Banklarla bağlı yeni qanun gəlir - əhalini soyan faizlər azaldılacaqmı...
Tarix: 26-01-2023, 09:20
Baxılıb: 332
Google+ Paylaş
Tumblr Paylaş

Banklarla bağlı yeni qanun gəlir - əhalini soyan faizlər azaldılacaqmı...

26-01-2023, 09:20

Vüsalə Əhmədova: “Bank sektorunda yaşanan problemlər iqtisadiyyatdakı daha dərin sistematik böhranların katalizatorudur”

Milli Məclisin qış sessiyasında banklarla bağlı yeni qanun qəbul olunacağı gözlənilir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 24-də keçirilən iclasında komitə sədri Tahir Mirkişili parlamentə banklarla bağlı qanun paketi daxil olacağını diqqətə çatdırıb. Komitə sədri deyib ki, gələn həftə, ya da o biri həftə banklarla bağlı ayrıca paketin gəlməsi gözlənilir. Nəzərə çatdıraq ki, Azərbaycanda banklarla bağlı yeni qanunun qəbuluna ehtiyac olduğunu ekspertlər uzun zamandır deyirdilər.
Banklarla bağlı ən ciddi narazılıq və narahatlıq isə faizlərlə bağlıdır. Avropada banklar 4-5 faizlə istehlak, biznes krediti verdiyi halda, Azərbaycanda bu göstərici 17-28 faiz aralığındadır. Beləliklə, həm işgüzar şəxslər, həm də istehlak krediti götürən vətəndaşlar bankların əsirinə çevrilmiş olur, ancaq bank üçün işləyirlər. Yeni qanunda nələr əksini tapmalıdır? Bank sektoru ilə bağlı əsas nələr dəyişməlidir?
İqtisadçı-alim, Ağ Partiya başqanının iqtisadiyyat məsələləri üzrə müşaviri Vüsalə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bank sektorunda yaşanan problemlər iqtisadiyyatdakı daha dərin sistematik böhranların katalizatorudur: “Bank sektorunun tənzimlənməsi üçün yeni qanuna həqiqətən ehtiyac var. Danılmaz faktdır ki, digər ölkələrlə müqayisədə ölkəmizdə müxtəlif kreditlər üzrə faizlər kifayət qədər yüksəkdir. İstehlak kreditlərinin faizlərinə nəzər salsaq, ən aşağı kredit faiz dərəcəsi 17%-dir, ən yüksək faiz dərəcəsi 30-32%-dir. Ümumilikdə ölkədəki kommersiya banklarının ortalama kredit faizləri 19-28% arasında dəyişir. Yüksək faizlə verilən kreditlərin 400-600 manat orta aylıq əmək haqqı ilə geri ödənməsi çətinləşir. Kreditlərin aylıq ödənişi bir çox halda ailənin gəlir həddindən yüksək olur. Bu səbəbdən də problemli kreditlərin həcmi hər il 5,2% artır. Ayrıca, kreditlərin verilmə şərtləri də ağırdır. Bankların bir çoxunda qeyri-müştərilərə istehlak krediti heç verilmir, bir qismində əmək haqqını və ya təqaüdünü sözügedən bankın kartı ilə alan müştərilərə və ya həmin bankda əmanəti olan müştərilərə kredit ayrılır. Bundan əlavə, məbləğindən və müddətindən asılı olmayaraq zamin, rəsmi əmək haqqının olması, o cümlədən, müştərinin Abşeron və ya Bakı qeydiyyatının olması kimi şərti qoyulur, güc strukturlarında, neft sahəsində və ya nüfuzlu şirkətlərdə çalışanlara üstünlük verilir”.
Ekspert əlavə edib ki, Azərbaycanda ipoteka kreditləri ilə bağlı vəziyyət də ürəkaçan deyil: “Kredit faizlərinin yüksək olmasından əlavə, şərtlər də kifayət qədər ağırdır. İpoteka krediti götürənlərin aylıq gəlirlərinə nəzər salsaq görərik ki, onların 51%-nin məvacibi 1101 manatdan yüksəkdir, 17%-nin maaşı 701-900 manat, 16%-nin 901-1100 manat, 12%-nin 501-700 manat arasında dəyişir. Rəqəmlərdən də göründüyü kimi, göstərilən məvaciblər ölkədəki orta aylıq əmək haqqını kifayət qədər üstələyir. Kredit götürənlərin iş yerlərinə görə pay bölgüsünə baxsaq, onların 21%-i hərbi sahədə, 20%-i bank və sığorta qurumlarında, 13%-i energetika sektorunda, 9%-i hüquq-mühafizə orqanlarında, 4%-i yerli və xarici dövlət qurumlarında çalışanlardır. Güzəştli şərtlərlə ipoteka krediti alanların isə 73,7%-ni hərbi qulluqçular, 11,8%-ni dövlət qulluqçuları təşkil edir. Görünən odur ki, orta və aşağı gəlirli insanların ipoteka kreditindən faydalanması qeyri-mümkündür. Orta və aşağı gəlir qrupundan olan insanların da ipoteka kreditlərindən faydalanmaları üçün loyal ipoteka siyasətinin həyata keçirilməsi vacibdir. Ölkədə büdcə vasitəsilə sosial ipoteka kreditlərinin verilməsi mexanizmi təkmilləşdirilməlidir.
Aparıcı valyutalar və qızıl ucuzlaşır, ölkələr borc böhranı və devalvasiya  ilə üz-üzə
“İnsanların ipoteka kreditlərindən faydalanması üçün loyal ipoteka siyasəti həyata keçirilməlidir”
Avropa Birliyi ölkələrindəki ipoteka kredit faizləri daha çox simvolik xarakter daşıyır. Avropa ölkələri əsasən sosial ipoteka modelini mənimsəyib. İpoteka faizləri burada bazar qanunları ilə tənzimlənir və əsasən 5%-dən yüksək olmur. Məsələn, Almaniyada illik ipoteka kredit faizləri 0,90% ilə 1,99% arasında dəyişir. Müqayisəli olaraq ifadə etsək, bizim aylıq olaraq banklara ödədiyimiz ipoteka kreditinin faizi Almaniyada illik ödənilən faiz məbləğindən daha yüksəkdir. Mərkəzi Kəşfiyyat İdarəsinin (Central Intelligence Agency) “The World Factbook” ölkə sıralamasında illik 14%-lik ipoteka faiz dərəcəsi ilə Azərbaycan 184 ölkə arasında 136-cı sırada yer alır. Hətta Slovakiya (3,9%), Malta (4,18%), Latviya (4,5%), Çexiya (4,5%) və Estoniya (5,1%) kimi ölkələrdə illik ipoteka faiz dərəcələri bizdə olduğundan dəfələrlə aşağıdır. İllik 1,48% ilə Yaponiya və Almaniya siyahıya liderlik edirlər. Bu səbəbdən də istər Avropa ölkələrində, istərsə Yaponiyada, istərsə də ABŞ-da satılan evlərin 90%-dən çoxu ipoteka krediti vasitəsilə alınır".
V.Əhmədova onu da qeyd edib ki, hazırda bankların təklif etdikləri depozit faizləri də çox aşağıdır:  “Xarici valyutada yerləşdirilmiş əmanət və depozit faizlərində devalvasiyadan sonra 2 dəfəyə yaxın azalma oldu. Depozit faizlərinin aşağı olması təbii olaraq banklara marağı azaldır. Nəzərinizə çatdırım ki, bu gün banklar tərəfindən manat əmanətləri 6-11% diapozonunda qəbul olunur. Hətta 11%-dən yuxarı əmanət faizləri ölkəmizdə bir qədər real görünmür. Dollar əmanətləri isə 0,01-3% diapozonunda cəlb olunur. Avro əmanətləri üzrə ən yüksək faiz dərəcəsi 1,25% təşkil edir. Aylıq inflyasiya dərəcəsini nəzərə alsaq, dollar və avro ilə əmanətlərin yerləşdirilməsinin sərfəli olduğunu düşünmürəm.
Başqa bir məqam, ölkəmizdə real sektora kreditlərdə artım müşahidə olunmur, bu da ölkədə investisiya prosesinin geriləməsinə səbəb olur. Ay ərzində istehlak kreditləri 2,4%, biznes kreditləri isə cəmi 0,8% artır. Bankların kredit portfelində istehlak kreditlərinin həcmi 50%-ə yaxınlaşır. Lakin biznes krediti verməkdə maraqlı deyillər. İllər üzrə statistik göstəricilərə nəzər yetirsək, ümumiyyətlə biznes kreditlərinin artdığını görməmiz mümkün deyil. Məsələn, kənd təsərrüfatına qoyulan kreditlər cəmi 3-5% təşkil edir. İlk növbədə maliyyə mənbələrinin sayının azlığı diqqəti cəlb edir, bu sahədə rəqabət demək olar ki, yox dərəcəsindədir. Əksər banklar biznes krediti heç vermir və ya prosesə fərdi yanaşır. Azərbaycan banklarının təqdim etdiyi biznes kreditlərinin həcminə və faiz dərəcələrinə baxsaq görərik ki, ən aşağı faiz dərəcəsini illik 16%-lə (100.000-300.000 manat) Bank BTB təklif edir, ən yüksək faiz dərəcəsi isə ASB Bankda müşahidə olunur, hansı ki, illik 27% (2.000 manat) təşkil edir. Bundan əlavə, Expressbank 22% (1.000-50.000 manat), Xalqbank 23% (100.000-500.000 manat), Bank of Baku 20-24% (500-70.000 manat), AFB Bank 20-25% (50.000 manat və daha çox), Turanbank isə 20-29%-lə (500-1.000.000 manat) biznes kreditləri təklif edir. Müddət isə bir qayda olaraq 36 ayadəkdir.
Ölkədə qeyri-neft sektorunun inkişafı, investisiya prosesinin sürətləndirilməsi üçün “interest free banking” sisteminin nəzərdən keçirilməsini tövsiyə edərdim. Beynəlxalq arenada ənənəvi bank xidmətləri təqdim edən bir çox nüfuzlu beynəlxalq maliyyə qurumları var ki, “interest free banking” xidmətləri təklif edirlər. Məsələn, Türkiyədə “katılım bankçılığı” olaraq adlandırılan bu növ bankçılıq türk bank sistemində üç bank növündən biri sayılır. Bu model bir növ investisiya bankı xüsusiyyətini daşısa da, fəaliyyət sistemi və fəlsəfəsi tam fərqlidir. Faizsiz maliyyə sisteminin bir sıra spekulyativ fəaliyyətlərə girişməməsi iqtisadi böhrandan daha az zərərlə çıxmalarına zəmin yaradır. Məsələn, bank öz müştərisi olan sahibkara investisiya üçün ehtiyacı olan maliyyə dəstəyini tam olaraq təqdim edir. Daha sonra icra edilən biznes fəaliyyətindən əldə olunan mənfəətin əvvəlcədən müəyyən olunan nisbətdə bank və müştəri arasında pay bölgüsü həyata keçirilir. Ticari əməliyyatların maliyyələşdirilməsində istifadə olunan digər bir əməliyyat növü var ki, kiçik və orta sahibkarlara qısa və orta müddətli kreditlərin çevik mexanizmlə verilməsi təmin edir. Məsələn, bank müştərisinin istədiyi malı satın alaraq ona təqdim edir. Müştəri isə malı satdıqdan sonra malın ilkin dəyərini və satışdan əldə olunan mənfəətin əvvəlcədən müəyyən olunmuş bir qismini banka ödəyir. Bundan əlavə, bank və müştərinin ortaq investisiya qoyuluşları həyata keçirmələri də mümkündür. Ortaq investisiya qoyuluşu nəticəsində icra edilən işdən əldə olunan mənfəətin əvvəlcədən müəyyən olunduğu nisbətdə pay bölgüsü həyata keçirilir. Müştəri icra edilən işə investisiyadan əlavə olaraq həm də, əmək sərf etdiyi üçün təbii olaraq daha çox pay götürür. Hər hansı zərər yarandıqda isə ortaqlar (bank və müştəri) qoyduqları sərmayə nisbətində risk daşıyırlar. Bu metodla əsasən sənaye və kənd təsərrüfatı sahələrinin maliyyələşdirilməsi təmin edilir".
İqtisadçının sözlərinə görə, ölkəmizdə valyuta alanlara nəzarət getdikcə gücləndirilib: “Hətta böyük miqdarda valyuta alanların gəlir vergisinə cəlb oluna biləcəyi ilə bağlı məlumatlar da var idi. Mərkəzi Bank Kommersiya Banklarına valyuta alan müştərilərin şəxsi məlumatlarının toplanmasına dair göstəriş də vermişdi. 500 dollardan yuxarı xarici valyuta almaq istəyən hər bir müştəri banka şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmalıdı. 20.000 manatadək ekvivalentdə valyuta almaq istəyənlərdən isə əlavə olaraq anket blank doldurmaları tələb olunur. Bir şəxsin il ərzində 20.000 manat ekvivalentində valyuta ala biləcəyi, bu məbləği keçən müştəriyə valyuta satılmayacağı bildirildi. Hazırda əlavə olaraq bir sıra gəlirlər haqqında sənədlərin təqdim edilməsi də tələb olunur. Burada məqsəd insanları dollardan çəkindirməkdirmi, yoxsa çirkli pulların yuyulmasının qarşısını almaqdırmı və ya ölkədə yaranan valyuta qıtlığıdırmı, anlaya bilmirəm? Kiçik məbləğlər üzərində nəzarəti gücləndirməklə çirkli pulların yuyulması ilə mübarizə aparıla biləcəyini düşünmürəm. Məlumdur ki, valyuta dəyişməni banklar və ”Azərpoçt" MMC həyata keçirir. Yanaşı olaraq da digər şəxslərin valyuta mübadiləsi ilə məşğul olmasına icazə verilib. Ancaq lisenziya şərtlərinin ağır olması səbəbindən bu işlə məşğul olanların sayı yox dərəcəsindədir. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirilməlidir. “Valyuta tənzimi haqqında” Qanuna əsasən, valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərdən lisenziyanın verilməsi üçün saysız sənədlər tələb olunur. Görünən odur ki, Mərkəzi Bank sahibkarların valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olmasında maraqlı deyil. Bu da dolayısıyla “qara bazar”ın yaranmasına gətirib çıxarır".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ