“İran iqtisadi yüksəliş istəyirsə, Azərbaycanla sağlam münasibət qurmalıdır” – politoloq
Tarix: 31-01-2022, 22:56
Baxılıb: 360
Google+ Paylaş
Tumblr Paylaş

“İran iqtisadi yüksəliş istəyirsə, Azərbaycanla sağlam münasibət qurmalıdır” – politoloq

31-01-2022, 22:56

İranın Ali Ruhani lideri Əli Xamneyi bazar günü deyib ki, ölkənin ağır iqtisadi vəziyyəti təkcə beynəlxalq sanksiyalarla deyil, həm də hökumətin yanlış idarə olunması ilə bağlıdır. O, 2011-ci ilin martından ötən ilə qədər olan onillik haqqında deyib ki, İslam Respublikasının iqtisadi göstəricilərinin “qeyri-qənaətbəxş” olmasının səbəbi “səhv qərarlar və çatışmazlıqlar” olub.
“ÜDM artımı, kapitalın formalaşması, inflyasiya, mənzil və likvidlik artımı kimi göstəricilər qənaətbəxş deyildi” - deyə, Xamneyi bildirib.
İranın ali dini liderinin bu tənqidləri nə ilə bağlıdır? Bu tənqidlər müsbət nəticə verəcəkmi? Bu o deməkdirmi ki, artıq İran rejimi çökür? Həm mənəvi, həm ideoloji, həm siyasi, həm də iqtisadi baxımdan İranın çöküş yaşadığını demək olarmı?

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli məsələni bu cür şərh etdi: “Sanksiyaların bir hissəsi aradan qaldırılsa da, əsas sanksiyalar qalmaqdadır. İqtisadi vəziyyəti tək sanksiyalara bağlamaq da doğru deyil, hökumətin burada yanlışlıqları da var. Bilirsiniz ki, İrana qarşı neft daşınmalarının transferinə qoyulan qadağalar bu ölkənin neft ixracına ağır zərbə vurduğundan həm nəqliyyat, həm də digər qaynaqlardan istifadə edə bilmirdilər. İranın daxili vəziyyəti ilə bağlı verilən açıqlamalar təsadüfi deyil. Daxili gəlir olmalıdır ki, kapital formalaşdırılsın, yaxud inflyasiyanı cilovlaya bilsin. Tramp hakimiyyətinin sona çatmasından sonra yeni prezident Baydenlə İran arasında bir proses başlayıb. 2021-ci ilindən yayından qoyulan embarqolar aradan qaldırılmağa başlayıb. Düzdür, Amerika siyasətində hazırda Rusiya və Çin amili əsas yer tutur və bu səbəbdən cənub qonşumuz növbəti dəfə növbədən kənarlaşdırıb. Amma öz növbəsini də gözlədiyini demək olar. Total hücumlar olmadığı üçün İran rəhbərliyi daxilə yönələ bilib. İran Ali Dini rəhbərinin dediklərinin kökündə də bəzi nüanslar dayanır. Onu da sizə deyim ki, İranda daxili həm dini, həm də etnik qarşıdurma var. Əli Xameneyinin dedikləri bir az da bunun üzərindən qaynaqlanır. Keçmiş hakimiyyət komandasının tərkibindən gözləniləndir ki, bir sıra həbslər olsun. Azərbaycan rəhbəri ilə görüşdə də İran rəhbərliyi keçmiş səhvlərin keçmiş iqtidar tərəfindən edildiyini deyirdi. Əlbəttə, onu da yada salmaq lazımdır ki, Zəngəzurda baş verən böhran Rəisinin dönəminə təsadüf etdi”.

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov İranın çıxış yollarını göstərdi: “İranda dini liderlik nəzarət və hökümətüstülük xüsusiyyətinə malikdir. 1979-cu ildən bu günə qədər demək olar ki, həmişə dini liderlərlə prezidentlər arasında problemlər olub. İndi dini lider ona vurğu edir ki, iqtisadi problem ölkənin ideolojisi ilə deyil, texnokratik səbəblərlə bağlıdır. İranın çökməsinə inanmıram. Çünki sanksiyalara baxmayaraq elm tutumlu və ağır sənaye qura bilib. Avropa daxili və Avropa- Amerika ziddiyyətlərindən məharətlə istifadə edir. Zaman-zaman qonşuların ziddiyyətləri üzərində oynayır. Düşünürəm ki, İran iqtisadi yüksəliş istəyirsə, Azərbaycanla sağlam münasibət qurmalıdır. Türkiyə ilə mehriban olmalıdır. İranın iqtisadi inkişafı bölgədə düzgün oynamasına bağlıdır. Ermənistan kimi qeyri rentabelli ölkə ilə sıx münasibətlər bir iki oliqarxa nəsə versə də, İrana heç bir ciddi xeyir vermir. Bir sözlə bizimlə iyi davransınlar.

Siyasi analitik Asif Nərimanlı bu açıqlamaların alt qatında dayanan mətləblərdən söz açdı: “Xamneyi o məsələdə haqlıdır ki, İran iqtisadiyyatının problemlərinin yeganə səbəbi sanksiyalar deyil. Bu ölkədə sərt cəzaların olmasına baxmayaraq, korrupsiya geniş yayılıb, ciddi təbəqələşmə var. Pandemiyadan qabaq ölkəni tərk edənlərin sayı sürətlə artırdı. İran Parlament Araşdırmalar Mərkəzinin son statistikalarının birində qeyd olunurdu ki, bu ölkədə əhalinin 30 faizi yoxsuluq həddinin altında yaşayır. Əhalinin 70 faizdən çoxu isə yoxsulluq həddindədir. Bunun fonunda kiçik bir təbəqə varlanır. Bankların hər il əmanətçilərinə ödədiyi mənfəət faizinin 90 faizə yaxını əhalinin cəmi 2,5 faizinə çatır. Rəhbərlikdə təmsil olunan ayətullahların ailələri və yaxınları lüks həyat yaşayırlar. Bu vəziyyət mövcud rejimin dini təsirinə də təsir edir. Problemlərin səbəbi təbii ki, sanksiyalar deyil. İran rejimi son 10 ildə diqqəti daxili problemlərdən yayındırmaq üçün həmişə “xarici təhlükə”dən, ABŞ-la müharibədən yararlanıb, lakin artıq son illər əhali üzərində bu təbliğatın təsiri azalıb. Sonuncu dəfə Qasım Süleymaninin ölümündən rejim əhalini “düşmənə” qarşı birləşdirmək üçün istifadə etdi, amma belə təbliğat üsullarının effekti əvvəlki qədər uzunmüddətli davam etmir. Xamneyinin son açıqlaması problemlərə görə daxili günahkarların da göstərilməsi məqsədi daşıyır. Bunun problemlərin həllinə kömək edəcəyi sual altındadır, çünki əvvəllər də dini liderin belə çıxışları, tənqidləri olub, amma real vəziyyət o qədər də dəyişməyib. Xamneyinin bu açıqlamasının İran daxilində sistem dəyişikliyi ilə də bağlılığı var. Rəisinin gəlişindən sonra mühafizəkarlar hakimiyyətdə güclənirlər, amma İranda SEPAH-la siyasi qanadın mübarizəsi də hiss olunur və hərbçilərin hakimiyyəti tamamilə götürmək istəkləri var. Bu proses post-Xamneyi dövrünə də hazırlıqdır. Xamneyi də problemlərə görə bürokratları tənqid etməklə hərbçilərin önünü açır”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ