Ermənistan prezidentinin istefasının əsl səbəbləri - DETALLAR
Tarix: 24-01-2022, 14:42
Baxılıb: 350
Google+ Paylaş
Tumblr Paylaş

Ermənistan prezidentinin istefasının əsl səbəbləri - DETALLAR

24-01-2022, 14:42

Ermənistan prezidenti Armen Sarkisyan istefa verdiyini elan etdi. Armen Sarkisyan istefasının səbəblərini açıqlasa da, bir çox ekspertlər əsl səbəblərin başqa olduğunu vurğulayırlar. Hətta bəzi politoloqlar Ermənistan prezidentinin Azərbaycanla delimitasiya, kommunikasiya və böyük sülh sazişi kimi məsələlər öncəsi istefa verməsini “özünü məsuliyyətdən sığortalamaq” kimi qiymətləndirirlər.
Bəs prezident Sarkisyan niyə baş nazir Nikol Paşinyanın komandası ilə işləmək istəmədi? Pərdəarxasında hansı səbəblər var?
- Qabil müəllim, Ermənistan prezidenti Armen Sarkisyanın qəfil istefa verməsinin səbəbləri nələrdir? 
- Ermənistan prezidenti Armen Sarkisyanın istefasının bir neçə səbəbi ola bilər. Həmin səbəblərin içərisində ən mühümü onun keçmiş iqtidara, köhnə qvardiyaya mənsub olmasıdır. O vaxt onun prezidentliyə namizədliyi Armen Sarkisyan tərəfindən irəli sürülmüşdü. Onların arasında yaxın dostluq əlaqələri var idi. İndi də köhnə qvardiya ilə Ermənistanın baş naziri Nikol Paşinyan ciddi surətdə hesablaşır. Elə bu səbəbdən də bir çox məsələlərdə prezidentlə baş nazir arasında ixtilaflar var idi. O ixtilafların səbəbləri də müxtəlifdir. Hətta iş elə gətirdi ki, 44 günlük müharibədən sonrakı dövrdə Ermənistan prezidenti ciddi xətaya yol verərək ölkədə etirazlara qalxmış müxalifət düşərgəsinin mövqelərini müdafiə eləmişdi. Ümumiyyətlə, bu konstitusiya ilə də doğru deyildi. Eyni zamanda, vahid komanda pronsipinə zidd olan hərəkətlər idi. O zaman bu məsələ baş nazir Nikol Paşinyan tərəfindən bu məsələ dəyərləndirilmədi. Yəni, Armen Sarkisyanın bu cür asi addımına hüquqi qiymət verilmədi. Bəlkə də verilə də bilməzdi.
- Niyə? O zaman Paşinyanın rıçaqları çox zəif idi, yoxsa ortada başqa səbəblər var idi?

- Çünki Ermənistanda referendumdan, son dəyişiklərdən sonra ölkə prezidentini parlament seçir. Amma artıq ölkədə parlament seçkiləri keçirilib. Seçkilərdən sonra parlamentdə təmsil olunanların böyük əksəriyyəti baş nazir Nikol Paşinyanın partiyasına mənsubdur. O, istənilən vaxt ölkə prezidentinin məsələsini parlamentdə qoyub onu vəzifəsindən azad etdirə bilər. Amma bu da Ermənistan cəmiyyətinə başucalığı gətirməzdi. Ona görə də hər iki tərəf ehtiyatlı idi. Prezident Armen Sarkisyan isə başının üzərində buludların sıxlaşdığını görüncə – onsuz da proseslər onun istefasına aparırdı – üzüsulu istefa vermək qərarına gəldi. Armen Sarkisyan həm də güya, bununla özünün “istefa mədəniyyəti”ni nümayiş etdirdi. Eyni zamanda, Ermənistan cəmiyyətində Qərb obrazlarında, Qərb tipində istefa mədəniyyətini sanki təqdim edirmiş kimi çıxış etdiyini göstərdi. 
- Nikol Paşinyanda, Armen Sarkisyan da Ermənistan cəmiyyətində daha çox “Qərbin adamı” kimi xarakterizə olunurdu. Bəs Qərbin iki adamı niyə bir-birləri ilə dil tapa bilmədilər?
- Bəli, Ermənistanın istefa vermiş prezidenti də Qərbyönümlü adam idi. Amma onun Qərbyönümlü tərəfi bəzi hallarda köhnə iqtidarın, bundan əvvəl hakimiyyətdə olmuş “Qarabağ klanı”nın adamı olması səbəbindən, eyni zamanda, köhnə iqtidarın nüfuzlu adamları ilə əlaqələri olması ucbatından bəzən onun “Qərbçi mövqeyi” “yerliçilik mövqeyi”inin içərisində itib batırdı. Ona görə də bu nöqteyi-nəzərdən, Ermənistanın baş naziri və onun komandası ilə dil tapmaqda çətinlik çəkirdi. Üstəlik, Nikol Paşinyan artıq Ermənistan cəmiyyətində mövqeyini xeyli möhkəmləndirib. Ümumiyyətlə, Ermənistanın baş naziri çox yaxşı başa düşür ki, Serj Sarkisyanın adamı olan prezidnet Armen Sarkisyan istənilən vaxt, əsasən də tarixin dönüş məqamlarında yenə də öz mahiyyətini göstərərək Serj Sarkisyanın, “Qarabağ klanı”nın maraqlarına xidmət edə bilər. 
- Bəs Sarkisyanın istefasından sonra onun yerinə ən real namizədlərdən kimi prezident postunda görmək mümkündür?
- Vallah, bu məsələdə fikir söyləmək bir qədər çətindir. Kim olursa olsun, Nikol Paşinyan çalışacaq ki, öz partiyasının adamı prezident kürsüsündə təmsil edilsin. Bu məsələlər uğrunda həm partiyalar arası, həm də iqtidarla müxalifət arasında ciddi mübarizə gedəcək. Hər halda Ermənistanın hazırkı baş nazirinin istədiyi adam prezident kreslosuna əyləşdiriləcək. 
- Ermənistanla Azərbaycan arasında delimitasiya, kommunikasiya və böyük sülh müqaviləsi məsələlərinin Armen Sarkisyanın istefası ilə hər hansı bir bağlılığı ola bilərmi? 
- Ermənistan prezidentinin istefası ilə sadalanan məsələlərdə çox da bağlılıq görmürəm. Bu saat Ermənistan cəmiyyətdə münasibətlər şəxsi əlaqələr, özəl münasibətlər konteksində formalaşıb. Əgər istefa vermək lazım idisə, 44 günlük müharibənin ağır nəticələrindən yaxını kənara çəkmək vacib idisə, müharibədən sonrakı dövrdə də o, istefa verə bilərdi. Hətta istefasının səbəblərini bununla bağlamaq, bu cür söyləmək imkanları var idi. İndi Armen Sarkisyanın istefası tamamilə sakit bir şəraitdə keçir. Əlbəttə, sülh müqaviləsi və bu kimi məsələlər də gündəmdədir. Ermənistanın da müharibədə ağır məğlubiyyətə uğraması bir faktdır. Sizinlə də razılaşıram, ola bilsin ki, Armen Sarkisyan adını məğlubiyyət məsələsi ilə bağlamaq istəmir. Amma bu şəxs 44 günlük müharibə dövründə də ölkə prezidenti idi. Nə edirsə etsin, o yaxasını məsuliyyətdən kənara çəkə bilməyəcək. Ermənistanın məğlub olmasının, onun məsuliyyətinin bir hissəsini bölüşmək məcburiyyətində qalacaq.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ