Səni Anam kimi, Atam kimi sevirəm Ağdamım
Tarix: 20-06-2022, 10:28
Baxılıb: 2 279
Google+ Paylaş
Tumblr Paylaş

Səni Anam kimi, Atam kimi sevirəm Ağdamım

20-06-2022, 10:28

Dostum, Vətən Bağı Sosial Təşəbbüslər İB-nin sədri Emin Tarverdiyev mənə bir həftə öncə zəng edib Ağdama getmək istəyirsən sualına göz yaşları ilə Mütləq cavabı verdim. Bu cavabı 29 ildir vermək istəyirdim və həyəcandan həftənin necə gəlib keçməsini gözləyirdim. Doğulduğum, daşına torpağına qurban olduğum Ağdama, Xudu müəllimin, Allahverdi Bağırovun, Canpolad Rzayevin, Fred Asifin, Atamın, babalarımın, dayımın və 6 mindən çox şəhidlərimizin  ruhunun dolaşdığı Ana torpağa doğru getmək, o torpağı, daşı öpmək, qucaqlamaq üçün həftəni çox çətinliklə başa vurdum. 
Ağdam, tarixin bütün dövrlərində böyük döyüşlər yaşamasına baxmayaraq bu cürə yerlə yeksan edilməmiş idi. Ürəyim əsirdi, nəfəs almağım çətinləşdirdi. Necə olacam evimin, yurdumun xarabalıqlarını görəndə, hansı vəziyyətə düşəcəm fikirləri məni qorxudurdu. Bəlkə də ölə bilərdim. Bəlkə ürəyim qəfildən dayana da bilərdi. Həftə ərzində 29 ildən sonra ən böyük Sevgimi bu halda görəndə yaşaya biləcəmmi, sualına cavab axtarırdım. Atamın, Anamın əziyyətlə qurub bizi dünyaya gətirdikləri, böyüdüb boya başa çatdırdıqları , uşaqlığım, yeniyetməliyimin  keçdiyi binamızın , evimizi yerlə yeksan edilmiş görmək, bunu görəndən sonra yaşaya biləcəmmi sualları ilə 19 iyun tarixini gözləyirdim.
Və o GÜN gəldi. 29 illik həsrətin sonu. 19 iyun 1993-cü ildə Ağdamdan şəhər Tofiq İsmayılov küçəsində yerləşən beşmərtəbəli binadan çıxan mən 19 iyun 2022-ci ildə onun xarabalıqlarıma geri döndüm. Bu durduğum xarabalıq ermənilərin yox etdiyi binamızın qalıqlarıdır. Bu binanın dördüncü mərtəbəsində biz yaşayırdıq.  Binamızın xarablıqları mənim 29 ildə dağılmış həyatımın, xəyallarımın xarabalıqları idi.. Və mərhum Atama son nəfəsində "Mütləq Ağdamı alacıq,  evimizə gedib sənə xəbər edəcəm" sözümün yerinə yetirilməsi günü idi bu gün. 
Ağdama ayaq qoyan kimi diz çöküb torpağı öpüb, Allaha dua elədim. 29 il sənə necə həsrət idim Ağdamım. 29 il sənsiz necə yaşamışam Ağdamım.  Sənə qurban olum Ağdamım. Yurdum, İbadətgahım...
Göz yaşlarım dayanmırdı torpağını qucaqlayıb öpdükcə..
Ayaq basmağa qorxurdum Ağdama, hər addımında bir şəhid məzarı və şəhid qanı var. İlk ayaq qoyanda deyirdim  Ya Şəhidlərin ruhu məni bağışla əgər məzarını, qanını tapdaladımsa..
Hər daşında, hər torpağın bir zərrəsində 6 mindən çox Şəhidin qanının damlası var Ağdamım, əyilib həsrətlə öpdüyüm torpağında şəhidin qanını öpürdüm sanki...

Binamızın, həyətimizin yoxluğu ilə üzə üzə qalanda Anama zəng etdim, telefonda birgə ağladıq, amma bu kədər deyil, sevinc göz yaşları idi. 29 ildən sonra yurddan qovulmuş gəncin, yaşlı halda evinə dönüşünün sevinci idi.  Evdən çıxıb qatara minib, Bakıya köçmək anı gələndə binamızın daşına, torpağına əlimi sürtüb bir ayrlıq yaşayacağımı hiss edirdim, amma indi o daşa, torpağa geri dönüşün, sevincin hissləri ilə əl vururdum. AĞDAM mən sənə qayıtdım..Gənc çıxdığım evə, yaşlı bir insan kimi dönsəm də bilirəm, Allahın biz Ağdamlılara 29 il əlavə ömür vermək borcu var. Biz ömrümüzün itirdiyimiz 29 ili Ağdamda yaşamalıyıq əlavə ömrümüzə qataraq.... 
 İnanıram Atamın da ruhu mənimlə  bərabər Ağdama gəldi, o daşa toxunanda atamın ruhu da daşa toxunurdu.. 
 
Əziz Atam, daha rahat ol, Ağdamı aldıq, evimizə getdim. O yerdə sənə dualar edim.Daha alnıaçıq yanına gələ bilərəm.  Daha ölüm qorxulu deyil mənə. ARZUM bu idi və Ona da Ordumuzun sayəsində çatdım
.

Əziz Ağdam səni yenidən bərpa edəcəyik, yenidən dünyanın ən gözəl şəhəri edəcəyik. Buna da sənə Söz verirəm .
Zaur Əliyevin Fb.com da statusundan


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ