Qazaxıstanda baş verənlərin planı 2020-ci ildə hazırlanıb? - Politoloq DETALLARI AÇDI
Tarix: 7-01-2022, 19:02
Baxılıb: 433
Google+ Paylaş
Tumblr Paylaş

Qazaxıstanda baş verənlərin planı 2020-ci ildə hazırlanıb? - Politoloq DETALLARI AÇDI

7-01-2022, 19:02

Son günlər bütün dünyanın diqqəti Qazaxıstana çevrilib. Qardaş ölkədə birdən-birə baş verən hadisələrin arxasındakı məqamlar indi bütün dünya ekspertlərinin baş sındırdığı əsas məsələlərdəndir. Qazaxıstandakı təxribatların arxasındakı qüvvələr kimdir? Nə üçün Qazaxıstan bu duruma düşdü? – suallarına aparıcı beyin mərkəzləri cavab tapmağa çalışır.
Bəs Türk Dövlətləri Təşkilatı (TDT) Qazaxıstanla bağlı hansı mövqeni sərgiləyəcək? Türkdilli dövlətlərin birgə bəyanatı nədən xəbər verir? Qazaxıstan bu tarixi sınaqdan üzüağ çıxaraq dövlətçiliyini qoruya biləcəkmi?
Publika.az 2022-ci ilin ilk “Cümə söhbəti”ni Qazaxıstanda baş verən hadisələrə həsr edib. 
Politoloq Qabil Hüseynli “Cümə söhbəti”nə müsahibəsində deyib ki, baş verən hadisələrin planı hələ 2020-ci ildə hazırlanıb.
- Qabil müəllim, Qazaxıstanda nə baş verir? Pərdəarxasındakı məqamlar nələrdir? 
- Qazaxıstanda baş verən hadisələrin səbəbləri ilə bağlı yeni-yeni məlumatlar üzə çıxır. Amerikadakı strateji araşdırma mərkəzlərindən biri bu günlərdə maraqlı informasiya paylaşdı. Bildirildi ki, hələ 2020-ci ildə Rusiyanın cənub sərhədlərinin “təhlükəsizliyi” və bu istiqamətdə rusların ata biləcəkləri addımlarla bağlı müzakirələr aparılıb. Həmin məsləhətləşmələrin Rusiyanın rəsmi dairələrində aparıldığı yazılır. Əksər siyasi ekspertlər belə hesab edirlər ki, Qazaxıstanda hadisələrin birdən-birə başlaması sadəcə olaraq bir bəhanə idi. Qazaxıstanı qarışdırmaq və ölkəni indiki siyasi kursundan geri çevirmək üçün illərdir ki, iş aparılırmış. Bu iş Qazaxıstanın şimal qonşusu Rusiyada hazırlanırmış. Daxildəki “beşinci kolon”u ciddi şəkildə səfərbər ediblərmiş. 
- Buraya kimlər daxildir?
- “Beşinci kolon”un sıralarına tarixi terminlə desək, komprador burjuaziya, bundan başqa, Rusiya ilə iş birliyində olan müxtəlif oliqarxlar daxildir. Onu da deyim ki, həmin oliqarxların bir qismi artıq ailələrini də Qazaxıstandan çıxarıblar. Onların bəziləri hətta ölkədən də qaçıblar. Bu proseslərin əsas təşkilatçılığını isə Rusiyanın Qazaxıstandakı agentura şəbəkəsi təşkil edib. Həmin agentura şəbəkəsi uzun müddət əhalini Qazaxıstan hakimiyyətinə qarşı etiraz çıxışlarına hazırlayırmış. Amma bu iş çox illeqal və məxfi şəraitdə aparılıb. Eyni zamanda, Qazaxıstan xüsusi xidmət orqanlarının yarıtmaz və səriştəsiz fəaliyyəti də burada xüsusi vurğulanmalıdır. Ona görə də dövlətə qarşı hazırlanan bu cür tədbirlər vaxtında aşkar edilməyib. Vaxtında baş verən bütün bu hadisələrə qarşı heç bir tədbir görülməyib. 
- Bəs hadisələr vətəndaş müharibəsinə çevrilə bilərmi?
- Xeyr, vətəndaş müharibəsi mümkün deyil. Sadəcə olaraq, Rusiyanın sülhməramlı qüvvələri adı altında oraya 14 minlik desant dəstələrinin yerləşdirilməsi qarşıdurma meyllərini gücləndirə bilər. Zənnimcə, qazax cəmiyyəti kifayət qədər şüurlu siyasi mədəniyyətə malikdir. Onlar bu məsələnin məğzini anladıqdan sonra öz dövlətçiliklərini qorumaq istiqamətində daha çox səfərbər olmağa başlayacaqlar. İndiyə qədər iğtişaşların qarşı tərəfində pulla ələ alınmış, öyrədilmiş quldur dəstələri var idi. Düşünürəm ki, həmin quldur dəstələri Qazaxıstanın daxili qoşunları, çevik polis alayları tərəfindən ram ediləcək. Təəssüflər olsun ki, proses gözüqızmış bir ölkənin lideri tərəfindən istiqamətləndirilir. Qazaxıstanın indiki rəhbəri Tokayev isə siyasi səriştəsizliyi və kifayət qədər şübhəli davranışları ilə diqqət çəkdi. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi kontingentini ölkəyə dəvət etməklə qazaxıstanlılar arasında etibardan düşmüş kimi görünür. Onun bundan sonra prezident kimi hansı formada fəaliyyət göstərəcəyini çətinliklə təxmin etmək olar. Hər halda, bu proseslərin hamısının ölkənin ilk prezidenti Nursultan Nazarbayevə qarşı çevrildiyini, Nazarbayevin son dövrdəki fəaliyyətləri, xüsusən, onun Türk Dövlətləri Birliyində təşəbbüskar rolu, ölkənin kiril əlifbasından latın qrafikalı əlifbaya keçməsindəki təşəbbüskarlığı, nəhayət, bu yaxınlarda rəsmi dövlət dili statusu olan rus dilinin həmin statusdan məhrum edilməsi zənnimcə, Rusiyanı əsəbiləşdirdi. Buna görə də Moskvadan “hərəkətə keçmək üçün” əmr planı verildi. Bu plan da “beşinci kolon”un üzvləri, o cümlədən, korrupsiyaya bulaşmış müəyyən elementlər, oliqarxlar və başqaları bu prosesin hərəkətverici qüvvəsinə çevrildilər. İnsanları təəccübləndirən də odur ki, həmin “etirazçılar”, əslində quldurlar qısa müddətdə silah əldə etdilər. Avtomatlarla silahlandılar. Onlar Almatıda ölkənin polis qüvvələrinə qarşı ciddi müqavimət göstərərək şəhərin hava limanını da tuta bildilər. Hazırda həmin hava limanı quldurlardan azad olunub. Onların nəzarətə alınması istiqamətində əməliyyatlar davam etdirilir. 
- TDT üzvləri Qazaxıstanda baş verənlərlə bağlı hansı mövqeyi sərgiləməlidir? Qazaxıstan dövlətçiliyinin qorunub saxlanması istiqamətində təşkilatın hansısa rolu ola bilərmi?
- Mütləq olmalıdır. Türk Dövlətləri Təşkilatı uzun müddət başqa ad altında fəaliyyət göstərsə də, bu gün həmin qurum kifayət qədər ciddi təşkilata, beynəlxalq quruma çevrilib. Son İstanbul Zirvəsində Türk Dövlətləri Təşkilatının fəxri sədri Nursultan Nazarbayev seçilmişdi. Zənnimcə, Türkiyə bu istiqamətdə ciddi addımlar atmalıdır. Azərbaycan da öz növbəsində Türkiyə ilə birgə hərəkət edəcək. Məsələn, Qırğızıstan prezidentinin bəyanatı mənim çox xoşuma gəldi. 
- Yeri gəlmişkən, Qırğızıstanın Qazaxıstana sülhməramlılar göndərməklə bağlı mövqeyini necə qiymətləndirirsiniz? 
- Qırğız Respublikasının prezidenti parlamentdəki çıxışında bildirdi ki, Bişkek 100 nəfərlik bir hərbi kontingent göndərməyi qərara alıb. Prezident Japarov bildirdi ki, qazaxlar bizim qardaşlarımızdır. Bildirdi ki, qırğız əsgərlər onlara atəş açmayacaqlar. Sadəcə olaraq asayişi qoruyacaqlar. Eyni zamanda, qardaş Qazaxıstanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxaran hallara qarşı barışmaz olacaqsınız. Məncə, bu, çox düzgün bir mövqedir. Amma görünən odur ki, Qırğızıstandan fərqli olaraq Rusiya 2 gün ərzində Qazaxıstana 14 min nəfərlik desant qüvvələri atıb. KTMT-ni hələ ki, Rusiya təmsil edir. O biri ölkələr hələ ki, qoşun göndərməyiblər. Hətta Qazaxıstana göndərilən desant qüvvələrinin komandanı Rusiya Quru Qoşunlarının komandanı təyin olunub. Bu onu göstərir ki, bu əməliyyat çoxdan hazırlanıb. Beynəlxalq təşkilatlar, bir çox ekspertlər də hesab edir ki, bu əməliyyatların planı hələ 2020-ci ildən ərsəyə gəlib. Rus dilinin rəsmi dil statusundan məhrum edilməsindən sonra Qazaxıstana daxil olmaq üçün düyməyə basılıb. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ