Azərbaycanlıların kompakt yaşadıqları ərazidə tapıntılar: 1 milyon 800 min illik insan qalıqları - VİDEO
Tarix: 13-11-2022, 01:55
Baxılıb: 306
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanlıların kompakt yaşadıqları ərazidə tapıntılar: 1 milyon 800 min illik insan qalıqları - VİDEO

13-11-2022, 01:55

Avropa və Asiya qitəsində ən qədim insan qalıqları qonşu Gürcüstanda, soydaşlarımızın kompakt yaşadıqları Dmanisi rayonunda aşkarlanıb. 
Baku TV burada yerləşən tarixi şəhərciklə bağlı xüsusi reportaj hazırlayıb. 
Qeyd edilib ki, bu ərazidə arxeoloji qazıntıların aparılmasına hələ 1936-37-ci illərdən başlanılıb. O zamanlar müxtəlif insan və heyvan qalıqlarının tapılması arxeoloqların daha geniş araşdırmalara başlamasına səbəb olub. Arxeoloji qazıntılar nəticəsində aşkarlanan şəhərcikdə maraqlı tikililərdən biri isə məscid binasıdır.
Gürcüstan Milli Muzeyinin Dmanisi rayonundakı əməkdaşı tapıntıların tarixi əhəmiyyətindən danışıb.
“1991-ci ildə burada ilk insanın alt çənə sümüyü tapılıb. Bu, 1 milyon 700-1 milyon 800 min il əvvəlki insanın çənə sümüyüdür. Sonra arxeoloqlar daha geniş araşdırmalara başladılar və nəticədə beş kəllə sümüyü və dörd çənə sümüyü tapdılar. Şəhərin özü orta əsrlərə aiddir. Onun öz pul vahidi olub və burada bir çox dinlərin nümayəndələri yaşayıblar. Xüsusilə xristian gürcülərlə yanaşı, azərbaycanlılar, müsəlmanlar da yaşayıblar. Bunun göstəricilərindən biri də ərazidə qədim məscidin qalıqlarının olmasıdır”, - deyə o bildirib.
Hazırda sözügedən tarixi tapıntılar Tbilisidəki Milli Muzeydə saxlanılır. Muzeyin direktoru Gürcüstanda aşkarlanan tapıntıların tarixən Gürcüstanda azərbaycanlıların və gürcülərin dost kimi yaşadıqlarının göstəricisi olduğunu qeyd edib.
Məlumat üçün onu da bildirək ki, Dmanisi tarixi-arxeoloji muzey qoruğu 1983-cü ildə yaradılıb. Ərazi 2006-cı ildən Gürcüstan Milli Muzeyinin tərkibinə daxil edilib.
Reportyor.tv

 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ