Rusiyaya qarşı SANKSİYA AXINI: “qara siyahılar”da KİMLƏR VAR...
Tarix: 24-02-2022, 09:21
Baxılıb: 543
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyaya qarşı SANKSİYA AXINI: “qara siyahılar”da KİMLƏR VAR...

24-02-2022, 09:21

Qərb vahid cəbhə yaratdı; RF-nin ilkin itkiləri açıqlanır

Rusiya Ukrayna ərazisindəki separatçı qurumları müstəqil dövlət kimi tanımasından dərhal sonra ABŞ, Avropa, hətta Asiya ölkələrinin sanksiyalarına məruz qalmağa başlayıb. Sanksiyalar çoxsahəli olmaqla, Rusiya iqtisadiyyatının qabaqcıl sahələrinin inkişafına ciddi zərər vuracaq səviyyədədir.
ABŞ prezidenti Con Baydenin açıqladığı sanksiyalar paketinə Rusiyanın iki böyük bankı (“İS Bank”, “Promsvyazbank”) və ölkənin suveren borcuna qarşı sanksiyalar daxil edilib. ABŞ Maliyyə Nazirliyi elan edib ki, sanksiyalar Rusiyanın İSBank, “PromsvyazBank”ı ilə yanaşı, onların 42 törəmə şirkətinə qarşı da tətbiq olunur. ABŞ hökuməti bəyan edib ki, bu banklar Rusiyanın müdafiə qabiliyyətinin artırılmasında mühüm rol oynayırlar. Sanksiyalar nəticəsində hər iki bank ABŞ-da hər hansı biznes fəaliyyəti ilə məşğul ola bilməyəcəklər. Eyni zamanda onların ABŞ yurisdiksiyasında olan bütün aktivləri dondurulur, ölkənin fiziki və hüquqi şəxslərinə onlarla hər hansı iş qurmaq qadağan edilir. Sanksiyalar İSBankın aktivi olan Rusiya Mərkəzi Ordu Klubu futbol komandasını da əhatə edir.



ABŞ həmçinin Putinin yaxın çevrəsinə daxil olan Rusiya məmurlarının övladlarını da sanksiya siyahısına əlavə edib. Bunlar Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun oğlu, VTBankın rəhbərlərindən biri olan Denis Bortnikov, Rusiyanın sabiq baş naziri Mixail Fradkovun oğlu, “PromsvyazBank”ın icraçı direktoru Pyotr Fradkov, Putinin daxili siyasətinin kuratoru sayılan Sergey Kiriyenkonun oğlu Vladimir Kiriyenkodur.

Bundan əlavə, ABŞ öz ərazisində Rusiyaya məxsus suveren borc kağızları ilə əməliyyatları qadağan edir.

Avropa İttifaqının sanksiyalar paketi “LNR” və “DNR”in tanınmasına səs verən Rusiya Dövlət Dumasının 351 üzvünə və Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən 27 fiziki və hüquqi şəxs şamil olunacaq. Avropa İttifaqının sanksiyaları həmçinin siyasi, hərbi, biznes və media sektorlarını da əhatə edəcək. Eyni zamanda separatçı bölgələrlə Avropa İttifaqı arasında iqtisadi əlaqələr, Rusiya şirkətlərinin Avropa İttifaqının kapital və maliyyə bazarlarına çıxışları məhdudlaşdırılacaq. Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib ki, bu birinci addımdır və Ukrayna ərazisinə hər hansı hərbi müdaxilədən dərhal sonra yeni və daha kəskin sanksiyalar tətbiq olunacaq.

Azadlıq Radiosunun yaydığı məlumata görə, Rusiyanın təbliğat ruporlarından olan bir neçə nəfər Avropa Birliyinin sanskiya siyahısına salınıb. Söhbət Dövlət Dumasının vitse-spikeri və aparıcı Pyotr Tolstoy, aparıcı Vladimir Solovyov və “Rossiya seqodnya” media qrupunun rəhbəri Marqarita Simonyandan gedir. Bu şəxslərin Avropa ərazisindəki bütün aktiv və əmlakları dondurulacaq, onların Avropaya gediş-gəlişi qadağan edilir. Böyük Britaniya isə M.Simonyanın rəhbəri olduğu RT telekanalının ölkə ərazisində yayımını dayandırır.

Avropa Birliyi həmçinin Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya qarşı da eyni addımı atacaq.



ABŞ və Avropa Birliyindən əlavə, xeyli sayda ölkə də ayrılıqda Rusiyaya qarşı sanksiyalara əl atıb. Bunlardan Böyük Britaniya Rusiyanın beş bankına (“Rossiya”, “İS Bank”, “General Bank”, “Promsvyazbank” və “Qara Dəniz Bankı”) qarşı sanksiyalar tətbiq edib, sahibkarlar Gennadi Timçenko, Boris və İqor Rotenberqin aktivlərini dondurub. Bununla yanaşı, “Reuters”in məlumatına görə, Böyük Britaniyanın xarici işlər naziri Elizabeth Truss çərşənbə günü bildirib ki, Böyük Britaniya Rusiya qoşunlarının Donetsk və Luqansk ərazisinə mümkün yeridilməsi səbəbindən Londonda Rusiyanın suveren borcunun satışını dayandıracaq.

Almaniya hökuməti Rusiyanın Ukraynanı cəzalandırmaq üçün çəkdiyi, uzun müddətdir işə salmaq üçün hər cür vasitələrə əl atdığı “Şimal axını-2" qaz kəmərinin istismara verilməsinə qadağa qoyub. Almaniya kansleri Olaf Solts xalqa müraciət edərək, kəmərin sertifikatlaşdırılmasının dayandırıldığını bəyan edib. Belə ki, 2021-ci ildə Almaniya hökuməti tənzimləyici quruma ”Şimal axını-2" kəmərinin ölkənin enerji təhlükəsizliyinə təhdid yaratmadığına dair hesabat təqdim etmişdi. İndi isə həmin hesabat geri çağırılıb.

Yaponiya hökuməti də ABŞ və Avropanın mövqeyindən çıxış edərək, Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Sanksiyalarla bağlı dəqiq detalların yaxın günlərdə açıqlanacağı bildirilsə də, artıq bir çox addımlar mətbuata sızdırılıb. Belə ki, Yaponiya öz ərazisində Rusiya mənşəli istiqrazlarla əməliyyatı dayandırır, bəzi rusiyalıların aktivlərini dondurur, onların ölkəyə girişi qadağan edilir.

“Reuters”in yazdığına görə, Yaponiya öz istehsalı olan yüksək texnologiyaların, ilk növbədə yarımkeçiricilər, süni intellekt və robotların Rusiyaya ixracını da qadağan edəcək. Bundan əlavə, Yaponiya hökumətinin Rusiya banklarına qarşı da məhdudiyyətlər tətbiq edəcəyi gözlənilir.

Wall Street ends down but off lows as Biden announces Russia sanctions |  Daily Sabah

Avstraliyanın baş naziri bəyan edib ki, Rusiya Təhlükəsizlik Şurasının 8 üzvünə qarşı sanksiya tətbiq olunur. Bundan əlavə, Rusiyanın 1 dövlət bankı, hərbi-sənaye kompleksinin maliyyələşməsində iştirak edən digər bankları da sanksiya siyahısına salınır. Baş nazir onu da qeyd edib ki, siyahı genişləndirilməkdədir, ora Rusiya üçün strateji iqtisadi əhəmiyyət kəsb edən qurumlar və şəxslərin geniş spektri əlavə ediləcək.

Kanada Rusiyanın iki dövlət bankı, Dumada qondarma qurumların tanınmasına səs verən deputatlara qarşı sanksiya tətbiq edib. Həmçinin ölkə ərazisində Rusiyanın suveren borc kağızlarının alışı dayandırılıb.

“Foreign Policy” nəşrinin yazdığına görə, ABŞ hökuməti Rusiyaya qarşı sanksiyalarla bağlı Sinqapur və Tayvanla da razılığa gəlib. Beləliklə, dünyada yarımkeçiricilərin, kompüter çiplərinin və yüksək texnologiya məhsullarının 3 ən böyük istehsalçısı - Yaponiya, Tayvan və Sinqapur bu məhsulların Rusiyaya ixracını dayandıracaq. Hansı ki, Rusiyanın neft-qaz, gəmiqayırma, aviasiya və hərbi sənayesi həmin məhsulları məhz bu ölkələrdən alır.

ABŞ-ın təşəbbüsü ilə qəbul olunan bu qadağalar yalnız həmin ölkələrdə deyil, onların texnologiyası ilə digər ölkələrdə, o cümlədən Çində istehsal olunan məhsullara da aid edilir. Bu isə o deməkdir ki, Çin istəsə belə, həmin məhsulları Rusiyaya sata bilməyəcək, çünki bu halda öz şirkətləri müvafiq detallarla təchizatdan məhrum olacaqlar.



Bu arada Rusiyanın “Aeroflot” aviaşirkəti ilə rəsmi əməkdaşlıq edən Böyük Britaniyanın “Mançester Yunayted” futbol klubu fevralın 22-də Madridə uçarkən aviaşirkətin təyyarəsindən istifadədən imtina edib. Klub Rusiyanın Ukraynaya qarşı siyasətinə etiraz olaraq bu addımı atıb.

Böyük Britaniyanın xarici işlər naziri Elizabet Truss isə ölkənin futbol klublarını Sankt-Peterburqda keçiriləcək Avropa Çempionlar Liqasının final oyunlarını boykot etməyə çağırıb: “Onların yerinə olsam, finalı boykot edərdim. Şəxsən mən Putin rejiminin elədiklərindən sonra Sankt-Peterburqda futbol oyununda iştirak etməzdim”.

Xatırladaq ki, final oyunları may ayında keçiriləcək. Fevralın 22-də UEFA oyunların yerinin dəyişdirilməsinin gündəmdə olmadığını bəyan edib.
Rusiyadan bir-birinin ardınca gələn sanksiya xəbərlərinə hələlik yüksək səviyyədə reaksiya verilməyib. Yalnız Almaniyanın “Şimal axını-2"nin sertifikatlaşdırılmasını dayandırmasından sonra Federasiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Twitter hesabında avropalıları hədələyib: ”Almaniya kansleri Olaf Şolts “Şimal axını 2" qaz kəmərinin sertifikatlaşdırılmasını dayandırmağı tapşırıb. Yaxşı. Avropalıların tezliklə qazın min kubmetri üçün 2000 avro ödəyəcəkləri yeni dünyaya xoş gəlmisiniz!”

Rusiya bu sanksiyalardan nə qədər itirir? Prosesin başlanğıcı olduğuna görə bu barədə danışmaq hələ tezdir. Amma əldə olan bəzi məlumatlar göstərir ki, itkilər həm Rusiya dövləti üçün, həm də bu ölkə mənşəli sahibkarlar üçün kifayət qədər böyük olacaq. İlkin məlumata əsasən, Ukrayna ətrafında yaranan gərginliyə görə 2022-ci ilin ötən dövrü ərzində Rusiyanın 23 varlı biznesmeni 32 milyard dollar itirib. “Bloomberg” agentliyi xəbər verir ki, əsas itkilərə Böyük Britaniyanın sanksiya tətbiq etdiyi milyarder Gennadi Timçenko məruz qalıb - varidatının üçdə birini itirib. “Sibur” və “Novatek” şirkətlərinin direktorlar şurasının üzvü olan Timçenkonun itkilərinin yaxın həftələrdə daha da artacağı gözlənilir.

İlin əvvəlindən bəri “Novatek”ə rəhbərlik edən Leonid Mixelson 6,2 milyard dollar, “LUKoyl”un prezidenti Vahid Ələkbərov 3,5 milyard dollar itirib. Ümumilikdə, Rusiyanın 23 ən varlı adamının srəvəti 2021-ci ilin sonundakı 375 milyard dollardan 343 milyard dollara düşüb.

Rusiya “Şimal axını-2"nin tikintisinə 10 milyard avro xərcləyib. Bu vəsaitin bir hissəsini ”Qazprom" özü ödəyib, digər hissəsini isə Avropanın 5 şirkətindən borc alıb. Yeri gəlmişkən, “Şimal axını-2"nin sertifikatlaşdırılması dayandırıldıqdan sonra Rusiya mənbələri ”Qazprom"a borc verən şirkətlərin məhkəməyə müraciət edəcəklərinə dair məlumat yaydılar. Lakin maliyyələşmədə iştirak edən “Uniper” şirkəti onların belə fikirlərinin olmadığını bəyan etdi. Şirkət bildirir ki, onlar “Qazprom”a borc veriblər və onu vaxtında geri alacaqlar, kəmərin texniki istismarı məsələlərinin onlara aidiyyəti yoxdur.

Beləliklə, Rusiyanın yalnız bir kəmərə görə itkiləri milyardlarla dollar ətrafında ola bilər. Ölkənin əsas sənaye sahələri yüksək texnologiya məhsulları olan detallardan məhrum olmaqla sürətli tənəzzül yaşaya bilər. Bu isə yalnız hərbi texnika, təyyarə və sursat satışından ildə 10 milyardlarla dolların itirilməsi, ən əsası isə Rusiya hərb sənayesinin inkişafının dayanması deməkdir.

Bəzi mütəxəssislər qondarma qurumların iddia etdikləri ərazilərin Ukraynadan qoparılması üçün hərbi əməliyyatlar başlayacağı təqdirdə Rusiya neftinin Qara dəniz vasitəsilə və Ukraynadan keçən “Drujba” kəməri ilə nəqlində fasilələrin yaranacağını proqnozlaşdırırlar. Bu isə əlavə itkilər deməkdir.
Dünya SAKİT


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ