Baş nazir hər kəsi koronavirusa yoluxmağa çağırdı - Həmyerlimiz maraqlı FAKTLARI AÇDI
Tarix: 14-04-2020, 03:32
Baxılıb: 2 257
Google+ Paylaş
Tumblr Paylaş

Baş nazir hər kəsi koronavirusa yoluxmağa çağırdı - Həmyerlimiz maraqlı FAKTLARI AÇDI

14-04-2020, 03:32

Son günlər ən çox qibtə etdiyimiz xalqlardan biri də yəqin ki isveçlilərdir. Niyə? Çünki İsveçdə karantin rejimi tətbiq olunmayıb. İnsanlar hürr küçələrdə gəzib-dolaşırlar.
Daha ətraflı məlumat əldə etmək üçün İsveçin Malmö şəhərində yaşayan həmvətənimiz, Vahid Azərbaycan Birliyinin sədri Aya Coşğunla əlaqə saxladıq.
Aya xanım Publika.az oxucularına İsveçin hazırkı durumu ilə bağlı maraqlı faktları açıqladı.
- 19 ildir İsveçin Malmö şəhərində yaşayıram. Bu şəhərin adı hər kəsə Avroviziya musiqi yarışmasından məlumdur. Malmö həmçinin İsveçin üçüncü böyük şəhəri sayılır. 11 ildir ki Vahid Azərbaycan Birliyinin sədriyəm. Birliyimiz həm Avropada, həm də vətənimizdə kifayət qədər tanınır.
- Zənnimcə, bu gün dünyanın ən azad ölkələrindən biri İsveçdir. Çünki Avropanın digər ölkələrində insanlar elektron arayış olmadan, zərurət yaranmadıqca, evdən çıxa bilmirlər.
- Xoşbəxtlikdən İsveçdə hələ ki, karantin rejimi tətbiq olunmayıb. İnsanlar hara istəsələr, rahat gedirlər. Lakin karantin olmasa da bir sıra məhdudiyyətlər var. Universitetlər, bir sıra iş yerləri distant şəraitdə çalışır. Oğlum dünyanın ən nəhəng sığorta şirkətində işləyir. Onlarda da işi evdən idarə etmək olar. Lakin bu istəyə bağlıdır. Məsələn oğlum hər gün ofisə gedib-gəlir.
- Bəs məktəb və uşaq bağçaları?
- Bağçalar da, məktəblər də açıqdır. Çünki valideynlərin çoxu işləyir. Ölkədə də işçi qüvvəsi çatışmazlığı var. Uşaqlar evdə qalsa, valideynlər də onların yanında olmaq məcburiyyətindədir. Bununla da iş dayanacaq, sistem çökəcək. Odur ki, bağça və məktəblər fəaliyyət göstərir. Yenə də təkrarlayıram, baş nazir öz nitqində dönə-dönə deyir ki, əhalinin böyük hissəsi bu virusa yoluxacaq. Yayadək hər kəs yoluxsun ki, bəladan qurtulaq. Amma yaşlıları mütləq qorumalı, onların sağlamlığı üzərində daha çox fokuslanmalıyıq.
- Ərzaqların qiymətində bahalaşma müşahidə olunurmu?
- Əksinə nə bahalaşma, nə də qıtlıq var. Hətta Danimarkanın paytaxtı Kopenhagendən insanlar Malmöyə gəlib tualet kağızları və digər zəruri əşyalar alırlar. Hər həftənin əvvəli evlərə xüsusi broşurlar göndərilir. Marketlərdəki endirimlər haqda xəbər verilir.
- Əhali arasında pandemiya narahatlığı və ya yoluxma halları müşahidə olunurmu?
- Doğrudur, əvvəlki kimi bir-birimizin evinə tez-tez qonaq getmirik. Lakin hər gün zəngləşirik. Bir rəfiqəm yaşlılar evində tibb bacısı kimi çalışır. Bugünlərdə telefonla danışırdıq. Dedi, sənin üçün çox darıxmışam. Evə dəvət edəndə, razılaşmadı. Dedi çox istərdim, amma qorxuram. Çünki bu virusu elə ayaqüstü keçirdiyimdən şübhələnirəm. Doğrudur, xüsusi test vasitəsilə yoxlanmamışdı, amma bütün simptomları özündə hiss etmişdi. Buna rəğmən də hər gün işə getmək məcburiyyətində qalmışdı. Çünki işçi qüvvəsi çatışmır. Xidmət göstərdiyi 84 yaşlı qadın da koronavirusa yoluxdu. Rəfiqəm etiraf edir ki, kimin birinci yoluxduğunu bilmir. Amma hər ikisi sağalıb. Hətta 84 yaşlı qadın sağalandan sonra onun şərəfinə bayram keçirdilər. Odur ki, rəfiqəm daşıyıcı ola biləcəyindən qorxduğu üçün bizə gəlməkdən imtina etdi. Ətrafımda yetərincə insan var. Lakin xüsusi qorxulu durum yoxdur. Tanıdığımız iki azərbaycanlı ailənin bütün üzvləri bu virusa yoluxmuşdu. Ailənin atası bir müddət nəfəs aparatına bağlı qalsa da hazırda özünü yaxşı hiss edir. Belə bir tibbi fakt da var ki, kişilər koronavirusu qadınlara nisbətən ağır keçirirlər.

- Ölkədə xüsusi özünütəcrid rejimi tədbiq olunmur. Bəs dövlət rəsmiləri COVID-19-la bağlı xalqa təlimatlar verirlərmi?
- Günaşırı ölkənin baş naziri canlı yayımda çıxış edir. Elə ilk gündən belə bir müraciət olundu ki, bu virus çox ciddi problemdir və istər-istəməz hər kəs yoluxacaq. Xüsusi karantin rejimi tətbiq olunmayacaq. Lakin hər kəs özünü maksimal şəkildə qorumalıdır. Məsələn, əvvəllər 500 nəfər bir məkanda toplaşa bilərdisə, hazırda bu rəqəm 50-yə enib. Bəli, isveçlilər qanuna riayət edən xalqdır. Ticarət mərkəzləri və digər məkanlarda boşluq müşahidə olunur. Lakin insanlar Günəşsizlikdən o qədər əziyyət çəkirlər ki, hava bir az isinər-isinməz hamı küçəyə qaçır. Günəş bu xalq üçün elə bir qüvvədir ki, nə kral tanıyır, nə də baş nazir. Digər ölkələrin vətəndaşları tez-tez sosial şəbəkələrdə yazırlar ki, sizə həsəd aparırıq. Bəli, İsveçin çox gözəl təbiəti var. Dövlət başçıları da nə etdiklərini çox yaşı bilirlər. İnsanlar bütün gün evdə oturmaqla xüsusi dəyişiklik baş verməyəcək. Hər gün gigiyena şərtləri ilə bağlı şüarlar səslənir və yaşlıların qorunması ilə əlaqədar xəbərdarlıq olunur.
- Aya xanım, sonda xalqımıza ürək sözlərinizi bildirmək istəyirsiniz?
- Xalqıma firavanlıq, cansağlığı arzulayıram. Hər kəs üçün öndə öz milləti gəlir. Amma mən bütün dünya xalqlarına müraciət etmək istəyirəm. Bu ürək ağrısı, narahatlıq, panika sizin sağlamlığınıza zərər vurur. Bu mənim şəxsi düşüncəmdir. İstənilən halda mövsümi dəyişikliklər müxtəlif viruslarla müşayiət olunur. Hər il yaşadığımız qripə virusun bir növü kimi yanaşın. Yoluxub sağalacağıq. Bundan da qlobal, ağrılı dərdlərimiz var. Qarabağ acımızı unutmayaq. Gəlin, koronanı çox da ciddiyə alıb, vahiməyə düşməyək.
Leyla Sarabi


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ