Varlı ermənilər saxta arayışla Xankəndidən qaçır - Vətən müharibəsinin reallığı...
Tarix: 17-01-2023, 12:33
Baxılıb: 241
Google+ Paylaş
Tumblr Paylaş

Varlı ermənilər saxta arayışla Xankəndidən qaçır - Vətən müharibəsinin reallığı...

17-01-2023, 12:33

Son günlər saxta tibbi arayış alaraq Qırmızı Xaç Komitəsinin maşınında Qarabağda dabanına tüpürüb qaçanlar artıb - 44 günlük qələbə Laçın yolunda davam edir

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndə heyətinin proqram direktoru Zara Amatuni rəsmi açıqlamasında bildirib ki, bu gün də Xankəndidən 5 xəstə İrəvana gətirilib. Yeri gəlmişkən, dünən də BQXK 5 xəstənin aparıldığını elan etmişdi. Zara Amatuni deyib ki, bununla da indiyə qədər Xankəndidən İrəvana gətirilən “ağır xəstələr”in sayı 31-ə çatıb. Ermənistan Səhiyyə Nazirliyi rəsmi açıqlamasında elan edib ki, Qırmızı Xaç Komitəsinin xətti ilə  Xankəndidən gətirilən xəstələrin sayı 28-ə çatıb. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, BQXK-nın yalan informasiya yaydığını ehtimal etmək çətindir, ortada qeydiyyatdan keçən adlar var. Ermənistan Səhiyyə Nazirliyini də yalan yaymaqda ittiham etmək olmur, xəstəxanaya neçə nəfər yerləşdirilibsə, o rəqəmi də açıqlayır.
Belə görünür ki, Xankəndidə “ağır xəstə” olması barədə saxta arayış alıb, BQXK-nın maşını ilə İrəvana gedənlər var. Onlar İrəvana çatan kimi xəstəxanaya yerləşdirilmir və aradan çıxırlar. Buna görə də Xankəndidən aparılan “ağır xəstələr”lə İrəvanda xəstəxanalara yerləşdirilənlərin sayı arasında fərq yaranır. Saxta arayış alanların isə imkanlı olduğuna heç bir şübhə yoxdur. Yada salaq ki, bir müddət öncə 1934-cü ildə Bakıda anadan olan, 1989-1991-ci illərdə keçmiş SSRİ-nin geologiya naziri işləmiş Qriqori Qabrielyants Xankəndidən “koronaya yoluxduğu üçün” qaçmışdı. Onun Xocalı aeroportundan qaçarkən bir çamadan pulla getdiyi bildirilirdi. Qeyd edilirdi ki, sülhməramlılar “ağır xəstə” olan Qabrielyatsı helikopterlə Xocalı aeroportundan təxliyə etmək üçün Azərbaycan tərəfindən icazə alıblar. Qabrielyants isə əlbəttə ki, İrəvanda hər hansı xəstəxanaya yerləşdirilməmişdi. Azərbaycana isə fərq etmir, nə qədər erməni bölgədən çıxıb gedərsə, bir o qədər Qarabağ ermənisiz olar.
Onların hansı saxta yolla getməsinin əhəmiyyəti də yoxdur, əsas odur ki, bizim vətəndaşlığı qəbul etmirlərsə, separatçı rejimin əsarətində yaşamaq istəmirlərsə, o halda getmələri yaxşıdır. Prezident İlham Əliyev də yerli televiziyalara müsahibəsində qeyd etmişdi ki, kim vətəndaşlıq istəmirsə gedə bilər, ya avtobuslara minsinlər, ya da sülhməramlılara aid yük maşınlarında ərazilərimizi tərk etsinlər. Əslində bu reallıqlar 44 günlük Vətən müharibəsində ordumuzun zəfərinin nəticəsidir. Hərb meydanında erməni faşizminin başının əzilməsindən sonra Qarabağ ermənilərinin sabaha ümidi qalmayıb. Onlar qeyri-müəyyən vəziyyətdə çıxış yolunu Ermənistana qaçmaqda görürlər. Bu zəfərin davamını isə Xankəndi-Laçın yolunda ekofəalların keçirdiyi aksiyalar gətirməkdədir. Yolun humanitar məqsədlər üçün açıq olması, separatçılara isə bağlı qalması, artıq Ruben Vardanyan adlı dələduz milyarderin də qaçışa hazırlaşması, habelə saxta tibbi arayışla pullu ermənilərin təcili tibbi yardım maşınlarında bölgəni tərk etməsi məhz Vətən müharibəsində təməli qoyulan prosesin ardı hesab edilməlidir.
Aksiyalar nəticəsində Laçın koridoruna nəzarəti qismən təmin etməyimiz göstərir ki, 44 günlük qələbəni bu formatda davam etdiririk. Təbii ki, bizə gedənlərin artması sərf edir. Üstəlik, bugünlərdə Paşinyanın partiyasından olan deputat etiraf etdi ki, Qarabağda 40 min erməni yaşayır. Bu da Xankəndi və ətraf ərazilərdə 120 min erməni olduğu yalanlarını faş etmiş olur. Bu gedişlə 2025-ci ilə qədər daha çox erməni ərazilərimizdən gedə bilər. Lakin rəsmi Bakı onları çıxmağa çağırmır, sadəcə, qanunlara tabe olsunlar.
KXCP-də sədrlik uğrunda savaş başlayıb
Xəzər Teyyublu
Hüquq müdafiəçisi Xəzər Teyyublu hesab edir ki, bunun üçün Xankəndidəki separatçı administrasiya məhv edilməlidir. Onun sözlərinə görə, kabinetində oturub toplantılar keçirən Araik və Ruben erməni əhalisini təzyiq altında saxlayır: “Bu, separatizmdir. Ona qarşı müxtəlif mübarizə üsulları var. Bakı "yumşaq güc" siyasətinə üstünlük verir. Bu siyasətin bir hissəsi Laçın yolundakı aksiyamızdır. Əgər ordu separatçıların səngərlərini darmadağın edərsə, Araikin oturduğu bina vurularsa, beynəlxalq reaksiyalar, xüsusən Rusiyanın münasibəti sərt ola bilər. Azərbaycan əlverişli şəraiti gözləməkdədir. Biz antiterror əməliyyatı üçün tələsmirik. Lakin müdafiə nazirinin həftəsonu xidməti müşavirədə təxribatların qarşısını almaq barədə tapşırığı göstərir ki, ermənilər növbəti provokativ addımlar ata, lokal toqquşmalar qeydə alına bilər. Buna hazır olmalıyıq. Hər bir halda Vətən müharibəsi başa çatsa da, Azərbaycan-Ermənistan münaqişəsi bitməyib".
Hüquq müdafəçisi Vətən müharibəsində qazanılan qələbəni diplomatik masada davam  etdirməyin asan olmadığını düşünür: “Döyüş meydanı ilə danışıqlar platforması fərqlənir. Ermənistan indi boyun qaçırmağa çalışır, ordusunu dirçəltmək haqda addımlar atır, üçtərəfli sənədi qüvvədən düşürmək istəyindədir. Ancaq Ermənistan Rusiya kimi dəstəyi itirməklə işini ağırlaşdırıb. İndi Avropa Paşinyana sona qədər kömək edə bilməyəcək. Ona görə biz 2023-də məsələləri tam həll etməliyik. Vətən müharibəsinin qələbəsi diplomatik masada da zəfərlə möhrünü vurmalıdır”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövsuzunda hazırlanıb.
Hazırladı: Emil SALAMOĞLU


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ