Sifarişli həbsin qurbanı: Anar Zeynalovu kimlər və niyə həbs etdirdi?-“Nökər”ə çevirilmiş hakimin “hökmü”…
Tarix: 12-11-2022, 13:28
Baxılıb: 856
Google+ Paylaş
Tumblr Paylaş

Sifarişli həbsin qurbanı: Anar Zeynalovu kimlər və niyə həbs etdirdi?-“Nökər”ə çevirilmiş hakimin “hökmü”…

12-11-2022, 13:28

Anar Zeynalov bu qədərmi təhlükəli potensial idi? 


Bildiyiniz kimi, Beyləqanda fəaliyyət göstərən Əliyevçi bloger Zeynalov Anar Ədalət oğluAzərbaycan Respublikası Cinayət Məcələsinin 188.2 və 222-2.1-ci maddəsi ilə təqsirli bilinərək Beyləqan rayon məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
Qeyd edim ki, bloger Anar Zeynalov Beyləqan şəhəri ərazisində Beyləqan şəhər bələdiyyəsinə məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etməklə, həmin ərazidə tikili aparmaqda təqsirli bilinib.
Məsələ ondadır ki, İbtidai istintaq zamanı Anar Zeynalov həmin torpaq sahəsini Odelya adında xanımdan aldığı, həmin ərazinin ona məxsus olması barədə ilkin sənədlərin olması müəyyən olunub. Həmçinin yüksək gərginlikli elektrik xətti həmin torpaq sahəsi əldə etdildikdən sonra çəkilib. Əlavə olaraq onu da qeyd edim ki, apardığım araşdırmalar zamanı Anar Zeynalov həmin ərazidə tikinti apararkən qismən zəbetməyə yol verib. Hansı ki, Odeliya xanımdan sənəd əsasında əldə etdiyi torpaq sahəsində, (hansı ki həmin torpaq üzərində yarım tikili olub) tikinti işləri apararkən, həmin tikilinin ətrafındakı zibilliyi təmizləyib az bir hissədə zəbtetməyə yol verib. Bütün bunlar isə həmin işin ibtidai istinaq mərhələsində məlum olub. 
Həmçinin, Anar Zeynlov həmin ərazidə tikintinin aparılmasının qanunsuz olması və aparılan tikintinin dayandırılması barədə nə yerli icra hakimiyyəti, nə də məhkəmədə zərərçəkən qismində tanınan bələdiyyə orqanından zəbtlə bağlı hissədə heç bir rəsmi bildiriş və ya xəbərdarlıq almayıb. Bu da onu göstərir ki, Anar Zeynalovun həbsi rayonun məhkəmə və müəyyən qurumları tərəfindən əvvəlcədən planlaşdırılıb.
Halbu ki, Məhkəmədə torpağın mülkiyyətçisi qismində çıxış edən qurumun əməkdaşları borcludurlar ki, vətəndaş tikinti işlərini həyata keçirərkən zəbtə yol verərsə, bələdiyyə orqanı həmin şəxsə bu barədə rəsmi qaydada xəbərdarlıq etməklə, aidiyyəti orqanlarada müraciət etsin. Əlbəttə ki, vaxtında qanunsuz tikili ilə bağlı hissədə Anar Zeynalova xəbərdarlıq edilmiş olsaydı, şübhəsiz ki, o tikintini dayandırar və başa çatdıra bilməzdi. Anar Zeynalov etdiyi əməlin cinayət olduğunu bilmədən (beləki həmin torpaq sahəsinin ilkin sənədləri əlində olan Odelya xanım adlı şəxsdən əldə etdiyinə görə) həmin ərazidə tikinti işləri aparıb. 
Anar Zeynalovun məhkəmə prosesi zamanı cinayət işi üzrə ittihamı müdafiə edən prokuror niyə ibtidai istintaq zamanı cinayət işinin materialrındakı prosessual pozuntulara göz yumub? Niyə ittihamı müdafiə edən prokuror Anar Zeynalov barədə cəza tələb edərkən bir başa azadlıgdan məhrumetmə cəzasını yox, maddənin sanksiyasında nəzərdə tutulmuş yüngülləşdirici cəza növünün seçilməsini tələb etməyib?
Maraqlıdır ki, hakim Ramiz Nurullayev Anar Zeynalov barəsində azadlıqdan məhrumetmə cəzası seçərkən, ittihamla azadlığın məhdudlaşdırılması və islah işləri növündə alternativ cəza növləri olduğu halda, hansı əsasla onun barəsində bir başa həbs barədə hökm çıxarıb?
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4-cü maddəsinin mənasına görə, bu Məcəllə qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır.
Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
Ramiz Nurullayevin və ittihamı müdafiə edən prokurorun (və ya prokurorların) nəzərinə ərz edim ki, Anar Zeynalovla bağlı hökm çıxarmamışdan əvvəl azından Cinayət Məcəlləsinin aşağıda qeyd etdiyim maddələrinin bəndlərini oxuyub daha sonra qərar qəbul edərdilər. Həmin maddələrə dəlalət edir ki, Anar Zeynalova cəza təyin edikərkən cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalı idi.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin mənasına görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
Məcəllənin 58.1-ci maddəsində göstərilir ki cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.
Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
Həmin Məcəllənin 59.1.9-cu maddəsinin mənasına görə cinayətin anlaqlığı istisna etməyən psixi pozuntusu olan şəxs tərfindən törədilməsi cinayətin törədilməsini yüngülləşdirən haldır.
Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.
“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin gücləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmlər tərəfindən qətimkan tədbirinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət–prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə imperativ norma müəyyən etmiş, həmin Sərəncamın 13.3-ci bəndində cəzanın növünün və həddinin müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmaları, həmin Sərəncamın 13.4-cü bəndində cəzanın təyin edilməsi əsalarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi tövsiyyə edilmişdir.
Hansı ki, həmin Məcəllənin 59.1.9-cu maddəsinin mənasına görə cinayətin anlaqlığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi cinayətin törədilməsini yüngülləşdirən haldır.
Hazırda cinayət işinin materiallarında da Anar Zeynalovun psixi pozuntusunun olması, Beyləqan rayon Mərkəzi Xəstəxanasında “şizofreniya-şəxsiyətin isterika tipli dəyişməsi” diaqnozu ilə dispanser qeydiyyatda olması barədə arayış var.
Həmçinin də həyat yoldaşının onkoloji xəstə olması da kifayət edir ki, Anar Zeynalov barədə digər alternativ cəza növü seçilə. Bunlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərinə görə cəzanı yüngülləşdirən halladır ki, Beyləqan rayon məhkəməsi bunları nəzərə almamışdır.
Eyni zamamda da Beyləqan rayon məhkəməsi Prezident İlham Əliyevin cəza siyasəti ilə bağlı müvafiq Sərəncamının tələbinə əməl etməmiş, öz hökmündə nəyə görə sanksiyası azadlığın məhdudlaşdırılması və islah işi növündə cəza olduğu halda azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslandırmamış, alternativ cəzanı tətbiq edilməsinin mümkünlüyünü istisna edən hansı halların mövcudluğunu göstərməmişdir.
Bütün bunlarda onu göstərir ki, həm hakim Ramiz Nurullayev həm də ittihamı müdafiə edən prokuror kimlərinsə sifarişini icra etməklə, Anar Zeynalovu qərəzli səkildə həbs ediblər.
Qeyd edim ki, bu işin ibtidai istintaqı zamanı da Anar Zeynalovun həm müdafiə hüququ pozulmuş, həm də onunla qərəzli davranışlara yol verilmişdir.
Bu haqda isə daha sonra yazacam.
Ramin Məhəmmədoğlu
“RealMedia.az” saytının baş redaktoru


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ