İnanclı xanımların hicab hüququ - Ərdoğanın təklifi Azərbaycanda da reallaşsa...
Tarix: 25-10-2022, 08:18
Baxılıb: 501
Google+ Paylaş
Tumblr Paylaş

İnanclı xanımların hicab hüququ - Ərdoğanın təklifi Azərbaycanda da reallaşsa...

25-10-2022, 08:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qadınların hicab taxmaq hüququnun ölkə konstitusiyasında təsbit edilməsi məsələsini ümumxalq səsverməsinə çıxarmağı təklif edib. Musavat.com-un xəbərinə görə, “Gəlin, bu məsələni referenduma çıxaraq, xalq qərar versin”, - deyə o, Malatya şəhərindəki çıxışı zamanı bildirib.
Belə bir referendum müsbət nəticələnərsə, hicablı xanımlara nə verəcək? Yəqin ki, söhbət ilk növbədə dövlət idarə və müəssisələrində inanclı xanımların baş örtüyünə görə vaxtaşırı üzləşdikləri süni əngəllərin aradan qaldırılmasından gedir. Eyni problem Azərbaycana da xasdır. Azərbaycan da Türkiyə kimi dünyəvi dövlət sayılır. Yəni din dövlətdən ayrıdır. Lakin inanc azadlıqlarına heç də hər yerdə riayət olunmur. Məsələn, hələ də bizdə hicablı xanımlara (çadranı niqabla qarışdırmamalı) pasport, şəxsiyyət vəsiqəsi üçün hicabda şəkil çəkdirməyə icazə verilmir. Mütləq başlarını açmalıdırlar. Bu səbəbə hətta şəxsiyyət vəsiqəsi almayan qadınlar var ki, onlar da işə düzələ, yaxud şəxsiyyət vəsiqəsi tələb olunan problemləri yoluna qoya bilmirlər. Bəlkə Azərbaycan da referenduma getsin?
Yeni ev, yeni bağ, yeni Qubadlı quracağıq” – Rəsul Mirhəşimli doğma  yurdundankı xatirələrindən danışır
Rəsul Mirhəşimli: “Hökumət inanclı xanımların şəxsiyyət vəsiqəsini almaq üçün əngəlləri aradan qaldırmaqla dini kəsimin razılığını qazanmış olacaq”
Mövzu ilə bağlı ilahiyyatçı Rəsul Mirhəşimli “Yeni Müsavat”a bunları şərh edib: “Hicab məsələsi ən azı 30 ildir ki, Türkiyədə islamçılıq düşüncəsini formalaşdıran mühüm məsələlərdən biridir. Bu, qardaş ölkədə inanclı insanların yaratdığı "problem" olmasa da, özünü dünyəvi düşüncənin daşıyıcıları sayanların tətbiq etdiyi qadağa inanclı kəsimin diqqətini bu məsələyə yönəltməsinə səbəb olub. Qeyd etmək lazımdır ki, 1998-ci ildən etibarən Azərbaycanda da inanclı qadınların hicablı fotoşəkilli sənəd almaqla bağlı problemlər yaşanmağa başlayıb. Pasport və şəxsiyyət vəsiqəsinin verilməsinə məsul olan qurumlarda sənəd qəbulu prosesində hicablı fotoları qəbul etməkdən imtina edirlər. Hicablı qadınların pasport və şəxsiyyət vəsiqəsini almaqda yaradılan bu süni əngəllər təbii olaraq, inanclı insanlarda narazılıq yaradır.  1999-cu ildə birinci və ikinci instansiya məhkəmələri pasportda hicablı fotoşəkilə malik olmaq hüququnu təsdiq etsə də, Ali Məhkəmə səviyyəsində buna xitam verilib. Halbuki Azərbaycan Konstitusiyasının 48 və 71-ci maddələri vicdan azadlığına zəmanət verir. Eyni zamanda Azərbaycanın qoşulduğu beynəlxalq sənədlər də bu azadlıqların qorunmasını açıq şəkildə təsdiqləyir. Ölkəmizdə biometrik sənədlərin verilməsi hicablı xanımların baş örtüyü ilə şəkil çəkdirməsini xeyli asanlaşdırıb. Azərbaycan hökuməti inanclı xanımların pasport və şəxsiyyət vəsiqəsini almaq üçün əngəlləri aradan qaldırmaqla dini kəsimin razılığını qazanmış olacaq. Bunun heç bir referenduma getməyə ehtiyac yoxdur. Çünki Azərbaycan Konstitusiyası bu azadlıqların qorunmasını təsdiq edir.  Sadəcə olaraq, bir zamanlar qəbul edilmiş normativ sənədlərdə düzəliş etməklə bu problemi kökündən çözmək olar.
İlahiyyatçı qeyd edir ki, dünyəvilik dinsiz cəmiyyət anlamına gəlmir: “Dünyəvilik anlayışı insanlara dini seçmək, yaxud heç bir dinə inanmamaq hüququnu insanların öz öhdəsinə buraxır. Dövlət isə dinə inananların və inanmayanların hüquqlarını bərabər şəkildə qorumağa mükəlləfdir”.
Əfsər Sadıqov: “Prezident preventiv tədbir gördü ki, biz buna da hazırıq”
Əfsər Sadıqov: “Konstitusiyamız çox yüksək standartları ehtiva edir, hüququ pozulanlar isə...”
BDU-nun Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Türkiyədə onu təminat altına almaq istəyirlər ki, konstitusion norma olsun. Bizdə də konstitusiyada 147-ci maddə var. Konstitusion norma birbaşa qüvvədədir və ali hüquqi qüvvəyə malikdir. Bu anlamda istəyirlər ki, təminat altına alınsın. Əlbəttə, Türkiyədə uzun müddət dini dəyərlər əsasən hüququn əsasını təşkil edib, sonradan Avropa hüquq qaydası resepsiya olunub. Biz də əvvəldən bilirsiniz ki, kontinental hüquq sistemindəyik. Sekulyar dövlət kimi qəbul olunub. Konstitusion normada dinin siyasətə qarışmaması məsələsi qeyd olunur. Eyni zamanda bizdə hər kəsin hansısa formada ayrı-seçkiliyə məruz qalmaması maddəsi var. Amma buna baxmayaraq, qadınların müəyyən hüquqlarının realizəsinə maneələr var. Burada hesab edirəm ki, əgər bir şəxsin inancı həmin istiqamətdədirsə, qanun onun qarşısını almamalıdır. İstər o, Avropada olsun, istər Şərq ölkələrində olsun, hər bir kəsim içindən gələn inama uyğun olaraq onun hüquqlarının realizəsinə qanunvericiliklə şərait yaradılmalıdır. Bu anlamda deyirik ki, şəxsin hər hansı bir  formada dini, irqi, sosial ayrı-seçkiliyə məruz qalmamaq haqqı var. Əslində həmin şəxslər məhkəməyə müraciət etsələr, bu maddə altında öz hüquqlarını realizə edə bilərlər. Ümumiyyətlə, bizim konstitusiyamız formal baxımdan çox yüksək standartları ehtiva edir. Onun yerinə yetirilib-yetirilməməsi ikinci məsələdir. Hüququ pozulan şəxslər məhkəməyə müraciət edib, hüquqlarını bərpa edə bilərlər”.
40 min imza qanunu”- vətəndaşlar ölkə həyatında iştiraka cəlb olunur
Əlövsət Allahverdiyev: “Referendumun keçirilməsini məqbul saymıram, İrana, müəyyən qruplara belə fürsət lazımdır”
Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi: “Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsinə görə, hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır. Hər kəs öz dinini və ya əqidəsini dəyişmək hüququna malikdir və bu dini fərdi və ya kollektiv şəkildə, açıq və ya özəl şəkildə ifadə etməkdə azaddır. Bütün tanınmış inanclar bu hüquqla qorunur. Fikir, vicdan və din azadlığına hörmətlə bağlı müasir problemlərdən biri həm beynəlxalq, həm də milli səviyyədə dini dözümsüzlüyün artmasında təcəssüm olunur. Təriqətlərin statusu ilə bağlı məsələlər də bu azadlığın həyata keçirilməsi ilə bağlıdır.
Bu norma ölkə konstitusiyasında da əks olunub. Hər kəsin din azadlığına hörmətlə yanaşılır. Qanunda da bununla bağlı (ekstremizmi çıxmaq şərtilə) hər hansı qadağa yoxdur. Azərbaycan multikultural dəyərləri önə çəkən, qoruyan, tolerant bir ölkədir. Hicabla bağlı məsələni bu gün şişirtməyin də tərəfində deyiləm, təbii. Qanunda bununla da bağlı qadağa yoxdur, qadağa olmadığı halda ona qarşı çıxmaq da yolverilməzdir. Bunun üçün referendumun keçirilməsini də məqbul saymıram. Elə məhz İrana və müəyyən qruplara da belə fürsət lazımdır ki, təbliğatını gücləndirsin".
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ