Putin Hitlerin 85 il öncə Çexoslovakiyada etdiyini təkrarlayır – Daha bir Münhen?
Tarix: 10-01-2022, 01:58
Baxılıb: 490
Google+ Paylaş
Tumblr Paylaş

Putin Hitlerin 85 il öncə Çexoslovakiyada etdiyini təkrarlayır – Daha bir Münhen?

10-01-2022, 01:58

Bugün demokratik dövlətlər, bütün dünyaya terror əsdirən Rusiya və onun faşizmi qarşısında çarəsiz vəziyyətdədirlər. Rusiyanın hər aqressiyasından sonra Qərb liderlərindən hansısa biri çıxıb Rusiya ilə əməkdaşlığın vacibliyindən danışır, Rusiyanın könlünü xoş edəcək təkliflər səsləndirir. Bu təkliflərdən başı gicəllənən Rusiya elitası artıq yüksək səslə NATO-nun demontajından danışmağa başlayıb.



Tarix, ondan dərs çıxarmayanları bağışlamır. Dünyanın 5 min illik dövlətçilik tarixinin ən qanlı hekayəsi cəmi 80 il əvvəl olub və oradan çıxarılan dərsləri xatırlamaq üçün heç də köhnə deyil.
Qərb dövlətləri, liderləri II dünya müharibəsinin bitməsindən sonra düz 50 il boyunca 1938, Münhendə Hitlerin qarşısında diz çökməklərinin travmasını yaşadılar, hər oxşar hadisədə Münheni xatırladılar. Çörçill, Kennedi, McMillan, De Qoll, Reyqan və digərləri onlara hər dəfə kompromis təklif olunanda Münheni yada saldılar.
Çox sonralar, Çörçill bu haqda yazacaqdı ki, əgər Münhendə xəttləri daha aydın çəksəydik və Hitlerə geri çəkilməyəcəyimizi aydın şəkildə başa salsaydıq, II dünya müharibəsi olmayacaqdı…


1938-də Çexoslovakiyanı qurban verərək müharibədən qaça biləcəklərini düşünən qərb liderləri, tarixin ən böyük dəhşətini, II dünya müharibəsini inşa etdilər.
Seçkidə tam qələbə qazana bilməyən, prezident Hindenburqun çarəsizlikdən kansler təyin etdiyi Hitler 1933-də rəqib və tənqidçilərini bir zərbə ilə məhv edib Almaniyanın mütləq diktatoru olanda Qərb liderləri bunu Almaniyanın daxili işi adlandırdılar.
Ardınca Hitler, şərqi Avropa dövlətlərinin təhlükəsizliyinin qarantı olan Renn bölgəsinə ordusunu soxanda qərb dövlətləri, bunu Almaniyanın öz ordusunu öz ərazisinə yerləşdirməsi kimi təqdim edib heç nə etməmək siyasətinə sadiq qaldılar. Əslində elə bu cür idi, Almaniya öz ordusunu öz ərazisinə yerləşdirirdi, amma Renn bölgəsi Versalda ona görə silahsızlandırılmışdı ki, sabah Almaniya zəif və hələ oturuşmamış şərqi Avropa dövlətlərinə hücum etmək fikrinə düşərsə, Fransa və İngiltərənin əlində onu təhdid etmək kartı olsun.

Təsadüfi deyil ki, Hitlerin Renn bölgəsinə ordu yeritməsindən 1 gün sonra, Mustafa Kamal Atatürk öz gündəliyində bu sözləri yazmışdı: “Demokratik dövlətlər sonuncu qoruyucu klapanı öz əllərilə Hitlerə hədiyyə etdilər. Onu şərqi Avropa işğalından yayındıracaq heç nə qalmadı. Dünya müharibəsi tezliklə başlayacaq”.
Hitler Renn bölgəsinin ardınca Avstriyaya girdi. Versal müqaviləsi bunu da qadağan edirdi. Lakin, artıq qərb liderlərinin vecinə deyildi Versal. Onların tək məqsədi sülhü qorumaq idi. Və Hitlerin qarşısında diz çökməklə bunu edə biləcəklərini düşünürdülər.
Və tarixlərindəki ən alçaldıcı dərsi aldılar.
1938-ci ilin başlanğıcından etibarən Hitler Çexoslovakiyadakı alman əhalinin hüquqlarının pozulması ilə bağlı çıxışlar etməyə başlamışdı. Bunu alman reyxinin müxtəlif səviyyələrindəki məmurların təhdidedici açıqlamaları müşayiət edirdi. 1938-ci ilin yayından etibarən Hitler özünə çox aqressiv ritorika seçməyə başladı. Qarşısındakı Fransa, Britaniya və ABŞ-ın müharibədən qorxuqlarını, cəsarətsiz olduqlarını yaxşı bilirdi.

Və Hitlerin əsəbkorlayan diplomatiyası tezliklə öz nəticəsini verdi. Fransa və İngiltərə Münhendə keçirilən görüşdə Çexoslovakiya liderlərini əraziləri Hitlerə güzəştə getməyə razı saldılar, bunun qarşılığında isə Hitler Çexoslovakiyanın digər ərazilərini işğal etməyəcəyinə söz verirdi.
Sözünü tutdumu? Əlbəttə ki, xeyr. İnsanlığın tarixi ən sarsaq oxucuya da başına vura-vura öyrədir ki, güclə möhkəmləndirilməyən heç bir müqavilə uzunömürlü ola bilməz.
Hitler 6 ay sonra Çexoslovakiyanın qalanını işğal etdi.
Və məsələnin ən sarsıdıcı və ironiyalı tərəfi odur ki, bir müddətdən sonra qərb diplomatiyasında satqınlığın və diz çökməyin simvolu hesab olunan Münhen anlaşmasından geri qayıdan Böyük Britaniya baş naziri Nevil Çemberlayn bu müqaviləni aeroportda, təyyarədən düşdükdən dərhal sonra əlində yelləyərək “bizim dövrümüzdə sülh” əldə etdiyini deyirdi. Cəmi 1 il sonra isə dünya müharibəsi başladı.

Bugün də Qərb demokratiyaları Putin qarşısında geri çəkilirlər. Bir-bir qurban edirlər müstəqil dövlətləri. Qorxaqca. Düşünürlər ki, bununla sülhü qoruyacaqlar. Münhen isə çox yox, cəmi 85 il əvvəl olub…
Və ən ağrılısı odur ki, indi yeni bir Hitler xortlayıb, amma bu dəfə onun qarşısına çıxacaq Çörçill və Ruzvelt yoxdur…
Müəllif: İlkin Rüstəmzadə


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ