Lavrovun Ermənistanla bağlı fikirləri erməniləri qəzəbləndirdi
Tarix: 2-02-2023, 17:49
Baxılıb: 268
Google+ Paylaş
Tumblr Paylaş

Lavrovun Ermənistanla bağlı fikirləri erməniləri qəzəbləndirdi

2-02-2023, 17:49

“Bu regionda quruculuğa konstruktiv diqqətin üstünlük təşkil etməsi üçün biz üç Cənubi Qafqaz respublikası - Azərbaycan, Gürcüstan, Ermənistan və üç böyük qonşu ölkə- İran, Türkiyə, Rusiyadan ibarət 3+3” formatını təşviq edirik”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu “Rossiya 24” telekanalına və “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“İlk görüş təması baş tutub, biz bu prosesə davam edəcəyik”, - deyə Lavrov bildirib.
Qeyd olunur ki, ilk olaraq Azərbaycan və Türkiyə liderləri 3+3 platformasının yaradılması təşəbbüsü ilə çıxış ediblər. İran və Rusiya isə bu fikri alqışlayıb. Lakin Gürcüstan Xarici İşlər Nazirliyi Tiflisin Cənubi Qafqaz üzrə 3+3 regional məsləhətləşmə mexanizmində iştirakdan imtina etdiyini açıqlayıb.
Sergey Lavrov KTMT missiyasının Ermənistanda yerləşdirilməsi probleminə də toxunub.
“Rusiyanın KTMT missiyasının Ermənistanda yerləşdirilməsi təklifi hələ də aktualdır, əgər Ermənistan hələ də maraqlıdırsa, missiya bir-iki gün ərzində yerləşdirilə bilər”,-deyə  Rusiyanın xarici işlər naziri qeyd edib.
Sergey Lavrovun Ermənistanla bağlı digər sözləri isə qonşu ölkədə böyük hay-küyə və qəzəbə səbəb olub.
Xüsusilə Lavrovun “Hətta əvvəlki Ermənistan hakimiyyəti Rusiyanın təklif etdiyi diplomatik həllin çoxsaylı variantlarını o qədər də müsbət qəbul etməyib, Ermənistanın heç vaxt iddia etmədiyi əraziləri saxlamaq istəyib” bəyanatı onları “cin atına” mindirib.
Erməni telegram-kanalları rusiyalı nazirin sözlərini manipulyasiya cəhdi olaraq dəyərləndirib və hətta məsələni təhrif etdiyini sözləyiblər. Çünki ermənilərə görə işğal olunan ərazilər əslində, “təhlükəsizlik zonası” imiş və hətta Ermənistanın ümumiyyətlə, Azərbaycanla ərazi mübahisəsi belə olmayıb.
“Lavrov o həddə çatıb ki, hətta son dərəcə rusiyapərəst olan Ermənistan müxalifətçiləri belə onun son bəyanatlarını düşmənçiliklə qarşılayır və Bakının əlaltısını amansızlıqla tənqid edirlər. Ermənistanda Rusiya rəsmilərinin və təbliğatçılarının axmaq və həyasız bəyanatları nəticəsində yaranan bu cür anti-Rusiya əhval-ruhiyyəsini heç bir “sorosçu” və “qərbpərəst”  bu qədər canlandıra bilməzdi.”,-deyə “bagramyan26” telegram kanalında bildirilir.
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ