Brüsseldən Azərbaycana xain zərbə - Avropa Parlamenti Minsk Qrupu rolunda
Tarix: 26-01-2023, 09:23
Baxılıb: 401
Google+ Paylaş
Tumblr Paylaş

Brüsseldən Azərbaycana xain zərbə - Avropa Parlamenti Minsk Qrupu rolunda

26-01-2023, 09:23

Avropa Birliyi ilə ölkəmiz əleyhinə məkrli oyuna girən Ermənistan çıxa bilməyəcəyi bataqlığa itələnir; Şarl Mişelin xüsusi nümayəndəsi İrəvandan Bakıya niyə gəlmədi? 
Ermənistan Fransanın lokomotiv rolunda olduğu Avropa Birliyi (AB) ilə Azərbaycan və Türkiyəyə qarşı hiyləgər oyuna girib. Deyəsən, Brüsselin özü də bu oyunda maraqlı görünür. Əgər İrəvanın Avropaya artan reveransları bölgədə sülhə və sabitliyə xidmət eləsəydi, yenə bu yaxınlaşmağı təqdir eləmək olardı. Təəssüf ki, tam əksinədir.
AB-nin Azərbaycanın razılığını almadan Ermənistana 2 illiyə mülki missiya göndərmək haqda iki gün öncəki qərarı bu xüsusda şübhələri xeyli artırıb. Maraqlıdır ki, məhz bu fonda Avropa İttifaqının (Şarl Mişelin) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvana səfər edərək, orada kapitulyant ölkənin rəhbərliyi ilə görüşlər keçirib, həmin görüşlər zamanı Azərbaycanın daxili işi olan Laçın yolundakı vəziyyəti müzakirə edib və bu dəfə nədənsə Bakıya baş çəkməyi özünə rəva bilməyib. Yəni olduqca həssas bir dönəmdə o, faktiki İrəvanın destruktiv mövqeyinə dəstək verərək, erməni yalanlarını dinləyərək Brüsselə qayıdıb. Halbuki Laçın yolundakı gerçək durumu asanca öz gözləri ilə görəndən sonra da gedə bilərdi.
Demək, Klaar erməni tərəfinin Qarabağda Rusiya sülhməramlı qüvvələrin müvəqqəti məsuliyyət zonasındakı vəziyyətin guya gündən-günə ağırlaşdığı, məktəblərin, uşaq bağçalarının, səhiyyə müəssisələrinin bağlandığı, kritik vəziyyətin hökm sürdüyü, habelə dərman qıtlığı, Ermənistandan qaz təchizatında problemlər və elektrik enerjisinin kəsilməsi barədə uydurmalardan razı qalıb. Hərçənd o, heç bir blokadanın olmadığını yaxşı bilir. Hər halda rəsmi Bakı Klaara aksiya yerinə baş çəkməyə mane olmayacaqdı...
*****
Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan isə srağagün Brüsseldə, Avropa Parlamentinin Xarici əlaqələr komitəsində (!) “Laçın dəhlizi ilə bağlı məruzə”sində görün hansı əfsanələr danışıb. “Yeni Müsavat”ın məlumatına görə, erməni nazir bildirib ki, “blokada”nın götürülməsi üçün Azərbaycana qarşı iki təzyiq yolundan biri seçilməlidir: hərbi və ya diplomatik. Ardınca deyib ki, “Azərbaycana təzyiq yolu ilə başa salınmalıdır ki, beynəlxalq hüquqa hamı əməl eləməlidir”.
Bunu qonşu ölkənin 20 faiz ərazisini 30 il işğal altında saxlamış, BMT TŞ-nin Qarabağa dair 4 qətnaməsini on illərlə vecinə almamış bir ölkənin XİN rəhbəri bəyan edir! Erməni sırtıqlığı doğrudan da sərhəd tanımır.
Azərbaycanın heç bir nümayəndəsinin iştirak eləmədiyi halda (!!) suveren ərazimizin həyasızcasına müzakirəyə çıxarıldığı iclasda özünü tam sərbəst hiss edən Mirzəyan həmçinin iddia edib: “Laçın dəhlizin bağlanmasına ayrıca epizod kimi deyil, Azərbaycanın Dağlıq Qarabağda etnik təmizləməyə yönəlmiş genişmiqyaslı və koordinasiyalı siyasətinin tərkib hissəsi kimi baxmaq lazımdır. Bunu Azərbaycan vətəndaşı olmaq istəməyənlərə Qarabağı tərk etməyi təklif edən Azərbaycan Prezidenti İlham Əliyevin son bəyanatı da sübut edir”.
İlham Əliyev onları təltif etdi - Siyahı
Heyrətamiz iddiadır. Bəs İlham Əliyev separatçılara nə deməli idi? Ki, yaxşı edirsiniz Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərirsiniz, qanunsuz silahlı terror dəstələri yaradırsınız, ərazimizdə ikinci erməni “dövləti” qurursunuz?! Azərbaycan dövləti onun Konstitusiyasını hərləməyən ermənilərin, sərvətlərimizi amansızcasına talayan cani-quldurların başınımı sığallamalıdır? Hansı normal, özünə hörmət edən dövlət buna gedər, ərazisində ikinci bir “dövlət” qurulmasına dözər?
Ən qəribəsi odur ki, A.Mirzəyanın bu riyakarlığına, yəni  həm beynəlxalq hüquqdan dəm vurmasına, həm də Azərbaycana qarşı bu cür açıq ərazi iddiası ortaya qoymasına Avropa Parlamentində etiraz edən, onu yerində oturdan olmayıb. Heç olmasa, balans naminə Brüsselə Bakıdan kimsə dəvət də edilməyib - nə xarici işlər naziri Ceyhun Bayramov, nə də tutaq ki, onun müavinlərindən biri və ya Prezidentin köməkçisi Hikmət Hacıyev.
*****
Beləcə, Avroparlament az öncəki anti-Azərbaycan qətnaməsi də daxil, əməlli-başlı erməni yalanlarının əsas tribunasına çevrilib. Sanki ermənipərəst Minsk Qrupunu indi Avropa Birliyi əvəzləyir. Və belə bir qərəzli qurum sülh danışıqlarında ədalətli vasitəçi olmağa ümidlidir. O zaman Bakının cavabı da adekvat olacaq. Daha bir səbəbdən: Avropa Birliyinin Ermənistana bu kimi reveransları, daha dəqiqi, ölkəmizə xain zərbəsi Paşinyan hökumətini sülh danışıqlarında indikindən də destruktiv mövqeyə kökləyəcək. Hərgah, rəsmi Brüssel əsas hədəfin guya Bakı və İrəvan arasında sülh anlaşması olduğunu iddia edir.
Ancaq Azərbaycan üçün ən vacibi Ermənistanla məlum 5 prinsip əsasında sülh müqaviləsinin imzalanmasıdır. Bunun kənarında istənilən sülh təşəbbüsü sülhün manipulyasiyasından savayı bir şey deyil. İstər moderatorluğu AB eləsin, istərsə də Rusiya.
Siyasi müşahidəçilər isə Ermənistanın bir yandan Azərbaycan və Türkiyəyə, o biri ayndan isə müttəfiqi Rusiyaya qarşı məkrli oyununun ona yaxşı heç nə vəd eləmədi qənaətindədirlər.
“Fransanın diktəsi ilə Türkiyə və Azərbaycana qarşı mövqe tutmaq Ermənistan üçün uduşlu olmayacaq”.
Türkiyə və Azərbaycana qarşı hücumun hədəfi – Avropanı qorxuya salan  GƏLƏCƏK |
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertə görə, Ermənistan rəhbərliyi Azərbaycanla sülh danışıqlarından yayınıb: “Avropa İttifaqının Ermənistana iki illik mülki müşahidə missiyası göndərmək qərarı Brüsselin vasitəçiliyinə kölgə salır. Paşinyan bununla Moskvaya ”Ermənistanın təhlükəsizliyinin qaranatı"nın Rusiya yox, Avropa İttifaqı olduğu mesajını verir. Brüssel isə bundan istifadə edərək Cənubi Qafqazda geosiyasi mövqelərini möhkəmləndirməyə, Paşinyanın Rusiyanı Ermənistandan çıxarmaq səylərinə dəstək verəcək".
Ermənistan ətrafında baş verənlərin Azərbaycana təsirlərinə gəldikdə, politoloq hesab edir ki, İrəvan Avropa İttifaqının fəallığından yararlanaraq Bakı ilə sülh müqaviləsini imzalamaqdan yayınmağa çalışacaq. “Belə bir gəlişmə regionda sülhün əldə edilməsinə mane olacaq. Şübhəsiz ki, bu kontekstdə Brüsselin missiyasına ”Avropa İttifaqı Ermənistanı Azərbaycan və Türkiyədən qoruyur" donunu da geyindirəcəklər", - deyə o qeyd edib.
Azərbaycan və Türkiyə ordusu yenidən hərbi təlimlərə başlayır
Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaqdan yayınması Ermənistana fayda gətirə bilməz: “Zənn edirəm ki, Avropa İttifaqının bu siyasətinin arxasında Fransa durur və baş verənlər Ermənistanın öz əleyhinə işləyir. Fransanın diktəsi ilə Türkiyə və Azərbaycana qarşı mövqe tutmaq Ermənistan üçün uduşlu olmayacaq. Çünki bu iki ölkə Ermənistana Fransadan daha yaxındır. Bu baxımdan Azərbaycana qarşı siyasət indi içində olduğu əlverişsiz durumu bir qədər də dərinləşdirə bilər. Fransa da onu bu bataqlıqdan çıxarmayacaq. Azərbaycan isə haqlı mövqeyindən geri çəkilməyəcək”.
Zatən, bizim geri çəkilməyə yerimiz də yox! Arxada Qarabağdır... 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ