“ABŞ Türkiyədə çevriliş hazırlayır” iddiası - münasibətlərdə siyasi hərarət yüksəlir
Tarix: 7-02-2023, 09:18
Baxılıb: 203
Google+ Paylaş
Tumblr Paylaş

“ABŞ Türkiyədə çevriliş hazırlayır” iddiası - münasibətlərdə siyasi hərarət yüksəlir

7-02-2023, 09:18

Xəbər verildiyi kimi, ABŞ başda olmaqla bir sıra Qərb ölkələri “terror təhlükəsi” ilə əlaqədar İstanbuldakı konsulluqlarını bağlayıb. Bu da Türkiyə ilə ABŞ arasında növbəti gərginliyə səbəb olub. Qalmaqal ABŞ-ın Ankaradakı səfirliyinin yanvarın 27-də verdiyi xəbərdarlıq əsasında yaşanıb.
Məlumdur ki, kəşfiyyat mənbələrinə istinadən İstanbuldakı xarici diplomatik nümayəndəliklərə Türkiyənin ən böyük şəhərində terror aktları hazırlanacağı barədə xəbərdarlıq olunub. Buna cavab olaraq Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ səfirliyinin xəbərdarlığının tamamilə əsassız olduğunu bəyan edib, bu qərarı “Ankaraya qarşı arxasında Vaşinqtonun durduğu psixoloji müharibənin davamı” adlandırıb. Ardınca Antalyada çıxış edən Süleyman Soylu ABŞ səfiri Cefri Flekə “çirkli əllərinizi Türkiyədən çəkin” deyib. Əlavə edib ki, ABŞ səfirləri həmişə Türkiyədə dövlət çevrilişini necə həyata keçirmək barədə fikirləşiblər. Xarici işlər naziri Mövlud Çavuşoğlu da bu xüsusda sərt mövqe bildirərək deyib ki, əgər Qərb dövlətlərinin, ABŞ-ın əlində terrorla bağlı konkret dəlillər varsa, bunu Türkiyənin müvafiq qurumları ilə niyə bölüşmürlər, nədən yalnız özlərini düşünürlər? Göründüyü kimi, 14 may seçkiləri yaxınlaşdıqca, Türkiyə-ABŞ münasibətləri çox ciddi testlərə məruz qalmaqdadır. Türkiyəli nazirin çevriliş cəhdindən danışması isə boşuna ola bilməz. Çünki bunu hansısı politoloq yox, Ərdoğan hökumətinin yüksək çinli üzvü, kəşfiyyat məlumatlarının içində olan daxili işlər naziri bəyan edir. Hərçənd "Amerikanın Səsi" radiosunun Türkiyə redaksiyasının sorğusuna cavab olaraq, Dövlət Departamentinin adının açıqlanmasını istəməyən sözçüsü bildirib ki, “ABŞ-ın Türkiyədə hər cür çevriliş planlaşdırdığı və ya bu ölkəni xaosa aparmağa hazırlaşdığı barədə deyilənlər qətiyyən qəbuledilməzdir”.
Amerika rəsmisi “iki ölkə arasında uzaq keçmişə gedən müttəfiqlik münasibətləri”nin olduğunu söyləyib. Ancaq ortada əlahəzrət reallıq, o sırada 2016-cı ilin hərbi çevriliş cəhdi var. Odur ki, sual açıq qalır: Türkiyədə daha bir çevriliş cəhdi mümkünmü? Bu arada Qərb (ABŞ) mediası qardaş ölkəyə, daha doğrusu, Ərdoğan hökumətinə qarşı qarayaxma kampaniyasını davam etdirir. Hətta Türkiyənin “gözü”nə Azərbaycanı da qatmağa başlayıblar. Belə ki, Birləşmiş Ştatların “Foreign Policy” jurnalında dərc olunan “NATO Türkiyənin şantajına qarşı durmalıdır” qərəz saçan başlıqlı məqalədə Azərbaycan və Türkiyə ilə bağlı əsassız iddialar yer alıb. Guya iki ölkənin yaxınlığı, Türkiyənin Azərbaycana dəstəyi bölgədəki problemin həllinə əngəl törədir. Ümumiyyətlə, məqalədə təqdimat elədir ki, guya rəsmi Bakı və Ankara Qafqazda sülh və sabitlik tərəfdarı deyil. Halbuki sülh və sabitliyə ən böyük əngəlin hələ də ərazi iddiaları ilə yaşayan Ermənistanın olduğu az qala uşağa da bəllidir.
Azər Badamov: Azərbaycan Ordusu ilkə imza ataraq müasir dünya tarixində  yeni bir qəhrəmanlıq səhifəsi yazıb - AZƏRTAC
Azər Badamov: “Qərbin çağırışları əsassızdır və...”
Deputat Azər Badamov Türkiyənin söz sahibi olmasını Qərb dairələrinin qəbul edə bilmədiyini qeyd etdi: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsiyyət və güclü liderdir. Məhz Ərdoğanın rəhbərliyi altında Türkiyə son illərdə böyük inkişaf yolu keçərək dünya gücünə çevrilib, beynəlxalq siyasətdə söz sahibi olub. Türkiyənin güclü olması və müəyyən məsələlərə müdaxilə edərək Qərb ölkələrinin niyyətlərinin reallaşmasına əngəl törətməsi heç də onların xoşuna gəlmir. Ona görə də Qərb çalışır ki, Türkiyədə siyasi sabitlik pozulsun və bir güc kimi dünya siyasətində görünməsin. Yəni Qərb bir müsəlman ölkəsinin dünya nizamında söz sahibi olmasını heç cürə qəbul edə bilmir. Ona görə də Türkiyənin Avropa İttifaqının üzvü olması məsələsini əngəllədilər. Həm də Türkiyədə mütəmadi çevrilişlərə cəhdlər olunur. O cümlədən 2016-cı il hadisələri unudulmayıb. Yəni 2016-cı ildə də çevriliş cəhdinin qarşısının vaxtında alınması Qərbi məyus etmişdi. Cari ildə də seçkilərin yaxınlaşması Türkiyənin güc kimi qalmağını istəməyənləri yenidən hərəkətə keçirib. Bu, daxildə sabitliyi pozmaq, süni şəkildə terror təhlükəsi olduğunu bildirməklə xəbərdarlıqlar yaymaq və öz diplomatik nümayəndələrini təhlükəsizliyini qorumaq adı ilə geri aparmaq və bu kimi hərəkətlərlə özünü göstərir. Əgər Türkiyədə terror təhlükəsi olsaydı, bu mövzuda görüntü yaratmaq istəyənlər birinci növbədə Türkiyənin müvafiq orqanlarını məlumatlandırardı. Əgər belə bir hərəkət edilmirsə, Qərbin çağırışları əsassızdır və belə hərəkətlərin dezinformasiya olması ilə bağlı hamıda təsəvvür yaranır. Bu gün Türkiyənin güclü olması həm regiona, həm də dünya çapına sabitlik gətirir. Məhz Azərbaycan-Türkiyə qardaşlığı və eyni mövqedən çıxış edilməsi bizim regionumuzda da düşmənlərin çirkin niyyətlərini həyata keçirməsinə mane olur. Ölkəmizə uzanmış düşmən qollarının qarşısının alınması regionumuza sabitlik, əməkdaşlıq və inkişaf gətirir. Bu da bəzi dairələr tərəfindən qəbul edilmir. Hesab edirəm ki, Türkiyədə heç bir terror təhlükəsi yoxdur. Qarşıdan gələn seçkilərdə də müdrik türk xalqı düşmənlərin yalan siyasətlərinə aldanmayaraq güclü, sabit və inkişaf edən Türkiyəyə səs verəcəklər”.
Əhəd Məmmədli: "Prezidentin Rusiya və İranla bağlı bəyanatları mühüm və  zəruridir”
Əhəd Məmmədli: “Prezident seçkilərinə Ərdoğandan qurtulmaq üçün son şans kimi baxırlar”
AĞ Partiya başqanının I müavini Əhəd Məmmədli Qərb dünyasının Ərdoğansız Türkiyə üçün bütün yollara əl atdığını qeyd etdi: “Türkiyənin daxili işlər naziri Soylu haqlıdır, bu, amerikalıların çoxdankı metodudur. Xoşları gəlmədiyi, onların dediklərini etmədiyi iqtidarlar ölkələrə iqtisadi-siyasi basqı ilə bərabər media-sosial-psixoloji təzyiq də edirlər. Qısa müddətdə müsəlman dünyasının yenidən ən aparıcı ölkəsinə çevrilən Türkiyə bu performansı ilə ABŞ-ı və ümumilikdə Qərb dünyasını bərk narahat edir. Vaşinqton may ayında qardaş Türkiyədə keçiriləcək prezident seçkilərinə Ərdoğandan qurtulmaq üçün son şans kimi baxır. Amerika Ukrayna ilə bağlı da oxşarını edib. Rusiyanın hücumunu dəqiqliyi ilə demişdilər, amma Kiyevə bununla bağlı bilgili məlumatlar verməmişdilər. Eynən amerikalılar Türkiyədə terror aktı olacaq deyirlər, lakin Ankaraya bununla bağlı bilgi vermirlər. Bir sıra Qərb ölkəsinin İstanbulda konsulluqlarını bağlaması rəsmi Ankaraya seçki öncəsi provokasiyadan başqa bir şey deyil. Amerika bu illərdə qardaş ölkədə hakimiyyəti dəyişmək üçün əlindən gələni və gəlməyəni etdi, amma bunu bacarmadı. Seçkilər, terror, hərbi çevrilişə cəhd, iqtisadi müharibə, maliyyə böhranı və bütün üsulları dənədilər, lakin məqsədlərinə çata bilmədilər. Məqsədləri isə aydın məsələdir, Ərdoğansız Türkiyə. Azərbaycana qarşı hücumlar da Türkiyənin Azərbaycanın, Azərbaycanın da Türkiyənin yanında olmasından irəli gəlir. Çünki bunlar güclü, müstəqil müsəlman ölkəsi, islam dövlətlərindən ibarət ittifaq isə ümumiyyətlə, istəmirlər. Ona görə həm də Türkiyə-Azərbaycan müttəfiqliyinə qısqanclıqla yanaşırlar. Müharibəni udmuş müsəlman-türk ölkəsi Azərbaycan, üstəlik, Türkiyə ilə dostluq etməklə Amerikanın maraqlarına cavab vermir. Eyni provokasiyaları Azərbaycana qarşı da görə bilərik. Dövlət olaraq bütün gedişatlara hazır olmalıyıq. Cənubdan gələn provokasiyalar Qərbdən də gələ bilər. Zatən səfirliklərimizə ilk hücumlar Qərb ölkələrindən başlayıb. Cənubdan müdafiə olunduğumuz kimi, Qərbdən də müdafiə olunmalıyıq. Ona görə də həm də daxildə sağlam mühit qurmalıyıq ki, müharibə zamanı olduğu kimi çətinlikdə yenə də xalq və dövlət olaraq bütövləşə bilək”.
Rusiya-Ukrayna savaşında yeni MƏRHƏLƏ - AÇIQLAMA
Züriyə Qarayeva: “Türkiyənin bölgədə varlığı Qafqaza ancaq sülh və sabitlik gətirir”
Politoloq Züriyə Qarayeva Ərdoğanın seçkilərdə qalib gələcəyinə əmindir: “Belə məlumatların yayılması təxribat xarakteri daşıyır və ajiotaj məqsədlidir. Türkiyədə çevriliş planlarının qarşısının alınması üçün mümkün olan hüquqi mexanizmlər inkişaf etdirilib. 2018-ci ildən tətbiq edilən prezident idarəçiliyi sisteminə uyğun olaraq, ordu sistemində tətbiq edilən yeniliklər, baş qərargah rəisinin müdafiə nazirinə tabe edilməsi, prezidentin səlahiyyətlərinin artırılması və ordu üzərində nəzarət imkanlarının gücləndirilməsi bu cür təxribatları böyük ölçüdə mümkünsüz edir. Seçki öncəsi rəy sorğuları da göstərir ki, Ərdoğan növbəti seçkilərin qalibi olacaq. Əlbəttə ki, bu amil Vaşinqton daxil olmaqla, bəzi qüvvələri qıcıqlandırır. Çünki AK Partiya tamamilə müstəqil xarici siyasət yürüdür, ölkəsinin milli təhlükəsizlik maraqlarını bütün ittifaqlara rəğmən qoruyur və əzilən tərəflərin yanında dayanır. Ankaranın Bakıya dəstəyi də haqlı tərəfin yanında olmaqdır. Türkiyənin bölgədə varlığı Qafqaza ancaq sülh və sabitlik gətirir”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ