Siz Vətənə ANA dediyinizə baxmayın, O Sizə oğul deməyi özünə sığışdırmır...
Tarix: 4-06-2022, 11:17
Baxılıb: 1 832
Google+ Paylaş
Tumblr Paylaş

Siz Vətənə ANA dediyinizə baxmayın, O Sizə oğul deməyi özünə sığışdırmır...

4-06-2022, 11:17

İstər 1991-1994-cü illər arasında gedən müharibə zamanı, istər 26 illik  atəşkəs dövründə, istərsə də 44 günlük müharibədə sağlamlığını itirmiş soydaşlarımızın problemlərini əhatə edən çoxlu sayda məqalələr, iradlar, çağırışlar, ittihamlar son zamanlar həm sosial şəbəkələrin, həm də Kütləvi İnformasiya Vasitələrinin əsas mövzusuna çevirilib. 
Hələ ki, ali hakimiyyət orqanlarının məsələyə müşahidəçi qismində yanaşması onu deməyə əsas verir ki, dövlət rəhbərliyi bu məsələnin həlli üçün tutarlı addım ata bilmək üçün hüquqi və məntiqli yollar axtarışındadır. Hədəfdə döyəclənən isə hələ ki, Əmək və Əhalinin Sosial  Müdafiəsi naziri Sahil Babayevdir.
Sahil Babayevin indiki halda düşdüyü vəziyyətdən belə bir təəssürat yaranır ki, sabah prezident onun işdən çıxarılması üçün sərəncam imzalasa, xalq bu hadisəni milli bayram günü kimi qeyd edəcək... Sahil Babayevi ittiham etməyə başladığımız və  ya   başlayacağımız mərhələyə qədər ortaya çıxan suallara cavab axtarmaq fikrindən vaz keçirik nədənsə... 
Sahil Babayevin rəhbərlik etdiyi nazirliyin səlahiyyətlərini və fəaliyyət istiqamətini müəyyənləşdirən qanunlar, qərarlar, fərmanlar, tapşırıqlar, göstərişlər ƏƏSM-də qəbul edilmir... Bütün bu qanunlar, hüquqi aktlar, qərarlar Milli Məclisdə və Nazirlər Kabinetində qəbul olunur. 
Sahil Babayevin rəhbərlik etdiyi nazirlik isə məhz həmin hüquq normalarına söykənib fəaliyyət göstərir... 
Digər tərəfdən də, ola bilsin ki,  ƏƏSMN,-də kadr siyasəti yerində olmadığından, problemlər həll edilmək əvəzinə, qabarıq formadan iyrənc şəkilə düşməyə doğru sürətlə irəliləyir. 
Qəribədir ki, cəmiyyətdə dövlətin az-çox mühüm bir qurumuna qarşı kəskin nifrət formalaşır, etiraz dalğaları genişlənir, insanlar böyük bir nazirliyə qarşı inamdan daha çox ikrahla mövqelənir, amma hamı susur... Hamı deyəndə, yəni Milli Məclis, onun müvafiq komitələri,  Nazirlər Kabineti, onun məsul  rəsmi şəxləri... Hamı susur hələ ki..  Arabir,  Milli Məclisdə daha çox, əvvəlcədən müəyyən dairələrlə razılaşdırılmış  olduğu aydın seçilən "cəsarətli" çıxışların müəllifləri də susur. 
Sussunlar. Qazilərə təkcə biganə yox, həm də saymazyana münasibət və bu susqunluq ölkədə hamıdan çox Azərbaycan prezidentinin müharibə iştirakçılarına,  Azərbaycan hərbiçilərinə, zəfər qazanmış ordunun hərbi qulluqçularına münasibətinin səmimiliyinə kölgə salır. 
Azərbaycan prezidenti Şəhid ailəsinin, qazinin, müharibə iştirakçısının problem və qayğılarının həlli istiqamətində mühüm işlər görür, fərmanlar verir,  zəruri siyasət həyata keçirir. Amma Prezident Adminstrasiyasından alt səviyyədə olan bir dövlət qurumu ilə  qazi və müharibə iştirakçıları arasında dərin uçurum əmələ gəlir. Qəribə bir sual yaranır: Boşluq hardadır?  Adamların siyasi mənsubiyyətindən, ictimai fəallığından,  xarakterik keyfiyyətindən irəli gələrək hər kəs bir cür cavab verə bilər bu suala. Amma cavab birdir... Hələ 90-cı illərin son onilliyində müharibədən birtəhər yarımcan çıxmışlara qarşı işləyən hansısa gücün  və ya güc mərkəzlərinin "antiqazi", "antiqəhrəman" ideologiya maşını 2016-cı ilin aprel döyüşlərindən,  eləcə də 44 günlük müharibədən dərhal sonra bütün "istehsal gücü" ilə işləyib, işlədi, işləyir... Hərçənd,  Azərbaycan Milli Məclisində qəbul edilən bütün qanunları böyük əksəriyyəti sanki bu "antiqəhrəman"  maşınının yüksək sürətlə işləyə bilməsində "yanacaq" rolu oynayır. 
Konteksdən uzaqlaşmayım. 
Minlərlə seçicisi qazi olan deputatlar niyə cənab naziri bu "qazi məsələsi" ilə bağlı parlamentdə və ya Nazirlər Kabineti yanında müzakirəyə və ya hesabat verməyə çağırmır?!  Ona görə çağırmırlar ki, nazir onların qəbul etdiyi qanunları, qərarları sübut kimi ortaya qoyanda,  məlum olacaq ki, qazilərin düşməni  təkcə ƏƏSM deyil, Sən demə, MM-in, NK-nin "günahı" bu bədnam olmuş nazirlikdən heç də az deyil... 
Bəs onda, Sahil Babayev niyə ictimaiyyət qaşısına çıxıb mövcud vəziyyəti şərh etmir?! 
Əgər şərh etsə, sələfi Səlim Müslovdan betər aqibətlə üzləşəcək... Ona görə də,  susmağa daha çox üstünlük verir... 
Azərbaycan hökümət orqanlarında, müvafiq icra strukturlarında, ehtiyata buraxılmış  minlərlə, bəlkə də on minlərlə hərbiçi hansısa bir sənədin alınması üçün, hansısa qanuni haqqının ödənilməsi üçün süründürməçiliklərə məruz qalır. Müraciət etdiyi aidiyyəti orqanlar isə bir-birinə "Araşdırılıb vətəndaşa məlumat verilsin" qrifli məktubları öz idarələrindən "Sənədlərin çıxma " jurnalına qeyd edib "taleyin ümidi" nə göndərməkdən başqa heç nə bilmir... 
Qəzanız mübarək, qazi qardaşlar... Sizə heç nə düşmür bu Vətəndə... Qarabağı kim azad edibsə, ona Qarabağdan heç nə düşmür... Bu gün "vur-çatlasın"la qurulan şirkətlərdə, götürlən torpaqlarda, səfalı yerlərdə Sizin heç bir haqqınız yoxdur... Hər şeyin öz sahibləri var... Sahiblərin də sözün hər mənasında "Sahilləri" var...
Bircə haqqınız vardı, ona da ki, ya  Siz şansınızı qaçırmısınız, ya düşmən gülləsi "namərdlik edib" yan keçib... Ya da ki, bu haqq Sizin boyunuza biçilməyib-Qarabağ bir məsələdə Sizin ola bilərdi: Şəhid olsaydınız, ruhunuzun azad və hər gün daha çox çirkablaşan cəmiyyətdən uzaq şəkildə Qarabağ səmasında dolaşmasında.... Ona da gecikmisiniz... Siz Vətənə ANA dediyinizə baxmayın, O Sizə oğul deməyi özünə sığışdırmır... 

P. S. Yazıdakı "Qazi"  xitabı hansısa şəraitdə, hansısa yolla alınmış statusun fonunda hər cür yaramazlıq edən dırnaqarası  "qazi"lərə şamil edilmir.
Teymur Zahidoğlu


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ