Ermənistan daxil, bütün Cənubi Qafqaz lazımdır. Daha doğrusu, Böyük Avrasiya tranzitini təşkil etmək üçün onlara Zəngəzur dəhlizi lazımdır ki, bu da məhz Ermənistanın Sünik bölgəsi deməkdir”, - Satanovski teleqram kanalında yazıb.
Onun fikrincə, Ermənistan türklərə yalnız onların mütləq nəzarətində olan (yaxud formal olaraq müstəqil və Rusiyanın orada müəyyən mənada maraqları nəzərə alınan ölkə) bir vilayət kimi faydalı ola bilər, Qarabağda ermənilərə isə qətiyyən ehtiyac yoxdur: “Beləliklə, Ankaranın nöqteyi-nəzərindən onların prinsipcə müstəqilliyindən söhbət gedə bilməz, bunun üçün türklər regionda birbaşa döyüşməyə hazırdırlar (hələlik Rusiya ilə olmasa da). Bunu İkinci Qarabağ müharibəsi zamanı hər kəs görə bilərdi”.
Avropalılara və amerikalılara gəlincə, Satanovskinin sözlərinə görə, onlar Moskva ilə qarşıdurma çərçivəsində Ərdoğanı sevməmələrinə baxmayaraq, Türkiyəyə Güney Qafqaza nəzarət “paketi”ni verməyə hazırdırlar.
Aydındır ki, Satanovski bu sözləri həm də erməniləri Türkiyəyə qarşı daha da radikallaşdırmaq, bir az da qorxutmaq üçün deyib. Bəs belə bir perspektiv nə dərəcədə realdır, Qərb gerçəkdənmi Güney Qafqazı Türkiyəyə tapşırır? 
Arzu Nağıyev: Ermənistanda seçki öncəsi siyasi böhran daha da dərinləşəcək  - AZƏRTAC
 Arzu Nağıyev
Millət vəkili Arzu Nağıyevin fikrincə, Ermənistan regionda iqtisadi inkişafa nail olmaq istəyirsə, bunun Türkiyə ilə əlaqəli olduğunu dərk etməlidir. “Yeni Müsavat”a şərhində A.Nağıyev qeyd etdi ki,  Türkiyə-Ermənistan sərhədi NATO-Rusiya sərhədi olsa da, gələcək perspektiv üçün sərhədin açılması, eyni zamanda regionda inkişafın bərqərar olması, Ermənistanın özünün də düşdüyü bu tənəzzüldən çıxması üçün Türkiyənin rolu önəmlidir: “44 günlük müharibədən sonra 3+3 formatı gündəmdə idi, lakin İran, eyni zamanda Ermənistan bunun əleyhinə çıxdılar.  Təbii ki,  ayrı-ayrı dövlətlər arasında normal münasibətlər var. Zəngəzur dəhlizinin açılması, beynəlxalq logistika Azərbaycanın ərazisindən keçməlidir.  Türkiyə bu məsələdə maraqlıdır, çünki istənilən Avropaya çıxış Naxçıvan vasitəsilə Türkiyəyə, sonra da digər istiqamətə gedir”.
Millət vəkili məsələnin siyasi tərəfi ilə bağlı da şərh verdi: “Region təkcə Türkiyənin nüfuz dairəsində deyil. Burada Rusiyanın, Qərbin və digərlərinin də nüfuzu var. Çindən başlayaraq Avropaya daşımalar bizim ərazimiz vasitəsilə daha təhlükəsiz və yüksək səviyyədə həyata keçirilə bilər. Buna görə də Satanovskinin çıxışı birmənalı şəkildə təzyiq kimi dəyərləndirilməməlidir. Əsas məsələ budur ki, bu danışıqdan sonra Türkiyənin də nüfuzu qalxır, eyni zamanda Ermənistan da bunu dərk edir.  Avropanı - Fransanı və s. bura dəvət etməklə problem həll olunmur. Satanovskinin fikirlərində məntiq var. Sadəcə olaraq, müxtəlif rakurslardan yanaşdıqda bu, Ermənistana təzyiq kimi dəyərləndirilə bilər. Ciddi şəkildə fəaliyyət həyata keçirə bilmək üçün Türkiyə regionda olmalıdır. Biz Rusiya-Ukrayna müharibəsində həm də ərzaq təhlükəsizliyi və s. məsələlərdə bunu gördük. BMT səviyyəsində bu dəyərləndirilib”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ