İran səfiri Tehrandan Bakıya “qazlı” qayıtdı və... Azərbaycanı şərlədi
Tarix: 10-01-2023, 10:48
Baxılıb: 307
Google+ Paylaş
Tumblr Paylaş

İran səfiri Tehrandan Bakıya “qazlı” qayıtdı və... Azərbaycanı şərlədi

10-01-2023, 10:48

Xarici işlər nazirindən münasibətləri axarına salmaq təlimatı aldığı deyilən Musəvi yenə İsrail, yenə “sionist rejim” deyir; kimdir dost? - işğalçını dəstəkləyən müsəlman qonşu, yoxsa “İslam düşməni” adlandırdıqları yəhudi dövləti...

Yanvarın 4-də məsləhətləşmələr üçün Tehrana çağırılan İranın Azərbaycandakı səfiri Səid Abbas Musəvi Bakıya qayıdıb. İran Xarici İşlər Nazirliyinin rəsmi məlumatında nazir Hüseyn Əmir Abdullahiyanla görüşdüyü, daha dəqiqi, təlimatlar aldığı haqda xəbər yayılmışdı. İran mənbələrinin bildirdiyinə görə, həmin görüşdə Abdullahiyan guya səfirə iki ölkə münasibətlərinin yaxşılaşdırılması, inam körpülərinin qurulması yönündə tövsiyə-tapşırıq verib. Halbuki səfirin məsləhətləşmələr üçün geri çağırılmasının özü elə qarşı tərəfə diplomatik etirazın və narazılığın bir forması sayılır. Və elə də oldu.
Bakıya qayıtmazdan öncə Musəvi ən azı qəribə sayılacaq açıqlama verib. Bəlkə o, öz şefini düz anlamayıb. Yoxsa nədən öz qeyri-diplomatik bəyanatı ilə iki qonşu ölkə arasında onsuz da zəif olan etimad körpüsünü daha da sarsıtsın ki? Bəyanatına “mehriban qonşuluq”dan başlayan səfir fikrini “qlobal şər”lə, yəni İsraillə birgə mübarizənin vacibliyi ilə bitirib. Onun sözlərinə görə, Tehran İsrailin Azərbaycanda varlığını bəyənmir. Hərçənd suveren dövlət olaraq Azərbaycanın kiminlə dostluq eləməsinin Tehrana heç bir dəxli yoxdur. Necə ki, İran on illərdir islamofob və işğalçı Ermənistanla dostluq edir. Özü də Azərbaycana qarşı. Azərbaycan-İsrail əməkdaşlığı isə İran əleyhinə yönəlməyib.
Lakin səfir həmçinin qəzəblə bildirir: “Biz İsrailin iqtisadi və mədəni əməkdaşlıq şəklində (Azərbaycanda - red.) mövcudluğu və təsirinin nəticələri barədə açıq şəkildə xəbərdarlıq etmişik və sionist rejimin heç vaxt müsəlman dövlətləri və xalqlarının dostu olmayacağını söyləmişik”. Qəribədir, “heç vaxt müsəlman dövlətləri və xalqlarının dostu olmayan” İsrail müsəlman Azərbaycanın öz torpaqlarını azad eləməsində axıradək, əlindən gələni etdi. Müsəlman İran isə tam əksinə, axıradək işğalçı Ermənistanı dəstəklədi. İndi gördüyümüzə inanaq, yoxsa eşitdiyimizə? Qısası, rəsmi Tehranın yenə köhnə və hamını bezdirmiş bayatısını dinləməkdən qulaqlarımız “pas” atmaqdadır.
Elşad Musayev: Vətəndaşlar vaksinasiya prosesinə daha fəal qoşulmalıdırlar
Elşad Musayev
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin “Yeni Müsavat”a bildirdiyinə görə, səfirin Tehrana çağırılması Azərbaycanın son sərt cavabları ilə bağlı idi. Partiya sədrinin sözlərinə görə, Azərbaycan və Türkiyənin birgə hərbi təlimlər keçirməsi, İsrailin müdafiə nazirinin Bakıya gəlməsi, ardınca Səudiyyə Ərəbistanı xarici işlər nazirinin ölkəmizə səfəri İran mollakratiyasının xoşuna gəlmir: "Çünki İran Azərbaycanın tək olmadığını gördü, ətrafında güclü koalisiya yarandığını anladı. Eyni zamanda həm Bakının, həm tərəfdaşlarının sərt üzünü görməkdədir. Lakin Tehran İsrail haqda eyni ittihamları nə qədər səsləndirsə də, bizim üçün İsrail dost və qardaş ölkədir".
E.Musayevin sözlərinə görə, Tehran “sionist rejim” deməkdən yorulmur, buradakı agentura şəbəkəsini də bu yöndə fəallaşdırır, ancaq heç bir nəticəsi olmayacaq: “Məncə, İran Azərbaycana olan dəstəyi görərək geri çəkilməkdədir. Sadəcə, İsraillə əlaqələrimizin soyumasını arzulayır. Biz isə İsraildə səfirliyimizi açdıq, bu ölkə ilə əməkdaşlığı genişləndiririk”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ