BÖYÜK SÜLHƏ ən çox İRƏVANIN ehtiyacı var - Türk general
Tarix: 31-08-2022, 16:10
Baxılıb: 284
Google+ Paylaş
Tumblr Paylaş

BÖYÜK SÜLHƏ ən çox İRƏVANIN ehtiyacı var - Türk general

31-08-2022, 16:10

“Hazırda böyük sülhə daha çox İrəvanın ehtiyacı var. Ermənistan həm siyasi və hərbi, həm də sosial və iqtisadi olaraq çox çətin vəziyyətdədir. İrəvan sülh prosesini sürətləndirməyəcəyi təqdirdə uçuruma gedəcək. Buna görə də sülh daha çox ermənilərə lazımdır”.
Bunu reportyor.tv-yə Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.
İlham Əliyevlə Nikol Paşinyanın Brüsseldə baş tutacaq görüşü ilə bağlı gözləntilərini söyləyən Karauz qeyd edib ki, bu görüş 10 noyabr sazişində Ermənistanın bu günə qədər ayağını dirədiyi, vaxt qazanmağa çalışdığı məsələləri sürətləndirəcək:
“Qarabağ məsələsi Azərbaycanın haqq savaşıdır. Hüquqi, əxlaqi, siyasi və hərbi baxımdan güclü olan tərəf də məhz Azərbaycandır. Digər bir önəmli məsələ isə ABŞ və Fransa səfirlərinin Şuşaya səfərindən imtina etməsi Brüssel görüşlərinə müəyyən mənada kölgə salmasıdır. Çünki Vaşinqton və Paris yenidən ATƏT-in Minsk qrupunu canlandırmağa, burada çözümsüzlüyü daimilik halına gətirərək hər bir dövləti özündən asılı vəziyyətə salmağa çalışır. Buna görə də sülh prosesinin sürətləndirilməsi məsələsi Avropa İttifaqının və digər ölkələrin davranışına bağlıdır. Bu, Azərbaycan üçün də iqtisadi və sosial məsələləri tezliklə həll edərək gələcəyə baxması baxımından vacibdir. Amma nəticədə sülh müqaviləsini imzalamağa ehtiyacı olan Ermənistan tərəfidir”.

Y.Karauz əlavə edib ki, bölgədə sülh istəyən dövlətlər olduğu qədər, bunun baş tutmaması üçün xüsusi canfəşanlıq göstərənlər də az deyil:
“Sülhün olmaması, münaqişənin davam etməsi, Ermənistan və Azərbaycanın onlardan asılı olması, Rusiyanın, İranın Cənubi Qafqazdakı gücünü təsirsiz hala gətirməsi, regiondakı ölkələrin bir araya gəlib öz talelərini həll etməməsi üçün çalışan başda Fransa və ABŞ olmaqla bir çox dövlətlər var. Fransa və ABŞ birliyinin üzərinə Azərbaycan Avropa İttifaqı və Britaniyanı məsələyə qataraq tez bir zamanda böyük sülh müqaviləsini Ermənistana imzalatması lazımdır. Burada əsas məsələ budur. Amma Brüssel görüşündən dərhal sonra sülh müqaviləsinin imzalanacağını düşünmürəm. Çünki Ermənistan hazırda siyasi böhran içərisindədir. Bu, bir müddət davam edəcək, amma 10 noyabr bəyannaməsindəki məsələlərin bir qismi yerinə yetiriləcək. Bir atalar sözünü burada xatırlatmaq yerinə düşər: “Bu şorba çox su aparar”. Yəni sülhə gedən yolda hələ daha çox Brüssel və Moskva görüşləri olacaq”.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev açıqlamışdı ki, avqustun sonunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq. Azərbaycan Prezidentinin köməkçisi bu görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkilinin razılaşdırılacağına ümid etdiyini bildirmişdi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ