Doğrudanmı sülh uzun müddətə təxirə salınır?..
Tarix: 7-02-2023, 09:34
Baxılıb: 278
Google+ Paylaş
Tumblr Paylaş

Doğrudanmı sülh uzun müddətə təxirə salınır?..

7-02-2023, 09:34

Bu günlərdə Laçın dəhlizində baş verənlərdən bəhs edən yazısını bir erməni müəllifi bu sözlərlə bitirmişdi: “Burada sülh təxirə salınır, özü də? görünür, uzun müddətə”...
Onu bu sözləri yazmağa nə vadar edir? Məsələ bundadır ki, erməni siyasətində təkcə Robert Köçəryan və Serj Sərkisyan revanşist deyillər, yox, onların hamısı, o cümlədən də baş nazir Nikol Paşinyanın özü belə revanşistlərdir - bu adamlar indi də belə hesab edirlər ki, nə vaxtsa onların, necə deyərlər, bəxti təzədən güləcək və Azərbaycanın ərazilərini təzədən işğal edə biləcəklər. Odur ki, yazının əvvəlində gətirdiyimiz sitata təəccüblənməyin, bunların hamısı, adi jurnalistdən tutmuş düz baş nazirə qədər, hamısı xəstədir.
Amma dərhal sual yaranır: bəs onların gözləntiləri nə qədər realdır? Yox, bu dəfə proses daha otuz il uzanmayacaqdır, Azərbaycan addım-addım qalan torpaqlarını da qaytaracaq. Bəs onda ermənilər nəyə ümid edirlər?
Məsələ bundadır ki, Fransanın dəstəyi bunların başını əməlli-başlı gicəlləndirib. Hətta axır vaxtlar keçmiş ağaları Rusiyanı da eşitmirlər. Elə Fransa özü də əldən-ayaqdan gedir ki, ermənilərin xoşuna gəlsin - əvvəl bu ölkəyə iki yüz nəfərlik Avropa missiyasının göndərilməsinin vacib olduğunu deyirdilər. İndi bu ədədi iki min nəfərə çatdırmağı təklif edirlər...
Sözsüz ki, ruslar bunu sakitcə seyr edə bilməzlər. Amma Rusiya son vaxtlar ermənilərin gözündən yaman düşüb. Xarici işlər naziri S.Lavrovun sonuncu müsahibəsində “Azərbaycan öz torpaqlarını qaytardı” deməsi belə onları yaman qeyzləndirib. Amma siyasət təkcə emosiyalarla idarə olunmur. Burada ağıl da rolunu oynamalıdır.
Ermənilər isə ağıl sarıdan həmişə axsayıblar və indi də axsayırlar. Rusiya bəyan etdi ki, lazım gələrsə, iki günə KTMT-nin missiyasını Ermənistana göndərə bilər. Bunu adi bir adam yox, nazir Sergey Lavrov demişdi. Bu, bir növ növbəti ismarışdır. Görək, ermənilər buna nə cavab verəcək...
Bəs ermənilərin növbəti oyununun sonu necə görünür? İrəvan indi vaxtı uzatmağa çalışır. Ukraynada müharibə proqnozlaşdırıla bilinən duruma gəlməli, hətta Türkiyədə seçkilər bitməlidir. Amma Rusiya asanlıqla Ermənistandan əl çəkməyəcək. Ukraynadakı müharibədə hələ aydınlıq yaranmayıb, amma Moskva artıq Kişinyovu hədələyir.
Əlbəttə, Rusiya heç vaxt öz arzuları ilə imkanlarını tutuşdurmağa çalışmayıb. Ukrayna onun üçün hərbi-siyasi bataqlığa çevrilib və təkcə Ukraynada vuruşan qoşunlara yeni komandan təyin etməklə, müharibənin bir illik yubileyində həlledici nəticələrin olacağını vəd etməklə məsələ qəti bitmir - Kiyev geri oturmaq, təslim olmaq fikrində deyil, baxmayaraq ki, Qərb Ukraynaya hərbi dəstək məsələsində ziddiyyətli davranmaqda davam edir.
O ki qaldı ermənilərin sülh sazişinin imzalanmasını yubatbağa çalışmasına, əlbəttə, bir daha deyirik ki, Fransanın, hətta İranın dəstəyi onları ruhlandırır. Amma Fransa, hətta İran burada yeni Qarabağ savaşı açmayacaq. Türkiyədəki seçkilərlə bağlı da xam xəyallara düşmək lazım deyil - maya çox qalmasa da, hələki prezident R.T.Ərdoğana rəqib görünmür. Hətta Türkiyə siyasi olimpi başqa siyasi qüvvələrin nəzarətinə keçsə belə, “İki dövlət, bir millət” düsturu qüvvədə qalacaq.
Bircə anlığa zənn etsək ki, Rusiya burada oyundankənar vəziyyətə düşəcək, o halda proseslər ABŞ-ın nəzarətinə keçəcək - Vaşinqton isə  planında beynəlxalq hüquqa daha çox yer ayırır və ikitərəfli danışıqlara üstünlük verir.
Amma Rusiyanın da, bir daha deyirik ki, prosesi asanlıqla tərk etməsi güman olunmur. Fəqət, bu gün İrəvan Moskvaya arabir dirsək göstərirsə, bu o deməkdir ki, ermənilər də nəyisə hesablayıblar. Amma heç kim deyə bilməz ki, ermənilər hesablarında yanılmayıblar - yox, avantürst qərarların ardınca düşmək erməni tarixində çox olubdur. Fəqət, biz iki məqamı unutmamalıyıq.
Birincisi, Rusiya Ukraynada Qərbə uduza bilər və bu, onun geosiyasi ambisiyalarının sonu ola bilər.
İkincisi, biz adətən deyirik ki, fransızlar ermənilərə görə burada vuruşmazlar. Amma Fransanın böyük imperiya təcrübəsi və kənarlarda müharibə aparmaq təcrübəsi var. Unutmaq lazım deyil ki, bir vaxt Afrikanın böyük hissəi onun koloniyaları olub. Eyni xidməti Paris kiçik bacısı Ermənistana da göstərə bilər və bu gün o, iki minlik missiyadan dəm vurursa, deməli, Yeliseydə nəyisə hesablayaraq bu qərara gəliblər...
Hüseynbala Səlimov


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ