Məişət zorakılığına gətirən səbəblər - çıxış yolu nədir?
Tarix: 15-10-2022, 09:37
Baxılıb: 405
Google+ Paylaş
Tumblr Paylaş

Məişət zorakılığına gətirən səbəblər - çıxış yolu nədir?

15-10-2022, 09:37

Mehriban Zeynalova: “İqtisadi amilin məişət zorakılığına təsir etdiyini düşünmürəm”

Cari ilin sentyabr ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 53 müraciət daxil olub. Komitənin yaydığı məlumata görə, bu müraciətlərin 24%-i Bakı, 29%-i regionların payına düşür. Müraciətlərin 82%-i qadınlara, 12%-i uşaqlara, 5.3%-i isə ahıl şəxslərə qarşı törədilən zorakılıq halları ilə bağlı olub.
“Ümumən daxil olan 53 müraciətdən 24-ü psixoloji, 27-si fiziki, 1-i cinsi zorakılıqla bağlı olub. Onlardan 40 nəfəri qadın, 9-u uşaq, 4-ü 70 yaşından yuxarı ahıl şəxslərin vəziyyətinə dair olub”, - məlumatda qeyd edilib.
Statistikadan göründüyü kimi, bu dəfə də məişət zorakılığından ən çox əziyyət çəkən qadınlardır - 82 faiz. Ekspertlər isə qeyd edir ki, zorakılıq faktları statistikadan dəfələrlə çoxdur. Çünki bir faktdır ki, Azərbaycanda məişət zorakılığına məruz qalan qadınlar adətən gec və yaxud ümumiyyətlə müraciət etmir, səbir etməyə üstünlük verirlər. Yalnız vəziyyət son həddə çatanda, qarşı tərəf artıq ciddi fəsadlar yaradan fiziki zorakılığa keçəndə, ailəni qorumaq, tərəflərin bir yerdə yaşaması mümkün olmayanda dövlət qurumlarına müraciət etmək məcburiyyətində qalırlar.
Təbii ki, bunun da öz səbəbi var. “Camaat nə deyər”, “yaxşı qadın ərindən polisə şikayət etməz”, “ailə sirrini kənara çıxartmaq olmaz”, “qadının ər evindən yalnız ölüsü çıxmalıdır” kimi stereotiplər qadınların həmən hüquq-mühafizə orqanlarına müraciət etməsinin qarşısını alır - baxmayaraq ki, bu məsələ Azərbaycan Respublikasının həm Cinayət, həm də inzibati Xətalar Məcəlləsində tənzimlənib.
Belə ki, Cinayət Məcəlləsinə əsasən, özünü öldürmə həddinə çatdırma (maddə 125); qəsdən sağlamlığa ağır zərər vurma (maddə 126); qəsdən sağlamlığa az ağır zərər vurma (maddə 127); qəsdən sağlamlığa yüngül zərər vurma (maddə 128); qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma (maddə 129); əzab vermə (maddə 133); öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə (maddə 134); zorlama (maddə 149); seksual xarakterli zorakılıq hərəkətləri (maddə 150); seksual xarakterli hərəkətlərə məcburetmə (maddə 151); on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə (maddə 152); əxlaqsız hərəkətlər (maddə 153); bərabərlik hüququnu pozma (maddə 154); qadını nikaha daxil olmağa məcbur etmə (maddə 176-1) ilə bağlı maddələr var.
Həmçinin İnzibati Xətalar Məcəlləsinin “Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması” ilə bağlı 158-ci maddə var. Həmin maddənin 1-ci bəndinə əsasən məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə 100 manatdan 300 manatadək, 2-ci bəndinə əsasən məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə 300 manatdan 500 manatadək, 3-cü bəndinə əsasən məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət göstərməsinə görə 35 manatdan əlli manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Eləcə də 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə 300 manatdan 500 manatadək inzibati cərimə və ya 2 ayadək inzibati həbs nəzərdə tutulub. Bir şərtlə ki, baş verən döyülmə faktı sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla nəticələnməsin.
Bəs məişət zorakılığına səbəb olan əsas amillər hansılardır - sosial iqtisadi problemlər, psixoloji gərginlik, müasir texnologiyanın inkişafı, sosial şəbəkələr, yoxsa maarifləndirmə tədbirlərinin yetərli səviyyədə aparılmaması?
Mehriban Zeynalova - Ens.az - 4 dildə xəbərlər və ensiklopediya, ən son  xəbərlər, en son xeberler
Mehriban Zeynalova
Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Müsavat”a danışdı: “Qeyd olunan səbəblərin hamısının öz təsiri var. Bu gün cəmiyyətdə xüsusilə sosial-psixoloji vəziyyət gərgindir, insanlarda etibarsızlıq, inamsızlıq, bir-birinə qarşı şübhə ilə yanaşma müşahidə olunur. Bu da insanların bir-birinə qarşı zorakılığını artırır.
Məsələn, sosial şəbəkələri götürək. Əksər sosial şəbəkədə müəyyən çağırışlar olur ki, ona qarşı çıxmaq məsələsi qarşımızda dayanır. Bu məsələdə ictimai qınaq çox mühümdür. İqtisadi amillərə gəldikdə, bu amilin məişət zorakılığına təsir etdiyini düşünmürəm. Yəni daha çox mənəvi-psixoloji amillər məişət zorakılığına gətirib çıxarır. Mənəvi-psixoloji amillər isə əsasən mühitlə bağlı olur. Belə ki, mühit zorakı olanda, zorakılıq nümunə kimi göstəriləndə, cəzaları yaxşı təbliğ etmir və yaxud həmin cəzaların nəticəsini göstərməyəndə ortalığa bu cür vəziyyət çıxır. Beləliklə, hər bir komponent insan psixologiyasına təsir edir, onun davranışlarına sirayət edir".
“Məişət zorakılığının artmasının qarşısını almaq üçün daha hansı tədbirlər görülməlidir” sualımıza müsahibimiz belə cavab verdi: “Hesab edirəm ki, zorakılıq törədən şəxslər məcburi psixoloji-reabilitasiya mərkəzlərinə göndərilməlidir. Bu cəhətimiz çox zəifdir. Həmçinin evlilik dövründə psixoloji dəstəyin göstərilməsi, psixoloji rəyin alınması həyata keçirilməlidir. Əlbəttə ki, bu, məcburi olmamalıdır, çünki insan haqlarına ziddir. Sadəcə, təbliğ etmək lazımdır ki, evliliyə gedən şəxslər müxtəlif kurslara cəlb edilməli, psixoloji testlərdən, həmçinin müəyyən müayinələrdən keçməli, evliliyin ilk vaxtlarında necə davranmalı, uşağın dünyaya gəlməsi ilə hansı problemlərin ola biləcəyi, həmin problemlərin öhdəsindən necə gəlməli olduqları aşılanmalıdır”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ