Baş konstruktor üçün bombanı kim sifariş vermişdi? – sovet dövrünün ən müəmmalı qətli
Tarix: 11-04-2020, 14:31
Baxılıb: 628
Google+ Paylaş
Tumblr Paylaş

Baş konstruktor üçün bombanı kim sifariş vermişdi? – sovet dövrünün ən müəmmalı qətli

11-04-2020, 14:31

1981-ci ildə Moskvanın Kirov prospektində baş verən cinayət hadisəsi müharibədən sonrakı illərdə SSRİ-də ilk sifarişli qətl hadisəsi sayılıb. Tanınmış konstruktor, fizika-riyaziyyat elmləri doktoru, Kuybışev avtomat sistemlər bürosunun baş direktoru professor İqor Berejevoy öz xidməti avtomobilində olarkən ona verilən dərman qutusunun içindəki patlayıcı maddənin partlaması nəticəsində həlak olub.
Fevral ayının 3-də baş verən bu hadisə Kremldə də narahatlıq yaradıb. DTK sədri Yuri Andropov baş katibə hadisə ilə bağlı məruzə edəndə Leonid İliç Brejnev cinayət işinin açılması ilə bağlı həyata keçiriləcək tədbirlərə şəxsən onun özünün rəhbərlik etməsini göstəriş verib.
İqor Berejevoy kim olub? Onun qətli hansı səbəbdən Kremldə müzikirə mövzusuna çevrilib?

Qeyd edək ki, Berejevoy SSRİ-də aviasiya sahəsi üzrə ən tanınmış konstruktorlardan biri sayılıb. 1934-cü ildə Balaşov şəhərində anadan olan konstruktor orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Kuybışevdə (indiki Samara) Aviasiya institutunda təhsil alıb. İlk əmək fəaliyyətinə Voronejdəki aviasiya zavodunda başlayan Berejevoy 1966-cı ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyası müdafiə edib.
İqor Berejevoy 1972-ci ildə SSRİ Mülki Aviasiya Sənayesi Nazirliyinin tabeliyində olan avtomat sistemlər bürosuna baş direktor təyin edilib. Büro ölkədə ən güclü təşhizatı və təminatı olan qurumlardan biri sayılıb. Bununla yanaşı, o, mütəmadi olaraq məxfi saxlanılan müdafiə sənayesi müəssislərinin işinə də cəlb edilib.

Mülki və hərbi aviasiya sahəsində 200-dən artıq ixtiranın müəllifi olan Berejevoy Kuybışevdə partiya komitəsinin büro üzvü kimi fəal ictimaiyyətçi olaraq da tanınıb. Onun çox qısa bir vaxtda Kuybışev şəhər partiya komitəsinə birinci katib təyin edilməsi də gözlənilib. Bu təyinatla bağlı 1980-ci ilin dekabrında Mərkəzi Komitədə müzakirə aparılıb və razılığa gəlinib.
İqor Berejevoy 1981-ci ilin fevralın 1-də xidməti işi ilə bağlı Moskvaya ezamiyyətə yollanıb. O, adətən bütün ezamiyyətlərə öz xidməti avtomobili ilə gedib. Ezamiyyətinin üçüncü günü ondan xahiş ediblər ki, təxminən ayaqqabı qutusu həcmində olan bağlamanı özü ilə Kuybışevə aparsın və bildiriblər ki, qutuya dərmanlar yığılıb, Kuybışevdə onu qarşılayıb qutunu götürəcəklər. Berejevoy bu xahişi tərəddüdsüz qəbul edib.
İqor Berejevoy fevralın 3-də axşam saat 19.30-da tanımdığı şəxsdən qutunu götürüb. Maşına əyləşən kimi o, hər ehtimala qarşı qutunu açıb, içində nə olduğuna baxmaq istəyib. Qutu açılan kimi dəhşətli partlayış Berejevoyu hissələrə bölüb. Sürücü isə ağır yaralanıb.

Hadisə ilə bağlı dərhal cinayət işi açılıb. İstintaqı DTK-nın istintaq idarəsinin əməkdaşları aparıb. İstintaqa birbaşa Yuri Andropov nəzarət edib.
İstintaq zamanı İqor Berejevoyun fəaliyyəti araşdırılıb. Məlum olub ki, onun rəhbərlik etdiyi büroda kifayət qədər böyük yeyintilər olub. Belə ki, büronun büdcəsi hesabına alınan və həmin dövrdə defisit sayılan rəngli televizorlar, xarici fotoaparatlar, büroda xammal kimi istifadə olunan qiymətli metallar təyinatı üzrə istifadə edilmədən kənar şəxslərə satılıb.
Həmçinin, o da məlum olub ki, büronun büdcəsindən 120 min rubl nəğdləşdirilərək şəxsi məqsədlər üçün istifadə edilib. Bu faktlara görə Berejevoyun 3 müavini və təchizat şöbəsinin müdiri həbs edilib. Onlardan biri həbs zamanı intihar edib. Digərləri isə 6-12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. Amma bu faktaların heç birini Berejevoyun öldürülməsi ilə əlaqələndirmək mümkün olmayıb.
İstintaq zamanı daha bir fakt aşkar olunub. Büronun balansında olan dörd təyyarədən qeyri-qanuni olaraq kommersiya məqsədilə yükdaşınmalarda istifadə edilib. Bu məsələdə Kuybışev şəhər partiya komitəsinin birinci katibinin və şəhər prokurorunun da əli olub. Bu faktla da Berejevoyun öldürülməsinə yol tapmaq mümkün olmayıb.

Üçüncü bir versiya da səsləndirilib. Bu, Berejevoyun Leonid İliç Brejnevin sevimli stüradessası ilə yaxın əlaqələri barədə məlumatdan ibarət olub. Lakin bu da cinayət işinin açılmasında heç bir rol oynamayıb, yaxud da bu məsələnin üstündə dayanmağa heç kim cürət etməyib. Hərçənd Brejnevin sevimli xanımlarını necə qısqandığı da hamıya yaxşı bəlli olub.
Maraqlı fakt odur ki, DTK kimi ciddi bir qurumun dərman qutusunu Berejevoya verən şəxsi axtarmaqda “acizlik” göstərməsidir. Hər halda 1981-ci ildə rabitə vasitələrinə nəzarət imkan verib ki, Berejevoya xahiş məqsədilə zəng edən şəxsin haradan zəng vurmasını müəyyən etmək olsun. Yəqin ki, bu zəng müəyyənləşdikdən sonra həmin şəxsin tapılması da mümkün olardı.
Üç illik istintaq nəticəsində nə qatil məlum olub, nə qətlin sifarişçisi. İstintaq materiallarının sonunda isə ümumi olaraq belə bir ifadə göstərilib ki, cinayət büronun fəaliyyətindəki yeyinti hallarının ört-basdır edilməsi məqsədilə törədilib.
Bəli, böyük cinayətlərin arxasında təbii ki, böyük şəxslər durur, əgər ortada sifarişçi varsa və əgər cinayətin üstü açılmırsa, demək, sifarişçi də elə böyük bir şəxsdir. Böyük şəxslər olan yerdə isə, ən qatı cinayətlərin üstündən sakitliklə keçmək mümkündür.

Qeyd edək ki, bu müəmmalı cinayət içi, sifarişli qətl haqqında “Baş konstruktor üçün bomba” adlı film də çəkilib.
İlham Cəmiloğlu, Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ