Aşuradan 44 günlük müharibəyə: ŞƏHİDLİK MƏKTƏBİNİN davamçıları...
Tarix: 8-08-2022, 12:41
Baxılıb: 387
Google+ Paylaş
Tumblr Paylaş

Aşuradan 44 günlük müharibəyə: ŞƏHİDLİK MƏKTƏBİNİN davamçıları...

8-08-2022, 12:41

"Azərbaycan qədim dövrlərdən müxtəlif dinlərin nümayəndələrinin sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan olub. Ölkəmizdə milli-mənəvi dəyərlərə diqqət və qayğı hər zaman yüksək olub. Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda dini etiqad və vicdan azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun tənzimlənməsi, dini-mənəvi, əxlaqi-etik dəyərlərin ictimai münasibətlərin tərkib hissəsinə çevrilməsi istiqamətində ciddi addımlar atıldı. Qısa müddətdə Azərbaycanda dövlət-din münasibətləri yeni mərhələyə qədəm qoydu".
reportyor.org xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov deyib.
Millət vəkili bildirib ki, sonrakı dövrdə bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyev dini dəyərlərimizə yüksək diqqət və qayğı göstərir:
"Ölkəmizdə məscidlərin, dini ibadət yerlərinin və ziyarətgahların bərpası və yenidən qurulması istiqamətində mühüm addımlar atır. Bu gün dünyada Azərbaycanın dövlət-münasibətləri təqdir olunur, nümunəvi model kimi təqdim olunur. Bu gün Azərbaycanda dini etiqad azadlığı üçün hər cür şərait yaradılıb. Hər il ölkəmizdə bütün dini mərasimlər, o cümlədən Məhərrəmlik mərasimləri yüksək səviyyədə qeyd olunur. Qeyd etmək lazımdır ki, Aşura İslam tarixində dönüm nöqtəsi və bir qəhrəmanlıq salnaməsidir. İnsanların ali dəyərlər, haqq və ədalət uğrunda uğrunda özünü qurban verməsinin ən bariz nümunələrindən biridir. Heç şübhəsiz ki, İslam peyğəmbəri Həzrət Məhəmmədin nəvəsi Həzrət Hüseynin övladları və yaxınları ilə birlikdə şəhid olması İslam tarixində dərin iz buraxmışdır. Bu mənada Aşura sıradan bir dini-tarixi hadisə deyil, müsəlman dünyasında, xüsusən də Azərbaycan tarixində həm də şəhidlik salnaməsidir".
Ceyhun Məmmədovun fikrincə, hər il Aşura mərasimləri ölkəmizdə yüksək səviyyədə qeyd edilir:
"Bu anım mərasimləri və əzadarlıqla yanaşı, qanvermə aksiyaları da keçirilir. Azərbaycan bu baxımdan nümunəvi ölkələrdən hesab olunur. Bu gün ayrı-ayrı ölkələrdə bu mərasimlər baş yarmaq və qan çıxarmaqla qeyd olunur. Amma Azərbaycan bununla bağlı nümunəvi modelini ortaya qoyaraq qanvermə aksiyası ilə bu aksiyalara öz töhfəsini verib. Yəni insanlar qan çıxarmaq yerinə qanlarını bağışlayaraq bu aksiyalarda fəal iştirak edirlər. Onu da qeyd etmək lazımdır ki, İmam Hüseynin mübarizəsi haqq və ədalətin bərpası, vətənə, torpağa sədaqətin nümunəsi idi. Burada bizim çıxaracağımız bir çox dərslər var. Bu hadisələr Vətən, haqq, ədalət uğrunda canından belə keçməyə hazır olmaq mesajıdır. Bu gün hər birimiz o dövrdə baş verən hadisələrdən nəticə çıxararaq vətənimizin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda hər an canımızdan keçməyə hazır olmalıyıq".
Millət vəkilinin sözlərinə görə, heç şübhəsiz ki, Azərbaycanın qəhrəman oğulları 44 günlük müharibədə bu prinsiplərə sadiqlik nümayiş etdirərək vətən torpaqlarını göz bəbəkləri kimi qorudular, onun yolunda canlarından keçdilər, yeni qəhrəmanlıq salnaməsi yazdılar:
"Bu baxımdan Kərbəla hadisələrinə təkcə tarixi konteksdən deyil həm də şəhidlik məktəbi kimi baxmalıyıq. Bu prinsip və dəyərlərə sadiqliyimizi daha çox xeyir və savab əməllərlə ifadə etməli, şəhidlərimizin xatirəsini hər zaman uca tutmalıyıq. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, rəşadətli Azərbaycan ordusu qələbəsini təmin etdi. Bu qələbənin daimi və əbədi olması üçün hər birimiz səylə çalışmalıyıq".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ