Terrorçu Yasin Hüseynzadə dəlixanada öldürülə bilər - İranın “yaxası” əlimizdə...
Tarix: 4-02-2023, 10:32
Baxılıb: 408
Google+ Paylaş
Tumblr Paylaş

Terrorçu Yasin Hüseynzadə dəlixanada öldürülə bilər - İranın “yaxası” əlimizdə...

4-02-2023, 10:32

Tehran mesaj verir ki, “bir dəli idi, baş qoşmayın, unudun getsin”, dəli idisə səfirliyin girişindəki fars polisi niyə güllələmədi? Fərhad Mehdiyev: “İstintaq qrupu göndərə və kompensasiya tələb edə bilərik”

Yanvarın 27-də Tehrandakı səfirliyimizə xain terror hücumundan 8 gün keçir. “Yeni Müsavat” bildirir ki, hadisəni detallı araşdıracağını vəd edən İran indiyədək bu yöndə heç bir məntiqli, iki ölkə arasında münasibətlərin bərpasına xidmət edəcək açıqlama verməyib, yanaşma sərgiləməyib, iş ortaya qoymayıb. Halbuki söhbət iki qonşunun əlaqələrini uzun müddətə böhrana soxan bir cinayət əməlindən gedir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil naziri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən bildirdi ki, hazırda Azərbaycan terror aktını hərtərəfli şəkildə araşdırır və hadisədən xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri hər hansı ciddi tədbir görməyib. Bu, təhqiqatın gedişinə Azərbaycandan ən yüksək səviyyədə verilən rəsmi etiraz sayıla bilər.
Lakin elə həmin gün bəlli oldu ki, İran qatil-terrorçu Yasin Hüseynzadəni dəlixanaya salıb onun haqda anlaqsız rəyi yaradaraq, məsələni birdəfəlik qapatmaq niyyətindədir. Yəni “bir dəli idi, baş qoşmayın, unudun getsin” məntiqi. Azərbaycanı, əlbəttə ki, bu şizofrenik gəlişmə əsla qane edə bilməz. Ən azı o səbəbə ki, adam dəli idisə, niyə səfirlik girişindəki fars polisi də güllələmədi? Odur ki, Azərbaycan özünü getdikcə daha da qəlizə salan molla rejimini yaxasından əl çəkəsi deyil.    
“Terrorçunun ağlı yerindədir, bunu səfirlikdəki görüntülər də sübut edir”.
Bu sözləri isə Axar.az-a Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib. O, terrorçunun ruhi xəstəxanada öldürülməsi ehtimalının olduğunu da vurğulayıb.
“Səfirliyə terror hücumunu Azərbaycan özü araşdırmalı, lazım gələrsə, beynəlxalq mütəxəssisləri də dəvət eləməlidir. Çünki İran adlanan ölkədə rejimin məqsədli şəkildə törətdiyi cinayətin üstünün açıldığını hələ görən olmayıb”.
 
Bunu isə Güney azərbaycanlı fəal Eldar Güney bildirib.
Sitat: “Hücumu təşkil edən şəxsin guya psixoloji problemi var və maddi imkanı aşağıdır. Sual olunur ki, maddi təminatı aşağı olan, psixoloji problemi olan şəxs ”Kalaşnikov" markalı avtomatı haradan alıb? Bu silah yalnız və yalnız SEPAH-ın əlindədir. Bu, azmış kimi, hələ terrorçunu tutandan sonra kamera qarşısına çıxardıb, müsahibə alırlar. Dünyanın heç bir yerində belə şey görünməyib. Terror təşkil edən adamı polisə apararlar, sorğu-sual edərlər. Sonra məhkəmədə söz verərlər ki, danışsın. Niyə kamera qarşısına keçirdib, müsahibə alınmalıdır? Özü də Şimali Azərbaycana qarşı xoşniyyətli olmayan “Səhər” kanalında. Nə sirdirsə, digər media orqanlarının xəbəri olmur, ancaq “Səhər” kanalı məlumatlı olur. Müsahibə zamanı da hər kəs görür ki, adamın heç bir psixoloji problemi yoxdur. Sadəcə, planlı şəkildə həyata keçirilən terror idi".
Bəs Azərbaycan terror hücumunun araşdırılması prosesinə beynəlxalq mütəxəssisləri cəlb edə biləcəkmi? İran buna imkan verəcəkmi? Eləcə də terrorçunun həqiqətən ruhi xəstə olmasını dəqiqləşdirmək üçün xaricdən müstəqil həkimlərin ora getməsi nə dərəcədə mümkün görünür? Terrorçunun öldürülməsi hansı nəticələr doğura bilər? Nəhayət, İran Azərbaycan tərəfinə, şəhid olan və yaralananların ailəsinə təzminat ödəyəcəkmi?
Bir an belə gec olmadan Türkiyə sülhməramlıları Qarabağa  gəlməlidir”-Politoloq
Fərhad Mehdiyev
Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, mövcud vəziyyətdə İran təklif etməlidir ki, Azərbaycan istintaq qrupu göndərsin. “Azərbaycanda ciddi şübhələr var ki, bu hücum təkbaşına törədilməyib. Belə hallarda biz istintaq qrupu göndərməyi tələb edə bilərik, sadəcə, bunun icra mexanizmi yoxdur, yəni İran qəbul etməlidir. Tehran ona görə qəbul etməlidir ki, şübhəli məqamlar çoxdur. Kadrlardan görünür ki, avtomatla səfirliyə daxil olur və mühafizə polisi heç bir reaksiya vermir, ən azı arxasınca getməli idi. Ona görə mütəşəkkil şəkildə törədilmiş terror olduğu şübhəsi var”.
F.Mehdiyevin fikrincə, belə olan halda İran özü dəvət etməlidir ki, istintaq qrupu göndərin, təhqiqatın obyektivliyinə şübhə olmasın: “Əgər qəbul etməsələr deyə bilərik ki, niyə razı olmadınız? Ümumiyyətlə, müstəntiq göndərmək lazımdır. Sadəcə, xəstəliyin necə getdiyini bilən adamlar həkimi aldada bilər. Şizofreniyanın hallarını yaxşı bilən adam onu müşahidə altında saxlayan birini çaşdıra bilər. Buna görə istintaq komissiyasının iştirakı tələb irəli sürülməlidir”.
Hüquqşünas hesab edir ki, bu vəziyyətdə kompensasiya istəmək mümkündür: “Beynəlxalq konvensiya İrana öhdəlik qoyub ki, səfirliyi qorusun. Videodan isə görünür ki, polis heç nə etmir və bu da İranın təqsirini ağırlaşdırır”.
Asif Nərimanlı: “Ermənilərin bir hədəfi də əsgərimizi əsir götürmək olub” –  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ
Asif Nərimanlı 
Siyasi şərhçi Asif Nərimanlı isə deyir ki, İran terrorçu Yasin Hüseynzadəni qorumaq məqsədilə onun psixi xəstəliklərdən əziyyət çəkdiyini əsas gətirərək, xəstəxanaya yerləşdirib: “Terrorçu bir ay müddətində xəstəxanada qalacaq. Bu o deməkdir ki, molla rejimi terrorun baş verdiyi ilk gündə terrorçunun edam ediləcəyinə dair xarici işlər naziri Abdullahian səviyyəsində səsləndirdiyi fikirdən daşınır və İranın cinayət qanununa əsasən, onu ”psixi problemləri olan şəxs" kimi məsuliyyətdən azad edəcəklər. Bundan başqa, İranda “Əgər Tehran təhlükəlidirsə və səfirlik təxliyə edilirsə, Təbriz ondan da təhlükəlidir, konsulluğu bağlasınlar. Konsulluğun ziyanlı hərəkətlərinin təfərrüatlarını bilirik” iddiası ilə Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun bağlanması çağırışları dilə gətirilir. Tehran teraktından öncə də səfirliyimizə qarşı belə çağırışları edilirdi. Görünür, Tehran Təbrizdəki konsulluğumuzun Cənubi Azərbaycandakı soydaşlarımızla əlaqələr yaratmasından qorxur. Və konsulluğun bağlanması məqsədilə təxribatlara əl ata biləcəkləri də istisna deyil".
Ekspert əlavə edir ki, terror aktının törədildiyi ilk gündə özünü “dost” kimi göstərməyə çalışan İran rejiminin ritorikası və taktikası dəyişir: “İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf hücumun terror aktı kimi dəyərləndirilməsinə görə Azərbaycana ”xəbərdarlıq" ünvanlayıb və bunun “sionistlərə xeyir verdiyi” kimi klassik iddialar səsləndirib. Artıq media üzərindən “hücumu Azərbaycan tərəfi təşkil edib” kimi absurd iddialar irəli sürülür. Terrorçu Yasin Hüseynzadənin “Azərbaycanla bağlılığına” haqda uydurmalar ortaya atılır. İranın sərgilədiyi mövqe bu terror aktının Bakı - Tehran xəttində qırılma nöqtəsi olacağı gözləntisini önə çıxarır".
Qeyd edək ki, İranda İslam inqilabından sonra səfirliklərə 6 hücum həyata keçirilib. 4 noyabr 1979-cu ildə ABŞ səfirliyinə hücum edilib, nəticədə 8 nəfər həlak olub, 66 nəfər isə uzun müddət girov saxlanılıb. 2009-cu il mayın 11-də Pakistan səfirliyinə hücum olub, bir nəfər yaralanıb. 2010-cu il fevralın 18-də Pakistan səfirliyi yenidən hücuma məruz qalıb. 29 noyabr 2011-ci ildə Böyük Britaniya səfirliyinə hücum edilib, nəticədə 3 nəfər yaralanıb.  2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanının səfirliyinə hücum edilib. Nəhayət, 2023-cü il yanvarın 27-də Azərbaycan səfirliyinə hücum olub, nəticədə bir nəfər şəhid olub, iki nəfər yaralanıb. Molla rejimi tərəfindən törədilən terror hadisələrinin hamısı siyasi motivlərlə əlaqəlidir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ