Həbsdə olan cərrah metamfetamini “Lazur” hospitalının resepti ilə alıb - TƏFƏRRÜAT
Tarix: 6-01-2022, 11:10
Baxılıb: 491
Google+ Paylaş
Tumblr Paylaş

Həbsdə olan cərrah metamfetamini “Lazur” hospitalının resepti ilə alıb - TƏFƏRRÜAT

6-01-2022, 11:10

Narkotik ittihamı ilə həbs edilən ürək- damar cərrahı Elşən Əliyevin cinayət işi üzrə təfərrüatlar məlum olub. Həkim məhkəmədə narkotik tərkibli dərmanların istifadəçisi olduğunu etiraf edib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılan Elşən Əliyevə qarşı irəli sürülmüş ittihamda yazılır ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə cərrahın narkotik və güclü təsir edən dərmanların satışıyla məşğul olması haqda informasiya daxil olub. Bunun əsasında da əməliyyat keçirilib, Elşən Əliyev küçədə saxlanılan zaman onun üzərinə baxış keçiriləndə 12,711 qram kustar üsulla hazırlanmış metamfetamin və 84 ədəd preqabalin həbi tapılıb.
Amma Elşən Əliyev polislərin evinə gəldiyini deyib.
Özünü qismən təqsirli bilən E.Əliyev ifadəsində bildirib ki, psixi vəziyyətlə əlaqədar psixotrop maddə olan metamfetamindən istifadə edib.
O, metamfetamini müxtəlif şəxslərdən aldığını söyləyib. Sonuncu dəfə isə 5 nömrəli Şəhər Klinik Xəstəxanasının qarşısında yerləşən “Zəfaran” aptekdən reseptlə əsasında 6 ədəd konvolyutda preqabalin maddəsini alıb.
“Sonra kirayədə qaldığım evə getdim. Axşam saatlarında 8-9 nəfər polis əməkdaşı gəldi. Özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etdilər. Mənə bildirdilər ki, narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilinirəm. Mən də şəxsi istifadəm üçün aldığım metamfetamini könüllü şəkildə onlara təqdim etdim. Hətta polislərdən xahiş etdim ki, icazə versinlər, suya qatıb içim”- deyən E.Əliyev daha sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldığını deyib.
Əməliyyat zamanı bir bükümdə novakain tozu, bir bükümdə nişasta və bir bükümdə sağalmaz yaraların müalicəsində istifadə edilən müxtəlif növ dərmanların qarışığından hazırlanmış toz da onun evindən aşkar edilərək götürülüb.
E.Əliyev son sözündə özünü sadəcə narkotik vasitənin istifadəsində təqsirli bildiyini deyib.
Onu da bildirək ki, Elşən Əliyev narkotik vasitəni almaq üçün resepti “Lazur” hospitalından alıb.
Məhkəmə ittihamın sübuta yetirildiyi qənaətinə gəlib.
Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Elşən Əliyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.3.2-cü (güclü təsir edən külli miqdarda maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələrilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Elşən Əliyev uzun müddət “TuranMed”, “Real” klinikalarında çalışıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ