ABŞ Paşinyanı tələsdirir - Nikolun isə bir “gözü” Rusiyada, Bakı gözləmədədir
Tarix: 7-02-2023, 09:20
Baxılıb: 336
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ Paşinyanı tələsdirir - Nikolun isə bir “gözü” Rusiyada, Bakı gözləmədədir

7-02-2023, 09:20

Amerikanın “paket” həlli Rusiyanın “mərhələli” həllinə qarşı; erməni mənşəli amerikalı politoloq: “Ermənistan üçün ən ciddi təhlükə odur ki...”

ABŞ Dövlət Departamenti Qarabağ danışıqlarına dair bəzi məxfi sənədləri açıb. Nəyə görə bunu edib, dəqiqini özləri bilirlər. Ancaq olay ilk növbədə Bakı-İrəvan danışıqlarının neçə vaxtdır faktiki dayandığı və dalana girdiyi dönəmə təsadüf eləməsi ilə diqqət çəkir. Görünən həmçinin odur ki, həmin sənədlər əsasən Rusiyanın marioneti olmuş Köçəryan-Sərkisyan rejiminin 20 illik iqtidarı dövrünə addir və “Qərbin adamı”, “sorosçu” Nikol  Paşinyana aidiyyəti yoxdur.
Əslində var. O anlamda ki, üzə çıxarılan sənədlərdə bir daha özündənrazı Köçəryan-Sərkisyan tandeminin nə dərəcədə uzaqgörən olmadığı, “qızıl şansı” buraxdığı aydın görünür. Demək, erməni toplumu da müəyyən nəticə çıxarmalı, heç olmasa, Paşinyan hökumətinə doğru seçim üçün təzyiq eləməlidir. İkinci yandan, hesab eləmək olar ki, bununla N.Paşinyanın da radikal müxalifətə qarşı “əli güclənmiş” ola bilir.
İstisna deyil ki, rəsmi Vaşinqton Ermənistana məhz bu iki mesajı çatdırmaq istəyib. Daha doğrusu, belə bir ismarış ki, İrəvan tezliklə Bakı ilə anlaşsın və Rusiya faktoru bölgədə, xüsusən də Ermənistanda zəifləsin. Qısası, ABŞ Paşinyanı tələsdirir.
Nikolun isə bir gözü Rusiyadadır. Nə qədər qəribə görünsə də, həm sülhdən qorxur, həm də müharibədən. O üzdən 3 ildir nala-mıxa vurmaqla, Rusiya ilə Qərb arasında oynamaqla məşğuldur. Bununla da əslində Kremlin bölgədəki imperiya maraqlarına xidmət eləmiş olur. Ancaq iki güc mərkəzi arasında “rəqs” bir gün bitəcək. Həmin tarixi isə Amerika başda olmaqla, kollektiv Qərb xeyli yaxınlaşdıra bilər.
ABŞ Paşinyanı seçim qarşısında qoyub -Bu, Ermənistana baha başa gələcək
Bunun üçün Bakının 5 məlum prinsipi əsasında sülh müqaviləsini imzalamaqdan savayı başqa yol qalmadığını rəsmi İrəvana yaxşıca “başa salmaq” gərəkdir. Çünki Bakının Qarabağ ermənilərinə heç bir siyasi status verməyəcəyi bütün vasitəçi paytaxtlara gün kimi aydındır, o cümlədən də Vaşinqtona və Moskvaya.
Əfsus ki, Rusiyanın “Qarabağ problemi” üçün öz “həll modeli” var - hansını ki, Azərbaycan artıq rədd edib və heç vaxt yaxına buraxmayacaq. ABŞ-la bağlı isə hələlik analoji problemimiz yoxdur. Daha doğrusu, 30 illik danışıqlar dönəmindən fərqli olaraq, Amerika indi daha praqmatik mövqedə görünür. Qalır bunu praktikada təsbit eləmək. Hərçənd Vaşinqton da, deyəsən, Rusiya amilini nəzərə alaraq, astagəllik edir.
Bakıya gəlincə, ən aydın, ən ədalətli, ən dayanıqlı və ən güclü mövqe məhz ona məxsusdur. Odur ki, Azərbaycan gözləmədədir və tələsəcəyi bir şey yox. Bakı təmkinlə öz hədəflərinə doğru gedir. Qoy “izqoy” Ermənistan narahat olsun ki, Azərbaycan və Türkiyə ilə sülh müqavilələri imzalamayanadək, regionun ən həssas, ən zəif “bəndi” olaraq qalacaq, xüsusən də İran ətrafında gedən və kritik xarakter alan təhlükəli proseslər fonunda.
ABŞ Paşinyanı Rusiyanın əlindən alır: Ağ Ev sülhü dəstəkləyib, Kremlin  planlarını pozur
Bakı İrəvandan çox şey də istəmir. Əsasən 10 noyabr üçtərəfli sənədi ilə öz üzərinə götürdüyü öhdəlikləri reallaşdırmağı tələb edir. Bura xüsusən də qanunsuz silahlı dəstələrin Qarabağdan tam çıxarılması və Zəngəzur dəhlizinin açılması daxildir. Bunlar ya olacaq, ya da olacaq!                        
*****
“Ermənistan hakimiyyəti pərdə arxasında Azərbaycanın Sünikə (Qərbi Zəngəzur - red.) iddialarından əl çəkməsi müqabilində onun Qarabağ üzərində suverenliyinin tanınması imkanlarını müzakirə edir. Qərb də paket həll variantının tərəfdarıdır”.
“Yeni Musavat” erməni mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Lihay Universitetinin professoru, erməni əsilli politoloq Arman Qriqoryan danışıb.
“Ancaq rus versiyası öz mahiyyətinə görə mərhələlidir. Həmin varianta görə, bu gün Azərbaycan və Ermənistanın maraqları əsasında Qarabağın statusu məsələsinin həllinə nail olmaq mümkün deyil, ona görə də məsələ sülh müqaviləsi imzalanandan sonrayadək təxirə salınmalıdır. Bu, Ermənistana paket həlldən daha çox sərf edir”, - deyə Qriqoryan qeyd edib.
Qərb Rusiyanın regionda hegemonluğuna son qoya biləcəkmi...
Onun sözlərinə görə, “paket” variantının seçilməsi Rusiyanın regiondan çıxarılması prosesini nəzərdə tutur ki, bu da Moskvanın sərt dirənşinə gətirib çıxara bilər.
Ötən il Azərbaycanın hərbi xərclərinin 40% artdığını, güc balansını tamamilə öz xeyrinə dəyişdirdiyini söyləyən erməni analitik hesab edir ki, “belə olan halda hər şey Qarabağın ermənilərin əlində saxlanmasında maraqlı olan Rusiyanın mövqeyindən asılıdır”. Lakin bildirir ki, Moskva qondarma rejimin “müstəqilliyini” tanıya bilməz, çünki bu, Türkiyə ilə toqquşmaya gətirib çıxaracaq.
Qriqoryan həmçinin ABŞ və İsrailin İrana mümkün zərbələrinin Ermənistan üçün təhlükə olduğunu düşünür. Onun qənaətincə, Ermənistan üçün bundan ciddi təhlükə yoxdur.
“İranın sabitlik faktoru və İrəvanla münasibətləri Ermənistanın təhlükəsizliyi üçün çox vacibdir. İran kontekstində ABŞ vəziyyətin gərginləşəcəyi təqdirdə Azərbaycana dəstək verməyə hazır olduğunu bəyan edib. İsrail Azərbaycanda çox fəaldır ki, bu da qismən Tehrana qarşı siyasətlə bağlıdır. Türkiyə də Azərbaycanla İran arasında mümkün hərbi münaqişədən narahatdır”, - erməni ekspert əlavə edib.
*****
Göründüyü kimi, bölgə və ətrafında cərəyan edən proseslər Ermənistanın əleyhinədir. Çıxış yolu isə var: təcili Azərbaycan və Türkiyə ilə anlaşıb, onlardan özünə təhlükəsizlik zəmanəti almaq. O zaman İran və Rusiyadan asılılıq dərəcəsi kəskin şəkildə azalacaq - müvafiq xarici təhdidlərlə birgə. Üstəgəl, Qərbin, ABŞ-ın zəmanəti. Azdır?..


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ