Avropa Parlamentindən növbəti həyasızlıq - “Dağlıq Qarabağda məhv edilən erməni mədəni irsi...”
Tarix: 4-02-2023, 11:10
Baxılıb: 269
Google+ Paylaş
Tumblr Paylaş

Avropa Parlamentindən növbəti həyasızlıq - “Dağlıq Qarabağda məhv edilən erməni mədəni irsi...”

4-02-2023, 11:10

Murad Sadəddinov: “Fransanın tam nəzarətinə keçən bu qurum ermənilərin şər maşınına çevrilib”

Artıq neçə vaxtdır Ermənistan parlamentini Qərbdə uğurla əvəzləyən Avropa Parlamenti ölkəmizə qarşı daha bir fitnəkarlığa imza atıb. Qurum bu dəfə “Dağlıq Qarabağda (?!- red.) erməni mədəniyyət abidələrinin dağıdılmasını” pisləyib. Bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, Avropa Parlamentinin qəbul etdiyi “Beynəlxalq mədəni əlaqələrdə yeni Avropa mədəni gündəliyinin və Aİ-nin yeni strategiyasının həyata keçirilməsi” adlı qətnamə münaqişə zonalarında mədəni sərvətlərin qorunması haqdadır. Qətnamədə “münaqişə zonalarında tarixi, bədii və mədəni irsin qəsdən məhv edilməsi” pislənilir.
Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə üzrə Alt Komitəsinin rəhbəri Natali Loiseau (Fransa) və alt komitənin üzvü Petras Auştreviçius (Litva) tərəfindən imzalanmış dəyişikliyə əsasən, qətnamədə “Dağlıq Qarabağda erməni mədəni sərvətlərinin dağıdılması” da pislənir.
“Avropa Parlamenti suveren dövlətlərin, xalqların və ya azlıqların identikliyinin və mədəniyyətinin məhv edilməsini, o cümlədən Azərbaycanın Dağlıq Qarabağda və onun ətrafında erməni mədəni irsinin məhv edilməsi və inkar edilməsi üzrə davam edən siyasətini qətiyyətlə pisləməyə çağırır”, - qətnamənin 78-ci bəndində bildirilir.
Görəsən, barbar bir millətin hansı “mədəni irsi”ndən söhbət gedir və hansı faktlar əsasında Avroparlament bu cəfəngiyatı uydurub? Biz hələ suverenliyimizə və ərazi bütövlüyümüzə aşkar saymazlıq nümunəsi kimi yenə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsini demirik.
Görən, nə vaxtadək erməni yalanları həyasızcasına, Azərbaycanın münasibəti öyrənilmədən, bu şəkildə “sənədləşdiriləcək”? Niyə Azərbaycanın işğalçı Ermənistan əleyhinə daşdan keçən dəlil-sübutlarını Avropa Parlamenti israrla qulaqardı edir? Yaxud nədən 30 illik işğal dövründə talan edilən mədəni-tarixi irsimiz bircə dəfə olsun avropalı “ədalət” carçılarının yadına düşməyib? Qarabağda gəlmə ermənilərdən savayı başqa xalq yaşamayıbmı? Bu kimi sənədlərə reaksiyamız nə olmalıdır, onlar Azərbaycan üçün, milli maraqlarımız üçün hansısa təhlükə kəsb edirmi?
Politoloq Murad Sadəddinov “Yeni TV”nin CANLI YAYIMINDA - YouTube
Murad Sadəddinov
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, artıq Avropa Parlamentinin fəaliyyəti beynəlxalq qanunvericiliyə cavab verməyən, ədalətdən uzaq fəaliyyətə çevrilib: “ Avropa Parlamenti bütün ”qırmızı xətt"ləri keçib. Son zamanlar isə bu qurum, demək olar ki, tamamilə Fransanın nəzarəti altındadır və Parisin maraqlarını həyata keçirən çirkin bir platformaya çevrilib. Bu təşkilatın fəaliyyəti artıq beynəlxalq qanunvericiliyi, dövlətlər arasında formalaşmış münasibətləri o dərəcədə açıq-aşkar pozub ki, onların anti-Azərbaycan, anti-türk, anti-islam mövqelərinə təəcbülənmirik. Avropa Parlamenti Ermənistan parlamentindən daha çox Azərbaycana qarşı düşmən mövqedə durduğunu az-qala hər həftə bir bəyanat qəbul etməklə nümayiş etdirir. Bu qurumun deputatlarının, vəzifəli şəxslərinin rüşvətə, korrupsiyaya bulaşdığı barədə bir müddət öncə informasiyalar da yayılıb. Hətta onların sırasında rüşvətə görə ifşa olunanların da olduğu da bəllidir.
Türkiyəyə qarşı xüsusi qərəzi, düşmənçiliyi ilə seçilən Avropa Parlamenti Azərbaycan və Türkiyənin Cənubi Qafqazda onların illər boyu dəstəklədiyi Ermənistanın işğalçılıq siyasətini darmadağın etməsi faktını həzm edə bilmir. Azərbaycana qarşı ermənilərin uydurduğu ən gülünc, əsassız ittihamları Avropa Parlamenti müzakirəyə çıxarır və qətnamə qəbul edir. Qalib Azərbaycana bununla öz aləmlərində zərbə vurmağı düşünürlər".
M.Sadəddinov qeyd etdi ki, həqiqət isə başqadır, Azərbaycan ərazilərində erməni tarixi irsi heç zaman olmayıb: “Çünki ermənilərin bu ərazilərlə heç bir tarixi bağılığı yoxdur, onlar gəlmədirlər. İkincisi, Azərbaycanın təbii, mədəni sərvətlərini, mədəni irsini, azərbaycanlıların qəbirisanlıqlarını 30 ilə yaxın işğal dövründə məhz ermənilər talayıb, məhv edib. Azərbaycanlıların qəbirlərini ermənilər dağıdıb, qarət ediblər. Həmin ərazilərdə ermənilərin hansı vandallıqları həyata keçirdiyini sübut edən yüzlərlə fakt, görüntü var. Tarixi, mədəni, dini abidələrimiz ermənilər tərəfindən yerlə- yeksan edilib. Avropa Parlamentinin gün kimi aydın olan bu faktları nə işğal illərində, nə də son iki ildən artıq bir müddətdə görməzlikdən gəlməsi bu qurumun, onun üzvlərinin mahiyyətinin nədən ibarət olduğunu göstərir. Onlar açıq-aşkar Fransanın və erməni lobbisinin xidmətindədirlər. Avropa parlamenti ermənilərin şər maşınına çevrilib.
Azərbaycan Avropa Parlamentinin qətnamələrini zibilliyə atılmalı olan kağız parçası hesab etdiyini dəfələrlə bəyan edib. Həmin şər-böhtandan ibarət qətnamələrin heç bir hüquqi təsir qüvvəsi yoxdur. Həmin qətnamələrə sifarişlə səs verən deputatların bir çoxu heç bilmir Ermənistan harada yerləşir. Sadəcə olaraq, formal olaraq düyməyə basırlar. Azərbaycan öz həqiqətlərini dünya birliyinə çatdırmaqda davam edir və etməlidir. Biz digər beynəlxalq təşkilatlarla işimizi daha da gücləndirməliyik. Həqiqətləri, faktları onlara çatdırmalıyıq. Avropa Parlamentinin nümayəndələrini rəsmi şəkildə dəvət etməliyik və ermənilərin ərazilərimizdə həyata keçirdiyi vandallığı görmələri üçün onların həmin ərazilərə səfərlərini təşkil eləməliyik".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ