ZƏFƏR GÜNÜ…- Birinci Qarabağ döyüşçüləri düşmənin dənizdən-dənizə “böyük Ermənistan” yaratmaq arzusunu darmadağın edib
Tarix: 8-11-2022, 14:19
Baxılıb: 546
Google+ Paylaş
Tumblr Paylaş

ZƏFƏR GÜNÜ…- Birinci Qarabağ döyüşçüləri düşmənin dənizdən-dənizə “böyük Ermənistan” yaratmaq arzusunu darmadağın edib

8-11-2022, 14:19

Bu gün 8 Noyabr – Zəfər Günüdür! Bu gün artıq iki ildir ki, xalqımızın, dünya azərbaycanlılarının ən əziz bayramı kimi qeyd edilir desək, yanılmarıq.
Bir nüansı önə çəkmək istəyirik: Vətən müharibəsində tarixi Qələbəmizin, tarixdə ən böyük Qələbəmizin qazanılmasında şücaət göstərmiş, canından-qanından keçmiş igidlərimizin xidmətləri dəyərləndirilərkən, Birinci Qarabağ döyüşçüləri də unudulmadı. Nəzərə alındı ki, Birinci Qarabağ müharibəsində iştirak edən döyüşçülərimiz torpaqlarımızın 80%-ni saxladılar və Ermənistanın işğalçılıq niyyətinin qarşısını almağa nail oldular. Bilirik ki, düşmənin ən böyük arzusu dənizdən-dənizə “böyük Ermənistan” yaratmaq, həmçinin Azərbaycan ərazisini tam şəkildə işğal etmək idi. O pis niyyətlərin qarşısını alan məhz Birinci Qarabağ müharibəsinin döyüşçüləridir. Ona görə də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunanlar arasında Birinci Qarabağa müharibəsi iştirakçısı, ehtiyatda olan baş çavuş İbad Hüseynovun adının olması göstərdi ki, bu gün Azərbaycanda Birinci və İkinci Qarabağ müharibəsi iştirakçısına, şəhid ailəsinə, qazisinə fərq qoyulmur. Bütövlükdə Qarabağ müharibəsi olub. Eyni statuslu, eyni dərəcəli qazilərimiz, şəhidlərimiz, şəhid valideynləri var. Dövlət müharibə iştirakçılarının hər birinə eyni dərəcədə qayğı göstərir, problemlərinin həllinə diqqət ayırır. Elə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci ildə imzaladığı “Birinci Qarabağ müharibəsində əlilliyi olan sabiq döyüşçülərə sosial yardım edilməsi haqqında” fərmanı da qələbədən sonra Birinci Qarabağ müharibəsinin iştirakçılarına, onların ailələrinə olan dövlət qayğısının gözəl nümunəsi hesab edilir.
Birinci Qarabağ müharibəsində şücaət göstərmiş qəhrəman Vətən övladlarından biri də təcrübəli polis polkovnik-leytenantı Rəşid Piriyevdir. Bilməyənlər üçün xatırladaq ki, Rəşid Piriyev 1-ci Qarabağ döyüşlərində Ağdərə, Ağca kənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Həmin illər Rəşid Piriyevlə yanaşı qardaşı Rəşadət Piriyev də I ci Qarabağ müharibəsinə könüllü olaraq qoşulur. O, Kəlbəcər,Laçın, Ağdam, Ağdərə uğurunda gedən ağır döyüşlərdə həm rabitəçi operator həm də hərbi texnikanın zərərsizləşddirilməsi üzrə əməliyyatçı kimi iştirak edir.11 fevral 1994-ci ildə Kəlbəcər rayonu Yanşaq kəndi uğurunda gedən döyüşlərdə şəhidlik məqamına yüksəlib.
Qeyd edək ki, Rəşid Piriyevin Bakı şəhər BPİ DYPİ-nin rəisi vəzifəsinə təyin olunması pandemiyanın başladığı ərəfəyə təsadüf etdi. Məhz R.Piriyevin peşəkar rəhbərliyi sayəsində paytaxtın yol polisi əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına, xüsusi karantin rejimi səbəbi ilə qurulan yoxlama-buraxılma postlarında karantin qaydalarına nəzarət yüksək səviyyədə təşkil edildi. Hərəkət iştirakçılarının hərəkətinə verilmiş icazələr yoxlanılaraq, inzibati tənbeh tədbirlərinin görülməsi nəticəsində minlərlə sürücü inzibati məsuliyyətə cəlb edilib. Yol polisinin iş rejiminin gücləndirilməsi və üzərinə düşən vəzifələrin artmasına baxmayaraq polislərimiz vəzifələrini hər yönü ilə əksiksiz şəkildə həyata keçirirdilər. Bu dövrdə bəzi vətəndaşların qaydaları pozaraq ən ağılasığmaz yollara əl atdığının şahidi olduq. Yükdaşıyan nəqliyyat vasitələrində, təcili tibbi yardım maşınında xəstə adı altında, avtomobilin yük yerində, postlardan kənar piyada və ya gizlin çöl yolları ilə rayonlardan paytaxta və əks istiqamətdə keçmək istəyənlər aşkar edilərək, qarşısı alınıb.
Sonra da Vətən müharibəsinin 44 günü ərzində bütövlükdə Azərbaycanın daxili işlər orqanları kimi, Bakı şəhər yol polisi də sınaqdan uğurla çıxdı, düşmənin törədə biləcəyi terror və təxribartların önlənilməsində ayıq-sayıqlıq nümayiş etdirdilər.
Cənab Rəşid Piriyev öz xidməti fəaliyyətində yüksək peşəkarlığı, insani keyfiyyətləri və işdən kənar davranış mədəniyyəti ilə daxili işlər orqanlarının nüfuzunu daim artırmağa çalışır. Daha əvvəl rəhbər vəzifədə xidmət etmiş olduğu Şirvan polisində də, Beyləqan polisində də Rəşid müəllim heç bir fiziki və hüquqi şəxsin, ictimai birliyin maraqları dairəsində fəaliyyət göstərməmiş, vəzifə səlahiyyətlərindən və qulluq mövqeyindən sui-istifadə etməmişdir. O, xidməti fəaliyyətində qanunun aliliyini rəhbər tutmaqla yalnız faktlara əsaslanır, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinə riayət edir, vətəndaşların hüquq və azadlıqlarına, hüquqi şəxslərin mənafelərinə əməl və hörmət edir, insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol vermir. Daim nəzərə alır ki, milli qanunvericiliklə  və beynəlxalq konvensiyalarla təsbit edilən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədidir.
Çox hörmətli Rəşid Piriyevi, onun şəxsində bütün polis işçilərini Zəfər Bayramı münasibətilə təbrik edir, bundan sonrakı xidməti fəaliyyətlərində uğurlar arzulayırıq.
Ramin Məhəmmədoğlu
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ