Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirildi
Tarix: 18-01-2022, 23:13
Baxılıb: 524
Google+ Paylaş
Tumblr Paylaş

Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirildi

18-01-2022, 23:13

“Şuşa İli” fəaliyyətimizin ana xəttini təşkil edəcək
Yanvarın 17-də Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirildi. “Zoom” proqramı vasitəsilə onlayn təşkil edilən iclasa nazirliyin rəhbərliyi və tabe müəssisələrin rəhbərləri qatılmışdı.
Mədəniyyət naziri Anar Kərimov iclası açaraq iştirakçıları salamladı və 2021-ci ildə nazirlik tərəfindən mədəniyyətin müxtəlif sahələri üzrə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış etdi.
 
İncəsənət və qeyri-maddi mədəni irs
Anar Kərimov incəsənət və qeyri-maddi mədəni irs sahəsi üzrə həyata keçirilən layihələrdən söz açaraq dövlət başçısının sərəncamı ilə qeyd olunan yubileylər haqqında məlumat verdi. Bildirildi ki, Aşıq Ələsgərin 200, Mikayıl Abdullayev, Kamil Əliyev və Cahangir Cahangirovun 100 və digər yubileylərlə bağlı müxtəlif səpkili tədbirlər təşkil olunub.
Bundan əlavə, il ərzində Vətən müharibədə Zəfərimizin ildönümü münasibətilə yaradıcılıq müsabiqələri keçirilib. Bəstəkarlar İttifaqı ilə birlikdə bəstəkarlıq müsabiqəsində həm gənc, həm də orta nəsil bəstəkarlar fəal iştirak ediblər. “4.4” Qısa Tamaşalar Festivalında dövlət və özəl teatrlar, eləcə də regionlarda fəaliyyət göstərən teatr kollektivləri yaradıcılıq nümunələrini ortaya qoyublar. Noyabrda 10 gün ərzində Zəfərimizin ildönümü münasibətilə sənətin müxtəlif sahələrini əhatə edən tədbirlər reallaşıb.
Ədəbiyyat və incəsənət xadimlərinin əlamətdar yubileyləri münasibətilə Azərbaycan Dövlət Akademik Filarmoniyası və Heydər Əliyev Sarayında konsertlər təşkil olunub. İl ərzində “Mədəni yenilənmə” layihəsi çərçivəsində xaricdə yaşayan yaradıcı soydaşlarımızın iştirakı ilə ustad dərsləri və görüşlər keçirilib. Layihənin bu il də davam etdirilməsi nəzərdə tutulur.
 
Muzey və qalereyalar
Muzey və qalereyaların fəaliyyəti barədə danışan nazir bildirdi ki, nazirliyin tabeliyində 133 muzey və 59 Heydər Əliyev Mərkəzi var. Bu məkanlarda ötən il müxtəlif sərgilər keçirilib, tədbirlər təşkil olunub. Diqqətə çatdırıldı ki, il ərzində “British Council” ilə muzey işində inklüzivlik üzrə birgə layihələr həyata keçirilib. Eyni zamanda görkəmli rəssamlar Mikayıl Abdullayev və Kamil Əliyevin 100 illik yubiley sərgiləri keçirilib. Milli İncəsənət Muzeyində Zəfər Gününə həsr olunmuş “Mədəniyyətimizin incisi – Qarabağ” sərgisi, Milli Xalça Muzeyi tərəfindən “Qarabağın xalça xəritəsi” layihəsi əsasında Zəfər xalçasının kəsimi gerçəkləşib.
İl ərzində aparıcı qalereyalar tərəfindən uşaq və gənclərin yaradıcılığının inkişaf etdirilməsi, həmçinin əlamətdar tarixi hadisə və yubileylərlə bağlı müxtəlif müsabiqə, sərgi və plenerlər keçirilib.
 
Mədəni irsin qorunması
Mədəni irsin qorunması və bərpası sahəsində görülən işlərdən söz açan Anar Kərimov nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidməti tərəfindən qoruqlarda aparılan işləri diqqətə çatdırdı. Dedi ki, ötən il 155 abidə pasportlaşdırılıb, 10 abidənin mühafizə zonası təyin edilib. Bu abidələrin ümumilikdə 42-si Qarabağa, 30-u isə Şuşaya aiddir. Eyni zamanda Çıraqqala abidəsində bərpa və konservasiya işləri davam etdirilib.
 
“Nizami ili”: ölkəmizdə və xaricdə
Dövlət başçısı tərəfindən ölkəmizdə elan edilən “Nizami ili” çərçivəsində Azərbaycanda və xaricdə 100-dən artıq tədbirin təşkil olunduğunu bildirən nazir vurğuladı ki, TÜRKSOY və UNESCO-da dahi Nizamiyə həsr edilən tədbir və sərgilər böyük şairin irsinin təbliğində mühüm addımlar idi. Qeyd olundu ki, ötən “Nizami ili”nə həsr olunan VII Beynəlxalq Kitab Sərgisində 12 ölkədən 40-dan çox xarici təşkilat və nəşriyyat iştirak edib. Bakıda, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında "İşıq festivalı” adlı audiovizual layihə həyata keçirilib. Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyində Nizaminin 880 illik yubileyi qeyd olunub.
Bundan əlavə, Bakıda və Nizaminin yurdu Gəncədə beynəlxalq festival təşkil olunub. Bu festival çərçivəsində Bakıda 5 ölkədən 40-dan çox nizamişünasın iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Forumu təşkil edilib. İl ərzində dahi şairin “Xəmsə”sinin nəşri də həyata keçirilib.
 
Kitab işi
Bildirildi ki, Mədəniyyət Nazirliyi tərəfindən kitabxanaların fondlarının yeni nəşrlərlə zənginləşdirilməsi və komplektləşdirilməsi diqqətdə saxlanılıb. “Nəşrlərin satınalınması müsabiqəsi”nin təşkilində şəffaflıq və səmərəliliyin təmin edilməsi məqsədilə müsabiqəni nazirlik tərəfindən yaradılan “Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satınalınması üzrə komissiya” həyata keçirib. Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində 60 mindən çox kitab toplanıb. F.Köçərli adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası il ərzində vətənpərvərlik mövzusunda layihələr həyata keçiriblər.
Nazirlik tərəfindən ötən il elan edilən “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi də başa çatıb. Müsabiqəyə 9 ölkədən 225 esse təqdim olunub. Hazırda müsabiqənin qiymətləndirmə prosesi aparılır və qaliblər bu il elan ediləcək.
 
Qarabağa Böyük Qayıdış
Anar Kərimov il ərzində mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası istiqamətində dövlətimiz tərəfindən ardıcıl işlərin həyata keçirildiyini bildirdi. Qeyd etdi ki, işğaldan azad olunmuş Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Laçın və Kəlbəcər rayonları ərazisində Mədəniyyət Nazirliyi tərəfindən ilkin monitorinqlər aparılıb. Bu monitorinqlərin nəticələri beynəlxalq instansiyalara təqdim olunacaq.
Məlum olduğu kimi, dövlət başçısı tərəfindən 2022-ci il ölkəmizdə mədəniyyət paytaxtımızın 270 illiyi şərəfinə “Şuşa İli” elan edilib. Nazirlər Kabinetinin qərarına əsasən, Mədəniyyət Nazirliyi bir sıra dövlət qurumlarının rəylərini nəzərə almaqla əlamətdar il münasibətilə tədbirlər planı hazırlayacaq.
Bildirildi ki, Qarabağımızı mədəniyyətin qaytarılması ötən il diqqətə saxlanılıb, “Böyük Qayıdış – mədəniyyətin dirçəlişi” beynəlxalq konfransı təşkil edilib. Eləcə də Heydər Əliyev Fondu ilə birlikdə uzun illərdən sonra Şuşada “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib. Həmçinin Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının bir neçə konserti dahi bəstəkarın yurdu Şuşada gerçəkləşib.
Anar Kərimov bildirdi ki, nazirlik Zəfər və İşğal muzeylərinin yaradılması üzrə fəaliyyətə başlayıb. Ağdam, Füzuli və Cəbrayıla səfəri zamanı Prezident İlham Əliyev bu muzeylərin təməlini qoyub: “Mədəniyyətin Qarabağa qaytarılması” layihəsi çərçivəsində digər çoxsaylı layihələr də var ki, nazirlik olaraq öz töhfəmizi verməyə çalışırıq. Bu töhfələrdən biri də Heydər Əliyev Fondu və Şuşa qoruğu ilə birlikdə 3 məscid və 3 kilsənin bərpasıdır”.
 
Audiovizual və interaktiv media
Nazir qeyd etdi ki, ötən il audiovizual və interaktiv media sahəsində görülən işlərin əksəriyyəti Qarabağımızın qurtuluşuna həsr olunub. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən hazırlanan “Biz”, “Şuşa, sən azadsan” və “Fulya” filmi “İstimai” TV ilə birlikdə “Görünməyən qəhrəmanlar” 5 hissəli sənədli filmləri bu silsilədəndir: “Ötən il ərsəyə gələn filmlərimiz beynəlxalq festivallarda uğur qazanıb. Qəhrəmanlıq səhifəmizi əks etdirən filmlər üzərində iş davam edir. Qarşıda isə Vətən müharibəsində Zəfər mövzusunda bədii filmin istehsalı nəzərdə tutulur. “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalib layihələrinin filmlərinin çəkilişləri bu il də davam edəcək. “Nizami ili” ilə əlaqədar lentə alınan “Sevgi hekayəsi” filminin bu il başa çatdırılması nəzərdə tutulur”.
Hesabat məruzəsində eyni zamanda “Azərbaycanfilm”də aparılan islahatlar, 12-ci Beynəlxalq Qısametrajlı Filmlər Festivalı, IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı barədə də söz açıldı.
 
Yaradıcı sənayelər və rəqəmsal inkişaf
Anar Kərimov qeyd etdi ki, nazirlikdə ayrıca Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbə yaradılıb. 2022-ci ildə bu sahə prioritet istiqamətlərdən biri olacaq. Yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı hədəfi üzrə Azərbaycan Dizaynerlər Assosiasiyası, Azərbaycan Çağdaş İncəsənət İnstitutu və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının yaradılması da 2021-ci ilin uğurlarındandır. Bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi də qarşıda duran vəzifələrdəndir.
 
Beynəlxalq mədəni əməkdaşlıq
Ötən ilin beynəlxalq mədəni əməkdaşlıq mənzərəsinə nəzər salan nazir diqqətə çatdırdı ki, Azərbaycan ilə Gürcüstan arasında “Yaradıcılıqda qırmızı körpü” yaradılıb. İCESCO Baş direktorunun ölkəmizə səfəri zamanı işğaldan azad edilmiş ərazilərimizə də səfər edib. Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” qlobal kampaniyası, Şuşa şəhərinin qarşıdakı illərdə İslam və Türk dünyasının mədəniyyət paytaxtları elan edilməsi ilə bağlı İCESCO və TÜRKSOY-la səmərəli əməkdaşlıq davam etdirilib. İSESCO-nun Şuşada regional ofisinin yaradılması təklifi də ötən il müzakirə edilib.
Anar Kərimov UNESCO-nun işğaldan azad edilmiş ərazilərimizə texniki heyət göndərmək məsələsində ikili standartlarla qarşılaşdıqlarını bildirdi. Ancaq mədəni irsimizin tanıdılması istiqamətində UNESCO ilə əməkdaşlıq davam etməkdədir. UNESCO ilə əməkdaşlıqda yeni pilot layihələrin hazırlandığını bildirən nazir təşkilatla əlaqələrin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğuladı. Dedi ki, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması məqsədilə “İpəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı”, “Sədəf sənəti”, “Pəhləvan – ənənəvi zorxana oyunları və idman növləri”, “Molla Nəsrəddin şifahi xalq ədəbiyyatı”, “Çay mədəniyyəti” və “Balaban sənətkarlığı və ifaçılıq sənətləri” nominasiya faylları üzrə müraciət ediləcək.
Anar Kərimov 2021-ci ildə Türkiyə, Gürcüstan, Özbəkistan, İtaliya və Misirə rəsmi səfər etdiyini də diqqətə çatdırdı.
 
Media və kommunikasiya
Media və kommunikasiya sahəsində həyata keçirilən işlər barədə danışan nazir bildirdi ki, ənənəvi olaraq CNN və “Euronews” kanallarında il ərzində mədəniyyətimizi təbliğ edən çarxlar nümayiş etdirilib. Eləcə də nazirliyin Media və kommunikasiya şöbəsinin reallaşdırdığı “Mədəniyyətimizin simaları”, “Xristian irsimizi tanıyaq”, “İslam irsimizi tanıyaq”, “Səhnədən səngərə: Şəhidlər” və “Səhnədən səngərə: Qazilər” layihələri ictimaiyyət tərəfindən maraqla qarşılanıb. “Mədəniyyətimin simaları” layihəsi üzrə 56 videoçarx hazırlanaraq təqdim olunub.
 
***
Sonra nazir Anar Kərimov çıxış üçün sözü Naxçıvan MR mədəniyyət naziri Natəvan Qədimovaya verdi. Natəvan Qədimova hesabatında qeyd etdi ki, muxtar respublikasının Mədəniyyət Nazirliyi tərəfindən il ərzində NMR Ali Məclisi sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilib. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması əsasında “Nizaminin sirlər xəzinəsi” adlı tamaşanın onlayn premyerası keçirilib. Ümumilikdə nazirlik il ərzində 75 tədbir reallaşdırıb. Nazirliyin təşkilatçılığı ilə solo oxuma – vokal və xanəndəlik üzrə muxtar respublika müsabiqəsi gerçəkləşib.
***
Daha sonra Azərbaycan Mədəniyyət Nazirliyinin 2021-ci ilə dair hesabatı təsdiq edildi. 2022-ci ilin I yarısı üzrə İş planı müzakirə olundu. Müzakirələrdə Milli Kitabxananın direktoru Kərim Tahirov və Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov öz təkliflərini səsləndirdilər.
Çıxışlardan sonra nazir Anar Kərimov İş planına təkrar baxılmasının vacibliyini qeyd etdi. Diqqətə çatdırdı ki, irəli sürülən layihələr real büdcəyə əsaslanmalıdır. Buna görə də şöbələr iş planını yenidən nəzərdən keçirərək təqdim etməlidirlər.
Sonda nazir bir daha 2022-ci ildə kollegiya üzvlərinə uğurlar arzulayaraq dedi: “Bu il də fəaliyyət və hədəflərimiz məqsədyönlü olmalı və hər birimiz bunun üçün səmərəli fəaliyyət göstərməliyik. Çalışmalıyıq ki, 2022-ci ildə “Şuşa İli” fəaliyyətimizdə ana xətt kimi özünü göstərsin. Mədəniyyət sahəsində çalışan bütün əməkdaşlara cansağlığı və uğurlar arzulayıram”.
22.png (632 KB)


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ