Hər dəqiqəsi 1,2 milyon avroya başa gəlib
Tarix: 11-01-2023, 15:31
Baxılıb: 249
Google+ Paylaş
Tumblr Paylaş

Hər dəqiqəsi 1,2 milyon avroya başa gəlib

11-01-2023, 15:31

2020-ci ildə “Barselona”da yaşananlar yəqin ki, azarkeşlərin yaddaşından uzun müddət silinməyəcək. Çünki həmin zaman klubda nə baş verdiyini heç kim anlamırdı.
“Barsa” rəhbərliyinin uğursuz idarəçiliyi komandaya öz təsirini göstərmişdi. Nəticədə kalaloniyalılar həm ölkədaxili yarışlarda, həm də beynəlxalq arenada uğursuz çıxış etməyə başlamışdı. Həmin vaxtkı uğursuz idarəçiliyin yaratdığı problemlər bu gün də “Barselona”nın fəaliyyətinə təsir göstərir. Xüsusilə klubun maliyyə durumu hələ də düzəlmir.
İspaniya təmsilçisinin həmin dönəmdə rəhbəri olan Xosep Bartomeu baş verənlərin əsas günahkarı kimi təqdim edilir. Funksionerin bərbad idarəetmə üsuluna görə klubun borc yükü xeyli artdı. Əsasən də transfer siyasəti düzgün aparılmırdı. Belə səhv keçidlərdən biri də 2020-ci ildə “Palmeyras”dan 10 milyon avro müqabilində alınan Mateus Fernandesin adıyla bağlı idi.

O, Ronald Kumanın rəhbərlik etdiyi dönəmdə komandaya cəlb olunsa da, xidmətindən cəmi 17 dəqiqə istifadə edildi. Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Kiyev “Dinamo”su ilə görüşdə meydanda olan braziliyalı futbolçu daha sonra şans qazanmadı. Bunun səbəbi onun baş məşqçi Kumanın planlarına heç cürə daxil ola bilməməsi idi.
2021-ci ilin yayında isə futbolçu ilə müqaviləyə birtərəfli şəkildə xitam verildi. Buna görə “Barsa” futbolçuya 8,5 milyon avro ödəməli oldu. Fernandesin özü klubdan daha çox - 15 milyon avro tələb etsə də, istəyinə nail ola bilmədi.

“Bir məşqçinin beynindən nələr keçirdiyini deyə bilmərəm. Hələ məşqə başlamamışdan əvvəl köməkçilərinə mənimlə hesablaşmadığını, gedə biləcəyimi söylədi. Məni bir insan və ya oyunçu kimi tanımadığı halda bunu necə deyə bilərdi? Bəlkə əvvəlcə bir nəzər salmalısan?
Bir gün yanına getdim, danışmaq istədim. Kuman mənə güvənmədiyini, yaxşı klub tapsam, oyun praktikası qazanmaq üçün gedə biləcəyimi söylədi. Mənim belə planım yox idi. Ondan mənə bir neçə dəqiqə şans verməsini xahiş etdim, amma o, məni La Liqada heç vaxt meydana buraxmadı. Çox qəribə idi" - deyə braziliyalı yarımmüdafiəçi ötən güləri xatırlayır.
Mateusun "Barselona"da oynadığı 17 dəqiqə maaşı ilə birlikdə kluba 20,5 milyon avroya başa gəldi. Bu o deməkdir ki, Kataloniya təmsilçisində futbolçunun bir dəqiqəsi üçün 1,2 milyon avro xərcə düşüb. Belə də pis rəqəm deyil. Bunu ancaq Xosep Bartomeunun rəhbəri olduğu klub bacara bilərdi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ