Xora qoşulmayan deputatın sol(o) ifası
Tarix: 26-01-2023, 11:16
Baxılıb: 224
Google+ Paylaş
Tumblr Paylaş

Xora qoşulmayan deputatın sol(o) ifası

26-01-2023, 11:16

İctimai-siyasi arenamız çox həssasdır, bir açıqlama, bir müsahibə müzakirə predmetini, gündəmi dəyişir. Bəzən hətta həmin sözü deyən adam o qədər də ciddi biri olmur, amma fəallar qeyri-ciddi adamın qeyri-ciddi fikrini ciddi-ciddi müzakirə (çox zaman da lağlağı) predmeti edirlər. Bunu 100, bəlkə də 1000 dəfə görmüşük.
Erkin Qədirli isə ciddi adamdır, lağlağıya meylli deyil; səmimi şəxsdir, həmişə düşündüyünü deyir; yaxşı hüquqşünasdır, qanunları bilir; unikal insandır, standartlara uymur, sütuasiyanı fərqli meyarlara dəyərləndirir; cəsarətlidir, dilə-dişə düşəcəyindən, yanlış anlaşılacağından çəkinmir.
Ona görə də onun “içi mən qarışıq parlamentdə demokratik yolla seçilən deputat yoxdur” fikrinə sırf səmimiyyətinin, cəsarətinin, standartdankənar meyarlarının məhsulu kimi baxmaq lazımdır.
Deputat bu fikri dilə gətirərərkən durumu çox ümumiləşdirib və istisnaya yer qoymayıb. Ancaq bu, o demək deyil ki, onun bu sözü tam həqiqəti əks etdirir. Parlamentdə öz nüfuzu, elektoratı hesabına seçilən deputatlar var.
Burada onlarndan nəinki birinin, hətta beşinin adını çəkmək olar. Ancaq bunu etsək, yerdə qalanların mandatının legitimliyini şübhə altına almış olarıq – həm də əlimizdə heç bir sübut olmadan, sırf gümanlara, iddialara dayanaraq.
Məsələ bundan ibarətdir ki, ölkədə qanuni, azad, demokratik seçkilərlə bağlı ciddi problemlər var. Bu ölkədə seçkilər hər zaman böyük mübahisələr, dartışmalar, münaqişələr doğururr və bu, əsassız deyil.
Hər şey rəvan, qanuni olsaydı, bunca mübahisə olmazdı. Hərçənd içimizdəki cığallıq hissi bəzən özünü göstərərdi, ən şəffaf, qanuni seçkinin nəticələrini də şübhə altına alanlar tapılardı, ancaq bu, kütləvi xarakter almazdı, ən azı seçicilər mübahisəyə müdaxilə edər, “səs verdiyimiz şəxs deputat seçilib” deyə mübahisələrə nöqtə qoyardılar.
Fəqət ən böyük problem odur ki, mövcud iqtidar komandası istənilən seçkidə mütləq qələbə qazanmaq üçün prosesi tamamilə öz nəzarətində saxlayır, bütün resurslarından istifadə edir, həmişə ağ fiqurlarla başlayır və bir gedişə rəqibinə mat elan edir.
Elə seçki dairələri olur ki, orada iqtidar təmsilçisi açıq-aşkar favoritdir və 50 rəqibi olsa da, mütləq özü qalib gələcək, amma hakim komanda o dairələrdə də qələbəni öncədən tam qarantiyaya almaq üçün hər rıçağa əl atır.
Belə yanaşma bütövlükdə seçkinin qanuniliyini şübhə altına alır, etirazlara, bəzən də cığallığa rəvac verir. Elə çıxır ki, seçkilər Avropa standartlarına uyğun olsa, iqtidar komandasının bir üzvü belə mandat ala bilməzmiş. Belə də deyil.
Ona görə də Erkin Qədirli kimi biri çıxıb parlamentin legitimliyi ilə bağlı istisna yeri qoymadan bir söz deyəndə, bu, müxalifət düşərgəsi tərəfindən rəğbətlə, iqtidar camiəsi tərəfindən hiddətlə qarşılanır. Bu mövqe bitərəf ictimaiyyət üçün də maraqlı olur, ağlabatan görünür.
Erkin Qədirlinin üstünlüyü ondadır ki, o, özünü başqalarından ayırmır, ajiotaj doğuracaq cümləsinin əvvəlində “mən və 1-2 deputat istisna olmaqla” ifadəsi artırmır. Çünki o, bilir ki, istisnalar ümumi qaydanı pozmur. Əslində o, belə bir ifadə işlədə bilərdi və 1-2 adam istisna olmaqla heç kəsin bunu təkzib etməyə arqumenti çatmazdı.
Xatırlayaq ki, 2000-ci ildə mövcud hakimiyyətin loyallığı, himayəsi ilə mandat alıb parlamentdə təmsil olunan müxalifətçi siyasətçilər sona qədər deyirdilər (bəlkə hələ bu gün də deyərlər) ki, məhz özləri halal yolla seçiliblər – istisna olaraq. Amma o dövrün siyasi fəalları, jurnalistləri yaxşı bilirlər ki, o zaman “parçalanmış siyasi təşkilatın qanadlarından birinin lələyi”nə (ifadə Fazil Mustafaya aiddir) mənsub şəxslər, sadəcə olaraq, müxalifətin birliyini pozmaq üçün mandatla mükafatlandırılmışdılar. Bunu o dövrün gerçək müxalifətçiləri də, siyasətlə yaxından-uzaqdan maraqlananlar da, legitim olmayan mandatı alanların özləri də bilirdilər. Fəqət onlar Erkin Qədirli kimi danışmırdılar.
Sonrakı illərdə isə məhz həmin şəxslər bu dəfə seçicilərinin səsi ilə seçilən, amma mandatlarının tanınması iqtidar komandası tərəfindən güzəştlə (“müxalifətdən də parlamentdə kimsə olmalıdır, qoy elə bunlar olsun, səs alıblar” prinsipi ilə) tanınan müxalifətçilərin mandatını şübhə altına aldılar, bunun üzərində böyük qara piar apardılar. Halbuki adamlar öz gücləri ilə seçilmişdilər və deputat olduqları müddətdə “özlərini yaxşı aparmadılar” deyə növbəti seçkilərdə onlara da mandat verilmədi.
İndi əminliklə demək olar ki, Erkin Qədirli növbəti seçkidə deputat seçilməyəcək. Onun qarşısını mütləq alacaqlar – ya qanuni şəkildə, ya da inzibati resurslarla. Çünki indiki parlament solo ifaları sevmir. Erkin Qədirli isə xora qoşulmaq istəmir.
Xalid Kazımlı


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ