Qazaxıstanı 2-3 minlik əsgərlə Rusiyaya tabe etmək MÜMKÜN DEYİL - Tofiq Zülfüqarov
Tarix: 7-01-2022, 23:00
Baxılıb: 699
Google+ Paylaş
Tumblr Paylaş

Qazaxıstanı 2-3 minlik əsgərlə Rusiyaya tabe etmək MÜMKÜN DEYİL - Tofiq Zülfüqarov

7-01-2022, 23:00

“Putin SSRİ-ni hansısa formada bərpa etmək istəyir” iddiasını doğru hesab etmirəm..”
“Düşünürəm ki, 2022-ci ildə istər Qarabağ, istər Zəngəzur dəhlizi ilə bağlı digər problemlərin həlli istiqamətindəki müsbət tendesiyalar davam edəcək...”

Bir sıra şərhçilər Qazaxıstan hadisələrindən sonra artıq Kremlin, konkret olaraq Putin hakimiyyətinin keçmiş müttəfiq respublikalara qarşı niyyətinin tam aşkar edildiyini bildirir. Yəni söhbət Rusiya imperiyasının keçmiş SSRİ sərhədlərində bu və ya digər formada bərpasından gedir. Eyni məntiqlə bu günlərdə Rusiya ordusunun başçılığı ilə Ermənistan hərbçilərinin də iştirakıyla bir növ “koalisiya qüvvələri” KTMT adıyla faktiki olaraq Qazaxıstana təcavüz edib. Azərbaycanın Qarabağ torpaqlarında isə Rusiya hərbi qüvvələri artıq bir ildən çoxdur ki səhv, ya doğru qərar verməyimizdən asılı olmayaraq “sülhməramlı” adı altında öz bildikləri kimi davranırlar. Görəsən, belə bir məqamda, baş verən son olaylar fonunda 2022-ci ildə Qarabağdakı və Ermənistanla sərhəddəki, eləcə də Zəngəzur yoluyla bağlı proseslər hansı yöndə inkişaf edəcək...

Reportyor.org xəbər verir ki, mövzu ilə bağlı Moderator.az-a açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov öz proqnozlarını diqqətə çatdırıb.

“Əvvəla, mən o ideyanın tərəfdarı deyiləm ki, guya Putin SSRİ-ni hansısa formada bərpa etmək istəyir. Bu, mümkün olan məsələ və doğru iddia deyil. Və oraya 2400 hərbçinin daxil olması hələ dünyanın axırı deyil. Ona görə ərazicə Fransadan 4,2 dəfə böyük olan Qazaxıstanı bir neçə minlik əsgərlə Rusiyaya tabe etdirmək mümkünsüzdür. Yəni əsas səbəb bu deyil. Əsas səbəb başqadır. Məsələ ondan ibarətdir ki, dünyada və regionda ciddi geo-siyasi proseslər başlayıb. Və həmin proseslərin mahiyyəti ondan ibarətdir ki, ABŞ və Çin arasında ciddi rəqabət və qarşıdurma prosesi gedir. Artıq bu, açıq şəkildə bəyan edilir. Və hesab edirəm ki, hazırda Qazaxıstanda baş verən proseslər birbaşa bununla bağlıdır. Bəs nə üçün biz burada Moskvanın fəallaşmasını götrürük? Çünki deyilən qarşıdurmada bir nüvə dövləti olaraq Rusiyanın hansı mövqe tutacağı, neytral mövqedə qalacağı, yaxud hansısa tərəfin yanında olacağı müəyyən olunur. Bu, hazırkı mərhələdə ən əsas məsələlərdən biridir. Amma indi hələlik məsələ o yerdədir ki, hadisələrin necə inkişaf edəcəyini təsəvvür etmək hələ də çətindir. Bununla belə, əminəm ki, proseslər SSRİ-nin bərpası, yaxud “Sovet İttifaqı №2” planı ilə yox, qeyd etdiyim məsələlərlə bağlıdır. Yəni özümüzü bu qədər də qorxutmamalıyıq” – bunları söyləyən keçmiş nazir Azərbaycanla bağlı proseslərin gələcəyindən də danışıb:

“Bu fonda Azərbaycan və Ermənistanla bağlı proseslərə gəldikdə, hesab edirəm ki, artıq Qarabağ məsələsi həll olunub. Bu, bəllidir. Artıq ötən ildəki proseslər və beynəlxalq səviyyədə olan təmaslar onu göstərir ki, hamı Azərbaycanın qalib olduğu müharibənin nəticələrini tanımağa, qəbul etməyə məcbur olub. Ona görə də düşünürəm ki, 2022-ci ildə istər Qarabağ, istər Zəngəzur dəhlizi ilə bağlı digər problemlərin həlli istiqamətindəki müsbət tendesiyalar davam edəcək. O ki qaldı Laçın dəhlizi mövzusuna, Ermənistan açıq şəkildə bəyan edib ki, Zəngəzurda onun suverenliyi qalmaq şərti ilə oradan keçən yolların açılmasına icazə verəcək. Zənnimcə, oxşar formul Laçın yolunda da tətbiq olunmalıdır. Yəni təhlükəsizlik baxımından bəlkə də Rusiya hərbçiləri öz rolunu oynamaqda, post-partul xidmətini-filanı təşkil etməkdə davam edəcəklər. Amma Azərbaycanın dəhlizdəki dövlət sərhədinə giriş-çıxış, gömrük və s. məsələlərin icrasını müvafiq dövlət qurumlarımız həyata keçirməlidirlər".

“Qarabağ məsələsi həll olub” deyirik, fəqət, torpaqlarımızda hələ də Kremlin faktiki olaraq həm siyasi, həm də mənəvi-ideoloji və sosial cəhətdən himayə etdiyi separatçı-terrorçu ünsürlər və onların silahlı qüvvələri qalmaqda, təxribatlarını davam etdirməkdədırlər. Separatçı rejimin qanunsuz “parlamenti”, “xarici işlər nazirliyi”, “ombudsmanı” və s. iki gündən bir əleyhimizə bəyanatlar verir, xaricə səfərlər edir və s. Bütün bunlar gələcək üçün təhlükə yaratmırmı?” sualını isə Tofiq Zülfüqarov qısa şəkildə cavablandırıb.

“Demirəm ki, təxribatlar olmayacaq. Sadəcə demək istəyirəm ki, artıq strateji baxımdan Ermənistan və Qarabağda yerləşmiş separatçı qüvvələr üçün heç bir şans qalmayıb və əsas göstərici ondan ibarətdir ki, oradakı separatçı ruhlu şəxslərin xaricə axını başlayıb və həmin axın gündən-günə güclənəcək. Qarabağdan erməni köçünü gücləndirən əsas amillərdən biri də, inşallah, bu ildən işğaldan azad torpaqlarımıza soydaşlarımızın kütləvi qayıdışının başlanacağı haqda xəbərlərdir. Və təbii ki, həmin proses separatçılara böyük mənəvi-ideoloji təzyiq olacaq. Beləliklə, Qarabağda faktiki məskunlaşan ermənilərin sayı azaldıqca oradakı separatçı meyillər də sıfıra yaxınlaşacaq”- deyə sabiq baş diplomat vurğulayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ