Qlobal erməni lobbisi Azərbaycana qarşı total oyunda - 2023 həlledici il olacaq
Tarix: 7-02-2023, 10:13
Baxılıb: 380
Google+ Paylaş
Tumblr Paylaş

Qlobal erməni lobbisi Azərbaycana qarşı total oyunda - 2023 həlledici il olacaq

7-02-2023, 10:13

Erməni separatçılığına “zəhər verən” mərkəzlər iş başında-prosesi necə durdurmalı?; Sahib Alıyev: “Biz bu vəzifənin öhdəsindən gələ bilmədiklərini özləri də etiraf edən Rusiya hərbi kontingentinə yardım göstərməli, yüklərini azaltmalıyıq”; İlham İsmayıl: “Erməni silahlı qüvvələrinin çıxarılması konkret vaxt qoyulmaqla həll edilməlidir”
44 günlük müharibədəki halal qələbəmizi “həzm edə” bilməyən, ona “donuz piyi” qatmağa çalışan məkrli xarici çevrələr və qüvvələr ölkəmizə qarşı əsl savaş açıb. Belə ki, Azərbaycana qarşı informasiya müharibəsi bir an belə dayanmır.
Ermənistanın “böyük bacısı” Fransanın dominant mövqedə olduğu, korrupsiya qalmaqalları ilə gündəmə gələn Avropa Parlamenti az qala hər ay Azərbaycan əleyhinə qərəzli, fitnəkar qətnamələri təsdiqləyərək, Ermənistan parlamentindən də çox ermənilik edir. Ölkəmizə qarşı bu kimi demarşlar şübhəsiz ki, Avropada, özəlliklə Fransada, həmçinin ABŞ-da kök salmış erməni lobbisinin böyük pulları (rüşvəti) və fəaliyyəti sayəsində mümkün olur. Sirr deyil ki, erməni diasporu Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasında ciddi əngəllər yaradır. Və belə görünür, Bakı Qarabağ anklavı ilə bağlı daha qətiyyətli addımlar atdıqca Azərbaycana qarşı lobbinin bu virtual savaşı da artan templə davam edəcək. Hazırda erməni separatçılığına “zəhər verən” mərkəzlərin iş başında olduğunu söyləyə bilərik. Ancaq anti-Azərbaycan kampaniyanın durdurulması üçün gərəkəni etmək bizim əsas vəzifəmiz olmalıdır, əks halda, gecikə bilərik.
Yeri gəlmişkən, Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko bu xüsusda hesab edir ki, Ermənistan-Azərbaycan konflikti ilə bağlı mühüm dövr gəlir. Onun qənaətincə, 2023-cü ildən çox şey asılı olacaq və ermənilərin indi əsas gücü diaspordur, çünki bu, bütün dünyanı əhatə edən və nüfuzedici şəbəkə strukturudur; transkontinental fövqəldövlət əlaqələri və münasibətləri var; güclü lobbi mövqeləri və hətta dövlət başçıları və parlamentlər səviyyəsində erməni maraqlarının lobbiçiləri var; böyük maliyyə resursları və “kölgə şəbəkəsi”nə təsir göstərə bilən bankirlər var. Bundan əlavə, o, xüsusi ideologiya və kilsənin mövcudluğuna, tarixi miflərin müstəsna dərəcədə effektiv istismarına, lobbinin öz milli maraqlarını digər dövlətlərin dövlət siyasətinin prioritetlərinə çevirmək bacarığına diqqət çəkib. “2023-cü ildən çox şey asılıdır. Ermənistan bir ölkə kimi Azərbaycana uduzdu. Bu gün qlobal erməni diasporu Azərbaycana qarşı qlobal oyuna girir. Taleyüklü il olacaq...” - Korotçenko əlavə edib.
Azərbaycanlı ekspertlər rusiyalı hərbi ekspertin onun mövqeyini və gözləntisini bölüşürmü? Ermənistanın onurğasını qırdıq, hərbi zəfərimizi maddiləşdirməyə əngəl olmağa var gücü ilə çalışan qlobal erməni lobbisinin səylərini necə neytrallaşdırmalı, təbliğat mübarizəsini necə effektli eləməli?
Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, 2023-cü ilin Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi baxımından həlledici rol oynayacağını yerli telekanallara verdiyi intervüdə Azərbaycan Prezidenti cənab İlham Əliyev də bildirib: “Həmçinin onu da əlavə edib ki, Ermənistan Azərbaycanın irəli sürdüyü beynəlxalq hüquqa söykənən sülhlə razılaşmasa, bundan ən çox uduzan - burunlarından uzağı görməmələri səbəbindən - özləri olacaqlar. Hay diasporunun burada mənfi roluna gəldikdə, sizə üç nəfərin adını çəkmək istəyirəm: Ruben Vardanyan, Marqo Simonyan və Andranik Miqranyan. İndi soruşuram, Ruben Vardanyan Qarabağda kimin tapşırığını yerinə yetirir, rəsmi İrəvanla hər hansı əlaqəsi varmı? Cavab: Moskvanın, Paşinyanla komandasının isə əlacları olsa, onu bizdən də tez Qarabağdan rədd etməyə çalışar. İkinci sual: Marqo Simonyan Ermənistan rəhbərliyini Ukraynanınkından bəlkə də daha çox söyür, nəinki az. Marqoya hər iki ölkənin başında duranları söydürən kimdir, hay diasporu? Marqo və əri Tiqranla birgə hay diasporunun nə qədər təmsilçisinin Rusiya kanallarında Ukraynanın üstünə qısqırdıldığını görürük, bu da onların milli maraqlarına cavab verir? Rusiyadakı hay diasporunun üzdə olan daha bir təmsilçisi guya ziyalı, Moskva Beynəlxalq Əlaqələr İnstitutunun professoru Andranik Miqranyan xatırlayırsınızsa, Ermənistanda Moskva əleyhinə aksiya keçirilən vaxt soydaşlarını "eşşək uşağı" adlandırırdı".
S.Alıyev əminliklə bildirdi ki, digər ölkələrdə də vəziyyət belədir: “Hay diasporlarının, düzdür, bir neçə yerdə müəyyən eloktoral təsirləri var, amma orada da üzdə olan təmsilçiləri dövlətə, onun bəlli strukturlarına bağlıdırlar. Öz milli maraqlarını diqtə etməkdən çox, yerləşdikləri ölkələrin, bağlı olduqları strukturların tapşırıqlarını yerinə yetirirlər. Yəni əslində hay diasporu adından Azərbaycana qarşı edilən basqıların arxasında hay faktoru aysberqin ancaq görünən tərəfidir. Üstəlik, Kilikiya katalikosu Birinci Arazın da bildirdiyi kimi, İkinci Qarabağ savaşından sonra diaspordakıların Ermənistana və Qarabağdakı haylara maraqları azalıb. Amma tutaq ki, Fransa kimi dövlətlər hay diasporunun arxasında gizlənərək regionda öz imperialist maraqlarını təmin etməyə çalışırlar. Bizim bütün torpaqlarımız üzərində suverenliyimizin tam təmininin qarşısını almaq istəyən də hay diasporu deyil, Qarabağda hərbi kontingenti olanlar, İran, Fransa və sairdir. Hay diasporu da Ermənistanın özü kimi onların əlində alət, yaxud da tutalqadır”.
Sahib Alıyev (siyasətçi) — Vikipediya
Sahib Alıyev 
Bütün bunların fonunda bizim nə etməli olduğumuza gəldikdə, deputat bunları söylədi: “Fransanın Avropa Birliyinin digər üzvləri üzərində təsirlərinin neytrallaşdırılmasına yönəlik siyasətimizi yenə də uğurla davam etdirməli, haylardan daha çox bizə düşməncəsinə yanaşan İrandakı dinsiz rejimə və digərlərinə bu siyasətlərinin onlara çox baha başa gələcəyini anlatmaq üçün müdafiə və təhlükəsizlik potensialımızı ən çağdaş texnologiyalar da almaqla daha da artırmalı, insan haqlarının təmini baxımından Qərbi Azərbaycana qayıdış məsələsini ən azından hay diasporundan faydalanmağa çalışanların dominant olmadıqları platformalarda beynəlxalq gündəmin mövzularından birinə çevirməliyik. Amma ilk növbədə vətəndaş cəmiyyəti təmsilçilərimizin Laçın yolunda başlatdıqları aksiya öz məntiqi nəticəsini tapmalıdır. Bu il köçkünlərimizin Şuşa, Zəngilan və Laçına ilk kütləvi qayıdışlarının planlaşdırıldığını da nəzərə alaraq Laçın yolu ilə Ermənistandan mina, silah-sursat, muzdlu və terrorçu gətirilməsinin tam qarşısı alınmalıdır”.
S.Alıyev mühüm təkliflə çıxış edərək əlavə etdi ki, biz bu vəzifənin öhdəsindən gələ bilmədiklərini özləri də etiraf edən Rusiya hərbi kontingentinə yardım göstərməli, yüklərini azaltmalıyıq: “Yəni Azərbaycanın sərhəd və gömrük xidmətinin əməkdaşları Laçın yolunun Ermənistan tərəfdən başlanığıcında yoxlama nəzarət funksiyasını həyata keçirməli, Rusiya hərbi kontingenti isə üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi, o yolla Ermənistana gedib-gələn hay əslli dinc vətəndaşların təhlükəsizliklərini təmin etməlidirlər. Əslində heç buna da ehtiyac duyulmur, çünki Azərbaycanda heç kimin onlarla işi yoxdur. Amma yenə də buyursunlar, 2025-ci ilədək həmin yolla hərəkət edənlərin təhlükəsiz mənzil başına çatıb-çatmadıqlarını izləsinlər. Rusiya hərbi kontingenti Qarabağı tərk etdikdən sonra isə əminəm ki, təşrif gətirdikləri, yaxud da yaşadıqları ölkənin, yəni Azərbaycanın qanunlarına əməl edən bütün haylar həmin yolla daha rahat gedib-gələcək, onlara dəyib-toxunan olmayacaq”.
İlham İsmayıl: "Yeni kadr siyasətinə köklü keçidin əsası qoyulur" - Milli  Tribuna
İlham İsmayıl 
Təhlükəsizlik xidməti eksperti, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl isə qəzetimizə dedi ki, rusiyalı hərbi ekspertin qeyd olunan fikirlərində həqiqət yükü kifayət qədər böyükdür: “44 günlük müharibə bitəndən sonra erməni separatçılarının müdafiəçisi və Azərbaycanın ərazi bütövlüyünün de-fakto reallaşmasını əngəlləyən Rusiya olmuşdusa, son bir ildə separatçıların iddiasının yenidən müharibədən əvvəlki vəziyyətə qayıtması və dirəniş göstərmələri Kremlin siyasəti ilə yanaşı, həm də erməni diasporasının qlobal güclərə təsirinin nəticəsində onların dövlət siyasətində Qarabağ məsələsinin prioritetə çevrilməsi olub. Sadəcə olaraq, Cənubi Qafqaza təsir məsələsində Kremllə digər qlobal güclərin maraqları üst-üstə düşmədiyi üçün problem yekun həllini hələ də tapmır. Amma artıq beynəlxalq şərait və zaman o ərəfədədir ki, 2023-cü il Korotçenkonun dediyi kimi, "taleyüklü olacaq" və tale yükü daha çox bizim üzərimizə düşür. Erməni lobbisinin “səylərini neytrallaşdırmaq” yox, birbaşa Qarabağda dövlət nəzarətimizin yaranmasını həll etmək lazımdır. İllərdir formalaşmış və peşəkar informasiya sisteminə malik bir lobbi ilə qısa müddətdə-yəni taleyüklü 2023-cü ildə informasiya mübarizəsinə girişmək, daha doğrusu, təbliğat mübarizəsini əsas götürmək zaman baxımından bizim maraqlarımıza uyğun deyil. Bu iki il ərzində Xankəndi probleminin həllinə yaxınlaşmağımıza mane olmaq, məhz bizi əsas hədəfdən yayındırıb beynəlxalq təzyiqin hədəfinə çevirmək, nəqliyyat infrastrukturlarının açılmasına fokuslandırıb süni şəkildə sülh müqaviləsinin imzalanmasının zamanını uzatmaq elə diasporanın fəaliyyətinin nəticəsi deyilmi? Onların fəaliyyəti havadar dövlətlərin geopolitik maraqları ilə üst-üstə düşür və Rusiya, Fransa, İran bu prosesdə öndədir". İ.İsmayıl xüsusilə vurğuladı ki, bizim bu taleyüklü ildə hədəfimiz Xankəndi olmalıdır: “Laçın yolundakı dinc aksiyanın sonu sərhəddə nəzarət postumuzun yaranması ilə bitməlidir və bu ən qısa zamanda-üzümüzə gələn yaxın günlərdə həll edilməlidir. Bütün həlledici addımlar Azərbaycan tərəfdən atılmalıdır. Yaza qədər post qurulmasa, Laçın yolundakı aksiyanı əleyhimizə çevirəcəklər. Onsuz da "humanitar fəlakət" deyib, bizi beynəlxalq təzyiqin hədəfinə çevirməyə müəyyən dərəcədə nail olublar. Bu aksiya birmənalı şəkildə sərhədə nəzarətlə bitməlidir". Polkvovnik-leytenant bildirdi ki, ardınca erməni silahlı qüvvələrinin çıxarılması konkret vaxt qoyulmaqla həll edilməlidir: “Ən azı birinci yarım ilin sonunda keçmiş Dağlıq Qarabağda yaşamış qaçqınların yurdlarına qayıtması müzakirə predmeti olmalıdır. Ümumiyyətlə, bu il Azərbaycan diplomatik tələblərini sərt şəkildə qoymalıdır ki, qarşı tərəf müdafiə mövqeyində qalsın, bizim tələblərimizə cavab verməkdən başqa sülh yaratmayacaq müqavilənin şərtlərinə "əlavə şərtimiz var" deyib, məsələni bilinməz aylara, illərə sürüyəcəklər. Ona görə də informasiya mübarizəsi öz yerində, əsas diqqət dövlət nəzarətimizin Xankəndidə yaranmasına istiqamətlənməlidir. Bunu şərtləndirən həm də Rusiya-Ukrayna müharibəsinin yazda daha geniş miqyas alacağı barədə informasiyaların çoxalmasıdır. Zamanı dəyərləndirməliyik ki, tale yükü sonra ağır gəlməsin".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ