Heydər Əliyevin yanvarın 21-də atdığı bu addım...
Tarix: 20-01-2023, 11:15
Baxılıb: 340
Google+ Paylaş
Tumblr Paylaş

Heydər Əliyevin yanvarın 21-də atdığı bu addım...

20-01-2023, 11:15

20 Yanvar Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Bu, çox acınacaqlı bir vəziyyətdir ki, dövlət öz vətəndaşına qarşı terror etdi. Dövlətin əsas vəzifəsi vətəndaşının təhlükəsizliyini qorumaqdır. Vətəndaş vergini ona görə ödəyir ki, dövlət silahlansın və həmin silahla onu qorusun. Amma Azərbaycan vətəndaşının ödədəyi vergi hesabına sovet dövləti aldığı silahla bir gecədə yüzdən artıq azərbaycanlını qətlə yetirdi.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, məqsəd Azərbaycan xalqının müstəqillik, suveren hüquqlarını qorumaq hissini əzmək, Azərbaycan xalqını erməni millətçilərinin iddiasına tabe etdirməkdən ibarət idi: “20 Yanvar faciəsi ulu öndər Heydər Əliyevin böyük siyasətdə olmaması ilə birbaşa bağlıdır. Ulu öndər hakimiyyətdə, yaxud ictimaiyyət arasında olsaydı, heç bir halda bu qırğın baş verməyəcəkdi. Çox təəssüf ki, həmin dövrdə Azərbaycan siyasi rəhbərliyi Moskvanın ölkəmizə qarşı qərəzli münasibətinə müqavimət göstərmədi, xalqın yanında olmadılar və böyük bir qırğın baş verdi. Ona görə baş verdi ki, milli dövlətçiliyimiz yox idi. Ona görə baş verdi ki, mərkəz növbəti dəfə milli respublikanın hissini boğmağa çalışırdı və bunu qanla edirdi. Ancaq onun fəaliyyəti öz məqsədinə çatmadı. Xalqımızı susdurmaq, xalqımızın müstəqilliyə olan eşqini qırmaq mümkün olmadı”.

Aydın Mirzəzadə qeyd edib ki, buna qədər də artıq Azərbaycan xalqına qarşı bir çox qəsdlər baş vermişdi: “Qarabağın zorla Azərbaycandan qoparılma prosesi başlamışdı. Qərbi Azərbaycanda yaşayan 300 min azərbaycanlını zorla və Ermənistanın rəsmi hakimiyyət orqanlarının birbaşa iştirakı ilə dədə-baba torpaqlarımızdan çıxardılar. SSRİ-nin Azərbaycana qoyduğu ən böyük miras Birinci Qarabağ müharibəsi, torpaqlarımızın işğalı, 30 minə yaxın şəhidimizin olması oldu”.
Müsahibimiz bildirib ki, 20 Yanvar bir tərəfdən faciə, digər tərəfdən qəhrəmanlıq simvoludur: “Dünya, xalqımızın iradəsini, qətiyyətini gördü. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev səhəri günü – yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək SSRİ rəhbərliyini cinayətdə günahlandırdı. Bu, böyük siyasi cəsarət nümunəsi idi. Heydər Əliyevədək heç kim bu qədər siyasi cəsarətlə SSRİ rəhbərliyini tənqid etməmişdi. Bunu ulu öndər Heydər Əliyev etdi. Eyni zamanda onunla yanaşı 28 yaşlı gənc İlham Əliyevin də daimi nümayəndəliyə gəlməsi böyük bir siyasi cəsarət idi. Bu, indiki prezidentimizin xalqımızın həm sevincində, həm kədərində o vaxtdan xalqla birlikdə olmasının daha bir göstəricisi idi”.
Aydın Mirzəzadə qeyd edib ki, cənab prezident vaxtaşırı aktual məsələlərə münasibət bildirməklə xalqın istəyini, ona olan inamını bir daha doğruldur: “Ötən ayın 24-də Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşdə qaldırdığı məsələlər olduqca aktualdır. Erməni millətçiləri gəlib kök saldıqları torpaqdan azərbaycanlıları çıxardılar. Oradan nəinki insanları çıxardılar, hətta oranın tarixini dəyişməyə, yer adlarını da erməniləşdirməyə cəhd etdilər. Ancaq biz o torpaqlara qayıdacağıq. O torpaqlar bizi gözləyir. O torpaqlarda azərbaycanlıların yeri var. 20 Yanvar şəhidlərinin qanı yerdə qalmadı. Onların ruhu şaddır. Hər il 20 Yanvar faciəsinin ildönümünün qeyd edilməsi bir daha göstərir ki, Azərbaycan xalqı öz genetik yaddaşını heç vaxt dəyişməyəcək. Vətən müharibəsindəki qalibiyyətimiz, ondan sonrakı dövrdə dövlətimizin, cənab prezidentin atdığı addımlar bir daha göstərir ki, müstəqilliyimizi qorumaq üçün cəmiyyət mübarizə aparır, hər birimiz mübarizə aparırıq, cənab prezident mübarizə aparır”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ