“Qarabağ” üçün ağır dövr çatdı: Qurban Qurbanov nəyi qurban verəcək?
Tarix: 3-02-2023, 09:23
Baxılıb: 288
Google+ Paylaş
Tumblr Paylaş

“Qarabağ” üçün ağır dövr çatdı: Qurban Qurbanov nəyi qurban verəcək?

3-02-2023, 09:23

Son zamanlar bütün diqqətlər ölkə çempionu “Qarabağ”a yönəlib. Çünki Ağdam təmsilçisini 2 həftədən sonra vacib sınaq gözləyir.
“Atlılar” UEFA Konrans Liqasının pley-off mərhələsində “Gent”lə münasibətlərinə aydınlıq gətirəcək. “Qarabağ” Belçika təmsilçisi ilə oyunlara itkilərlə hazırlaşır. Əvvəlcə Kadi Borgesi daha sonra isə Ovusu Kvabenanı satan çempionumuzun başqa dərdi də var - heyətdəki zədələr. Xüsusilə komandanın “bir nömrəsi” Şahruddin Məhəmmədəliyevin qış toplanışında uzun müddətə sıradan çıxması baş məşqçi Qurban Qurbanovu qayğılandırmaya bilməz.

Bununla yanaşı, yeni transferlərin əksəri komandaya gec qoşulduğundan, “Gent”lə qarşılaşmalara hazır olacaqları inandırıcı deyil. Problem təkcə heyətdəki itkilər deyil. Komandanın fevraldakı təqvimi olduqca ağırdır. Ağdam təmsilçisi bu ay 6 qarşılaşmaya çıxacaq. Onlardan “Kəpəz”lə oyun daha rahat sayıla bilər. Çünki Gəncə səfəri sonrası komandanın növbəti oyuna hazırlaşmaq üçün 1 həftə vaxtı olacaq.

Ancaq sonrakı günlərdə sıxlıq öz sözünü deyir. Bundan əlavə, rəqiblər də güclü komandalar olacaq. “Atlılar” 16 gün ərzində “Gent”lə yanaşı, müvafiq olaraq “Sabah”, “Zirə” və “Neftçi” ilə qarşılaşacaq. Göründüyü kimi “Qarabağ”ı heç də asan oyunlar gözləmir. Belçika təmsilçisi ilə avrokubok oyunları ilə yanaşı, Premyer Liqa matçları da olduqca vacibdir. Çünki bu komandaların hər biri ağdamlılardan xal almaq üçün fürsət axtarırlar.

“Qarabağ”ın sabiq kapitanı, futbol mütəxəssisi Aslan Kərimov düşünür ki, bu təqvim Ağdam təmsilçisi üçün normaldır və komanda çətinliklərə rəğmən bunun öhdəsindən gələ bilər:
“Ola bilsin ki, təqvim sıxdır. Ancaq “Qarabağ” üçün adi haldır. Çünki daha əvvəl də belə sıx təqvimlə oynayıblar. Müasir futbolda böyük komanda olmaq istəyirsənsə, bunlara alışmalısan. Biz görürürük ki, Avropada oyunların arasında 3 günlük fasilə olur. “Qarabağ”ın bu təqvimində isə 4-5 günlük məsafələr var. İnanmıram ki, Qurban Qurbanov üçün belə vəziyyətdə oynamaq çətin olsun.
Düzdür, heyətdəki itkilər və dəyişikliklər problem yarada bilər. 2 futbolçu satılıbsa, onların yerinə 3 oyunçu gəlib. Sadəcə onların fiziki durumlarını düzəltməsi və komandaya uyğunlaşması var.
Düşünürəm ki, Qurban Qurbanov rotasiyalarla heyətdəki çatışmazlıqları aradan qaldıracaq. Yeni transferlərin “Gent”lə oyunlarda əsas heyətlə başlayacağına inanmıram, amma sonradan meydana daxil ola bilərlər. Onlardan çempionat matçlarında da yararlanmaq mümkündür”.

“Gent”lə oyunların əhəmiyyətini və “Qarabağ”ın növbəti mərhələ şanslarını nəzərə alsaq, Qurban Qurbanov Premyer Liqa oyunlarını qurban verərmi? Aslan Kərimov sualımızı belə cavablandırdı:
“Ola bilsin ki, komandanın bütün diqqəti avrokubok oyunlarında olacaq. Ancaq çempionatın qurban veriləcəyini düşünmürəm. Amma gözləmək olar ki, bu oyunlarda xallar itirilsin. Çünki “Qarabağ”ın ən yaxın izləyicisi ilə xal fərqi 7-dir. Hansısa oyunda ediləcək heç-heçənin və ya alınacaq məğlubiyyətin elə də problem olacağını düşünmürəm. Çünki rəqiblərin “Qarabağ”a çatacağı inandırıcı deyil. Qapı xəttini çıxsaq, digər mövqelər üzrə qıtlıq yoxdur. Rotasiyalarla bu oyunlarda iştirak etmək, nəticə də qazanmaq olar”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ