Qorqodyanın bu kitabı erməni yalanlarını İFŞA ETDİ - Professor sirləri açdı
Tarix: 20-01-2023, 00:21
Baxılıb: 336
Google+ Paylaş
Tumblr Paylaş

Qorqodyanın bu kitabı erməni yalanlarını İFŞA ETDİ - Professor sirləri açdı

20-01-2023, 00:21

"Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün işimizi müasir tələblər səviyyəsində qurmalıyıq. Bununla bağlı beynəlxalq konfransların keçirilməsini məsləhət bilirəm. Bu konfranslara mütəxəssislər cəlb edilməlidir".
Bu sözləri Musavat.com-a filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov deyib.
alim.PNG (491 KB)
O bildirib ki, eyni zamanda Qərbi Azərbaycanla bağlı yazılmış əsərlərin xarici dillərə tərcümə edilib, Avropa və Amerika miqyasında yayılması daha məqsədəuyğundur:
"İrəvan qədim Azərbaycan şəhəridir. Bu şəhərin köklü sakinləri azərbaycanlılar olub. Ermənilər ora gəlmədir. Əhalinin siyahıyaalınmalarına nəzər yetirdikdə aydın şəkildə görürük ki, əsrin əvvəllərində İrəvan əhalisinin 80 faizindən çoxunu azərbaycanlılar təşkil edib. Bunu İrəvanda olan məscidlər, tarixi abidələr sübut edir. İrəvan sözü sırf Azərbaycan dili əsasında izah edilən toponimdir. İrəvan adının Yerevanla əvəzlənməsi 1936-cı ildə baş verib. Biz tarixi həqiqətlərə aydınlıq gətirmək üçün bu sahədə işlərimizi görməliyik. İnanıram ki, Qərbi Azərbaycana, İrəvana qayıtdıqda İrəvanın tarixi adının özünə qaytarılması real görünür. Qərbi Azərbaycana qayıtmaq qərbi azərbaycanlıların tarixi haqqıdır. Bu sahədə istər Qərbi Azərbaycan İcması, istərsə də o ərazinin köklü sakinləri - Qərbi Azərbaycandan deportasiya olunanlar işlərini qurmalıdır və tədqiqatlarını aparmalıdır. Biz tarixi həqiqətləri, o cümlədən İrəvanla bağlı məlumatları dünya ictimaiyyətinə çatdırmalıyıq. Dünya ictimaiyyəti tam şəkildə anlamalı, bilməlidir ki, İrəvan Azərbaycanın tarixi torpağıdır və 1918-ci ildə Ermənistana verilib. Biz İrəvana sülh yolu ilə qayıtmaq istəyirik. Mən inanıram ki, azərbaycanlılar sülh yolu ilə ora qayıdacaq".
irevanazvision.jpg (50 KB)
İbrahim Bayramov qeyd edib ki, indiki Ermənistan Azərbaycan torpağında yaradılmış bir dövlətdir:
"Qərbi Azərbaycan termini həm siyasi, həm də elmi müstəvidə indiki Ermənistan ərazisini əhatə edir və bu sahədə də tədqiqatlar aparılır. Qərbi Azərbaycanla bağlı araşdırmalar ilk növbədə toponimlərlə bağlıdır, toponimlər tarixi mənbədir. Məhz toponimlər ərazinin köklü sakinlərinin kim olduğunu təsdiq edən ən mühüm elmi mənbələrdən biridir. Mən bu sahədə geniş tədqiqat aparmışam. Bununla bağlı bir neçə kitabım nəşr olunub. 2000-ci ildə "Qərbi Azərbaycan toponimlərinin tərkibində iştirak edən söz və coğrafi terminlər" kitabı, 2002-ci ildə "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", 2005-ci ildə isə "Qərbi Azərbaycan toponimlər sistemi" kitabım çap olunub.
Hələ 1932-ci ildə Zaven Qorqodyan adlı müəllif "Sovet Ermənistanının əhalisi 1831-1931" adlı kitab nəşr etdirib. Hesablamamıza görə, bu kitabda 2300 toponim öz əksini tapıb. Onun üzərində apardığımız elmi araşdırma nəticəsində bu qənaətə gəldik ki, indiki Ermənistan ərazisinin 2300 toponimindən 2000-i tam Azərbaycan, türk mənşəli toponimdir. Bu toponimlərin bir hissəsi türk tayfa adları əsasında, bir hissəsi isə qədim türk sözləri əsasında formalaşıb. Bütün bunlar Qərbi Azərbaycanın köklü sakinlərinin azərbaycanlılar olduğunu əyani şəkildə sübut edir. Qərbi Azərbaycanın köklü sakinlərinin azərbaycanlılar olduğunu həm də ərazinin dil xüsusiyyəti – yəni şivələri təsdiq edir. Qərbi Azərbaycanın şivələri ilə bağlı da tədqiqatlar aparılıb. Qarakilsə rayonunun (Sisian) Azərbaycan dili şivələrini Quşdan Bağırov araşdırıb. Çox təəssüf ki, bəzi televiziya kanallarında Meğri adı Mehri formasında işlədilir. Bu, yanlış ifadədir. Meğri rayonunun Azərbaycan dili şivələri araşdırılıb. Çəmbərək və Karvansara şivələri isə Şövkət Kərimov tərəfindən araşdırılıb. Basarkeçər rayonunun şivələri Zaman Vəliyev tərəfindən tədqiq olunub. Bu şivələr elmi dövriyyəyə daxil edilib".
goyce-basarkecer.jpg (26 KB)
Professorun sözlərinə görə, İrəvanətrafı şivələrdə əsas ağırlıq Zəngibasar şivəsinə düşür:
"Hansı ki, indi o, Masis rayonu adlanır. Onun şivələri isə Faiq Babayev tərəfindən araşdırılıb. Meğri şivələrindən başqa adlarını qeyd etdiyim araşdırmalar fəlsəfə doktorluğu dissertasiyası kimi müdafiə edilib və təsdiqini alıb. Qərbi Azərbaycan şivələrinin öyrənilməsi ilə bağlı mənim "Qərbi Azərbaycan şivələrinin leksikası" adlı kitabım, Almaz Bədəlovanın isə "Qərbi Azərbaycan şivələri" lüğəti çap olunub. Şivələrlə bağlı aparılan tədqiqatlar aydın şəkildə göstərir ki, Qərbi Azərbaycanın köklü sakinləri azərbaycanlılar olub. Azərbaycan tarixini özündə aydın şəkildə göstərən, bilavasitə Göyçə mühiti ilə bağlı olduğunu təsdiq edən dil faktları olan "Kitabi-Dədə Qorqud" dastanında da kifayət qədər sözlər var. Bu da "Qərbi Azərbaycan şivələrinin leksikası" kitabında öz əksini tapıb".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ